"Bunun səbəbi təkcə məcburi köçkünlər deyil" - ekspert

28-07-2021, 08:49           
"Bunun səbəbi təkcə məcburi köçkünlər deyil" - ekspert
İşğaldan azad olunan rayonlarımızda bərpa və yenidənqurma işləri çox böyük sürətlə aparılır. Hər şey 30 il öncə məcburi köçkün düşən vətəndaşların oraya ən qısa müddətdə qaytarılmasına və bu torpaqlarda yeni həyatın başlamasına hesablanıb. Artıq yol və kommunikasiya xətlərinin çəkilməsi istiqamətində xeyli işlər görülüb, bir neçə istiqamətdən nəqliyyat infrastrukturu yaradılır.

Bərpa prosesi, tikinti işləri həm də xeyli yeni iş yerlərinin yaranması deməkdir. Ancaq bütün bunlar əmək bazarı üçün müvəqqəti yüksəlmələrdir. İqtisadçı ekspertlər hesab edir ki, Qarabağ və ətraf rayonların digər bölgələrimizin taleyini yaşamaması üçün vətəndaşlar oraya ilk növbədə ərazi prinsipi ilə yox, iqtisadi maraqları baxımından cəlb edilməlidir. Paytaxtda və rayonlarda işsiz qalan, iqtisadi çətinliklə üzləşən vətəndaşlar üçün bu torpaqlar yeni yaşam şərtləri, fürsətlər təqdim etməlidir ki, orada daha çox vətən həsrəti ilə gedən yaşlı insanlar deyil, bütün bölgələrdən olan gənclər, işçi qüvvəsi axın etsin. Hazırda dövlət daha çox bu ərazilərdə iş yerləri olaraq tikinti sektorunu və dövlət büdcəsindən maliyyələşən təşkilatlardakı iş yerlərini nəzərdə tutub. Bundan başqa, kənd təsərrüfatı və turizm istiqamətində də bölgənin inkişaf etdiriləcəyi ilə bağlı anonslar var. Lakin bütün bunlar ən qısa müddətdə yerli əhalinin və sahibkarların üzünə açılmalıdır. Dövlət təşkilatçı yox, daha çox sifarişçi və tənzimləyici funksiyanı öz üzərinə götürməlidir. Bundan başqa, Qarabağ və ətraf rayonların kənd təsərrüfatı da xammal üzərinə qurulsa, bunun digər bölgələrdən bir fərqi olmayacaq. Bu mənada iqtisadçılar daha çox sənaye iqtisadiyyatının qurulması istiqamətində strateji proqramların hazırlanmasını zəruri hesab edirlər. Əgər günümüzün ən böyük problemi Bakının urbanizasiya məsələsidirsə, işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdış prosesi bu problemin həlli üçün mühüm fürsətdir.

İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Bakıdan əhalinin azaldılması və regionlarda əmək bazarının yaranması üçün ciddi bir fürsət yaranıb: “İşğaldan azad olunmuş torpaqlarımızda iqtisadi fürsətlər yaratmasaq, insanlarımızı işlə təmin etməsək oraya insanların köçürülməsinin mənası olmayacaq. Azərbaycan müstəqillik qazananda Bakı şəhərinin əhalisi rəsmi rəqəmlərə görə 1,7 milyon nəfər olub. İndi 4 milyona yaxınlaşır. Bunun səbəbi təkcə məcburi köçkünlər deyil. Niyə insanlarımız Lənkərandan, Astaradan, Qubada, Qusardan, Zaqataladan Bakıya köçürlər? Çünki iqtisadi fürsətlər Bakıdadır. Təsəvvür edin ki, Ağdamı, Füzulini, Qubadlını, Laçını, Kəlbəcəri və digər rayonları bərpa edirik, insanlar vətən sevgisi ilə oraya köçür. İş-güc olmasa, 6 aydan sonra hamısı geri qayıdacaq. Biz o torpaqları iqtisadi fürsətlər məkanına çevirməliyik. Təkcə oranın yerli əhalisi yox, istənilən insan bu rayonlara köçə bilməlidir. Bu Bakının da bir çox problemlərini həll edəcək”.

UNEC-in professoru Elşad Məmmədov da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Qarabağın iqtisadi fürsətlər məkanına çevrilməsi üçün Azərbaycanda son 30 ildə reallaşdırılan iqtisadi model kökündən dəyişməlidir: “Əgər biz 90-cı illərdən sonra postsovet məkanında, xüsusən də Azərbaycan reallaşan iqtisadi modelin strukturuna nəzər salsaq, onu təhlil etsək, görərik ki, bu model Azərbaycanı və bölgənin digər dövlətlərini yalnız xammal sektorunun inkişafına köklədi. Belə olan halda isə Azərbaycanın əsas xammal resursları Bakı və Bakı ətrafındadır. Ona görə də son 30 ildə bölgələrin əhalisi Bakıya axın etdi. Bu səbəbdən mövcud iqtisadi model tam şəkildə dəyişməsə, bölgələrdə iqtisadi inkişafın təmin edilməsi mümkün olmayacaq. Bu iqtisadi modeli isə bizə beynəlxalq institutlar, əsasən də Beynəlxalq Valyuta Fondu çox təkidlə, təzyiqlə reallaşdırmağı diqtə etdi. Bu model çərçivəsində Azərbaycanda məhsuldar qüvvələrin, əmək resurslarının tarazlı şəkildə, proporsional olaraq yerləşdirilməsi qeyri-mümkündür. Bu iqtisadi model əsasən xarici investisiyalar hesabına iqtisadiyyata təkan verilməsinə köklənib. Xarici investisiyalar isə ilk növbədə mənfəət haradadırsa, oraya istiqamətlənir. Mənfəət isə ixracatda və ixracatın xammal sektorundadır”.

Professor hesab edir ki, xammal sektorunun yaradılması, inkişaf etdirilməsi və ixraca yönəldilməsi üçün regional iqtisadi inkişafa ehtiyac yoxdur: “Ona görə də bizə nəinki Qarabağı , digər bölgələri də götürsək görərik ki, son 30 ildə rayonlarda iqtisadi inkişaf tarazlı olmayıb. Regionlardan bütün əmək resursları ya başqa ölkələrə, əsasən də Rusiyaya, ya da Bakıya istiqamətlənib. Bu baxımdan iqtisadi idarəetmə modeli dəyişməsə, biz hansısa kosmetik dəyişikliklərlə regionların inkişafını təmin edə bilməyəcəyik. Ölkə Prezidenti də bildirib ki, biz işğaldan azad olunan rayonların timsalında bütövlükdə Azərbaycanda yeni iqtisadi modelin formalaşmasına nail olmalıyıq. Bu model ölkədə strateji planlaşdırmaya söykənən tarazlı regional iqtisadi inkişafa şərait yaratmalıdır. Əks halda, digər bölgələrdə gənc nəslə aid nümayəndələr çox az qaldığı kimi, işğaldan azad olunan bölgələrdə də belə ola bilər. Bu bölgədə biz hansısa işğüzar fəallığı, əmək resurslarının o bölgəyə getməsinin planlarını indidən qura bilmərik. Bu özümüzü aldatmaqdan başqa bir şey olmayacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.