Süleyman Mikayılov Lökbatanda, İ.Nəbiyev küçəsində yaranmış vəziyyətə niyə biganə yanaşır?

28-07-2021, 12:30           
Süleyman Mikayılov Lökbatanda, İ.Nəbiyev küçəsində yaranmış vəziyyətə niyə biganə yanaşır?
Lökbatan qəsəbəsindəki İntiqam Nəbiyev küçəsində bir məhəllə yaxınlıqda olan binanın bir qrup sakinləri tərəfindən xeyli müddət əvvəl zəbt olunduğundan,digər qonşuların rahatlığı pozulub. Redaksiyamıza verilən məlumatlara görə sözügedən küçədəki 1,21 və 45 saylı binaların həyətləri bir neçə sakin tərəfindən qanunsuz olaraq tamamilə zəbt edilib.Qaradağ rayon İcra Hakimiyyətinin rəsmiləri isə bu binaların qarşısında yaradılmış xaos vəziyyəti görməzdən gəlirlər. Binaların həyətində uşaqların oynaması üçün,yaşlı sakinlərin dincəlməsi üçün demək olar ki,yer qalmayıb. Həyətdəki yanğınğınsondürmə quyusunun üstündə belə tikinti işləri aparılıb,bəzi şəxslər tərəfindən qaraj kimi istifadə edilir. Çoxsaylı şikayətlərə baxmayaraq həmin bu bəzi şəxslər həyətin abadlaşdırılması üçün gələn rəsmi şəxsləri də ələ aldıqları bildirilir. Məlumatlara görə rayon İcra hakimiyyəti başçısının müavini Nadir Muradov tez -tez bu əraziyə baş çəkir. Hər gəlişində qarajların sökülməsini sakinlərə xatırlatsa da, nədənsə icra etməyə tələsmir. Məhəllənin sakinləri isə əlacsızlıqdan qəsəbədə salınmış “Cırtdan” parkına üz tutrlar. Verilən məlumatlara görə sözügedən park qeyri rəsmi olaraq rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun oğlu tərəfindən idarə olunur. Burada uşaqların əylənməsi və istirahət etməsi üçün yüksək səviyyədə şərait yaradılıb.Lakin bu da hamının cibinə uyğun gəlmir.Belə ki, uşaqlar adi yellənçəyə belə pul ödəməli olurlar.

Aktualinfo.org ötən il qəsəbənin İntiqam Nəbiyev küçəsində,1, 21 və 45 saylı binaların həyətlərində sakinlərin asudə vaxtlarını keçirmələri üçün abadlıq işlərinin aparılmadığı barədə məqalə yaymışdı.Məlum olduğu kimi,Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, Bakı şəhərində və ətraf qəsəbələrdə təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində bu gün paytaxtın bütün rayonlarında onlarla belə məhəllələr sakinlərin ixtiyarına verilib. Lökbatan qəsəbəsindəki İntiqam Nəbiyev küçəsinin sakinləri də bu ümidlərlə aidiyyatı qurumlara çoxsaylı müraciətlər ünvanlayır, həlli tapılmayan bu problemləri ictimai qınaq obyektinə çevirmək üçün mətbuata üz tutrlar.Həm də səslərini IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya çatdırmaq istəyirlər ki,onların da problemlərinin həll olunması üçün Qaradağ rayon İcra Hakimiyyəti başçısına göstəriş versin.

Sakinlərin çoxsaylı müraciətlərinə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov heç reaksiya belə vermir. Başçının müavini Nadir Muradovun verdiyi cavablar isə formal xarakter daşıyır. Belə formal yazışmaların birində Nadir Muradov sözügedən küçənin sakini Mustafayev Fariz Hümbət oğlunun şikayət məktubuna belə cavab verir;

Sizin yaşadığınız ərazidə torpaq sahəsinin zəbt edilməsi faktı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış müraciətlərinizə aidiyyəti üzrə baxılmışdır.

Müraciətlərinizlə əlaqədar araşdırma aparılmış və müəyyən edilmişdir ki, sözügedən ərazidə sakinlərə xidmət üçün “Xeyir-şər evi” vardır və eyni zamanda həmin ərizədə bir neçə məcburi köçkün ailəsi məskunlaşmışdır. (arayış işə əlavə olunur).

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2004-ci il 1 iyun tarixli 298 nömrəli “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərancamının 2-ci bəndinə əsasən məcburi köçkünlərin 1992-1998-ci illərdə mülkiyyət formasından asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması onlar öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələr və evlərə köçürülənədək dayandırılmışdır.

Məcburi köçkünlər ev və mənzillərlə təmin olunduqdan sonra tərəfinizdən qaldırılan məsələ həllini tapacaqdır.

Qeyd edək ki, Süleyman Mikayılovun müavini Nadir Muradov özü də bilmədən İcra Hakimiyyətinin ərazidən heç xəbərdar olmadığını ortaya qoyub. Belə ki,redaksiyamıza müraciət edən sakinlərin sözlərin görə hazırda sözügedən məhəllədə heç bir məcburi köçkün ailəsi məskunlaşmayıb.Ərazidə məskunlaşmış bir məcburi köçkün olub ki,o da artıq Qobu qəsəbəsində yaşayır. Müavini Nadir Muradovun məktubda xüsusilə qeyd etdiyi “Xeyir-şər evi” məhz burada yaradılmış xaos vəziyyətə görə işlənməz hala gəlib,baxımsızlıqdan bərbad vəziyyətdədir.Məhəlləni zəbt edənlər isə binada daimi qeydiyyatda olan bir neçə sakindir ki, qeydiyyatda olduqları evləri övladlarına verərək ərazidə qeyri qanuni yollarla mənzil tikib orada yaşayırlar,ya da kirayə veriblər. Sakinlərin sözlərinə görə dəfələrlə İcra Hakimiyyəti başçısına müraciət ediblər. Hər müraciətdən sonra məhz məktub müəllifi,müavin Nadir Muradovun göstərişi ilə gəlib ərazinin təcili boşaldılması barədə xəbərdarlıq edirlər. Lakin hansısa sehirli qüvvənin sayəsində müavin Nadir Muradovun göstərişi icra olunmamaış qalır. Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov isə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Namizəd İsmayılovla birləşərək Lökbatan qəsəbəsinin abadlaşdırılması barədə görüntülər yaradırlar.Sual oluna bilər ki,niyə məhz Namizəd İsmayılovla birgə. Çünki hazırda Lökbatanda yolların təmiri və məhəllələrin abadlaşdırılması işlərini satınalmalar yolu ilə məhz Qaradağ Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi həyata keçirir, ayrılan vəsaitə isə birgə nəzarət edirlər. İntiqam Nəbiyev küçəsindəki məhəllə isə qəsəbənin mərkəzi olmasına baxmayaraq nəzarətdən kənarda qalıb.

Aktualinfo.orgшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.