Özəl sektorun postpandemiya hazırlığı: İtirilmiş fürsətləri qaytarmaq mümkündürmü? - NƏ ETMƏLİ?

16-10-2021, 10:07           
Özəl sektorun postpandemiya hazırlığı: İtirilmiş fürsətləri qaytarmaq mümkündürmü? - NƏ ETMƏLİ?
Xəbər verdiyimiz kimi, “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası” layihəsi hazırlanaraq, İqtisadi Şurada müzakirə edilib. Verilən məlumata görə, strategiyanın həyata keçirilməsi dörd başlıca istiqamət üzrə dəyişikliklərə səbəb olacaq. Dövlət şirkətlərinin gəlirliliyinin artırılması, rəqabətli və şəffaf fəaliyyətinin təmin edilməsi, dövlət vəsaitlərinin səmərəli xərclənməsi, dövlətin borc dayanıqlığının yüksəldilməsi. Postpandemiya dövrünə adaptasiya məqsədilə hazırlanan layihə iqtisadi çevrələrdə əsas müzakirə mövzusudur.

Bəs görəsən koronavirus pandemiyasının son iki ildə vurduğu zərəri neçə ilə aradan qaldırmaq mümkün olacaq? AYNA mövzunu özəl sektor təmsilçiləri ilə müzakirə edib.

Türkiyə İxracatçılar Məclisinin (TİM) sədri, dünya şöhrətli iş adamı Səlahəddin Kaplan AYNA-ya açıqlamasında bildirib ki, pandemiya dövründə özəl sektor böyük zərərə məruz qaldı: “Çünki dövlətlər məqsədli şəkildə iqtisadi fəallığı azaltdılar. Arqument isə kifayət qədər tutarlı idi. Ortada insanların sağlamlığı müzakirə mövzusu olduğuna görə, buna gedilməli idi. Şübhəsiz ki, pandemiya hələ bitməyib və koronavirus infeksiyasının payız aylarında yenidən şiddətlənəcəyi gözlənilir”.

“Lakin bir müsbət məqam da var ki, virusa qarşı peyvənd kəşf olunub və milyardlarla insan vaksinasiyadan keçib. Mən özüm də dörd dəfə peyvənd olunmuşam. Təbii ki, virusun nə zaman bitəcəyi məlum deyil və bu səbəbdən karantin qaydalarını sərtləşdirmək iqtisadi sektoru tamamilə müflis etmək demək olar. Yəqin ki, buna gedilməyəcək. Hesab edirəm ki. Karantin qaydaları sərtləşdirilməsə, özəl sektor özünə gələcək. Qarşıdakı aylar özəl sektorun inkişafı baxımından keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq”.

TİM sədrinin sözlərinə görə, postpandemiya dövrü artıq başlayıb: “Heç şübhəsiz karantin qaydalarının sərtləşdirilməsi qərarından imtina olunması həm dövlətlərin iqtisadi həyatında, həm də özəl sektorun fəaliyyətində canlanma yaradacaq. Nəticədə alıcılıq qabiliyyəti yüksələcək. Sözsüz ki, bu müəyyən mənada infilyasiyaya da yol açacaq. Lakin gəlirlər də artacaq. O ki qaldı pandemiyanın vurduğu zərərin aradan qaldırılmasına, buna zaman lazımdır. “Nə qədər zaman lazımdır” sualına isə qəti cavab vermək mümkün deyil”.

“Bir məqamı da vurğulamaq istəyirəm ki, pandemiya bəzi sahələrin tənəzzülünə, bəzi sahələrdə isə durğunluğa səbəb olsa da, ümumilikdə rəqəmsal texnologiyaların inkişafı, yeni biznes sahələrinin təşəkkül tapması, uzaqdan idarəetməyə keçidin təmini baxımından faydalı oldu. Bu dövrdə əldə edilən vərdişlər gələcək biznes mühitində yeni sistemin yaranmasına gətirib çıxaracaq. Bu baxımdan şirkətlər paos-pandemiya dövrünün gətirəcəyi yeniliklərə hazır olmalıdırlar” – Kaplan fikirini yekunlaşdırır.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri, Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayeva AYNA-ya deyib ki, digər dövlətlərlə müqayisədə Azərbaycan pandemiya sınağından böyük zərərlə çıxmadı: “Nəzərə alsaq ki, bu müddətdə ölkəmiz işğal altında olan torpaqlarımızın azad olunması uğrunda müharibə apardı, eyni zamanda koronavirusun mənfi təsirlərinin aradan qaldırılmasına səy göstərdi, nəticə çox uğurludur. Hökumət pandemiyadan zərərçəkən sahibkarlara kompensasiya ödədi. Bu qərar sahibkarların həmin dövr üçün ayaqda qalmasını təmin etdi. Bu gün pandemiya bitməsə də, karantin qaydaları yüngülləşdirilib”.

“Hesab edirəm ki, bu qərar Azərbaycan iqtisadiyyatının güclənməsinə, o cümlədən özəl sektorun da inkişafına səbəb olacaq. Pandemiya hələ bitməyin və qarşıda gedəcəyimiz yol hələ uzundur. Bütün neqativ təsirlərin aradan qalxması üçün uzun zaman lazımdır. Digər yandan pandemiya bəşəriyyət üçün bir dərs oldu və hər kəs, o cümlədən sahibkarlar da bundan özləri üçün lazımi nəticələr çıxarmalıdırlar. Artıq ənənəvi idarəçilik və yanaşma dövrü bitib. Öz fəaliyyətinə yeniliklər gətirmədən və müasir şəraitə uyğunlaşmadan uğur qazanmaq mümkün deyil”.

AQSİA sədrinin bildirdiyinə görə, rəqəmsal texnologiyaların inkişafı özəl sektorun qarşısında yeni imkanlar açır: “Eyni zamanda sahibkarlar arasında kollektivçilik ruhunu artırıb. Bütün bunlar müsbət məqamlardır. Sahibkarlarla işləyən təşkilatın sədri olaraq bunu aydın müşahidə edirəm. Sahibkarlar qarşılıqlı etimad və əməkdaşlığa söykənən fəaliyyətə üstünlük verirlər və bunun uğurlu nəticələri artıq ortadadır. Digər yandan pandemiya mühiti yeni reallıqlar yaradıb. Bunun nəticəsində dünya kiçilib və distant idarəçiliyə keçidin əsası qoyulub. Kim ki, öz işini bütün bu reallıqları quraraq həyata keçirəcək, onlar daha çox fayda əldə edəcəklər. Digər sahələrdə olduğu kimi, özəl sektorda da psixoloji elementlər dəyişib” – Babayeva qeyd edir.

AYNA-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, “VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc isə fərqli düşünür. Onun qənaətinə görə, pandemiya dövründə itirilmiş fürsətləri geri qaytarmaq mümkün olmayacaq: “Lakin biznes mühiti elədir ki, tələb artan kimi satış da artır. Pandemiya şəraiti bazarda tələbi azaltsa da, tam mənada özəl sektoru tənəzzülə uğratmadı. Sadəcə müəyyən durğunluq yaşandı. Müşahidələrimə rəğmən deyə bilərəm ki, ayrı-ayrı dövrlərdə karantin qaydaları yumşaldılan zaman bu dərhal bazara təsir göstərirdi. Nəticədə alıcılıq qabiliyyəti yüksəlirdi”.

“Bu gün isə demək olar ki, karantin qaydalarının sərtləşdirilməsi siyasətindən imtina olunur. Yalnız çox kiçik istisnalar var ki, hələ də davam edir. Digər yandan dünya bazarında neft məhsullarının qiyməti artıb. Qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən tədbirlər görülür. Bütün bunlar qarşıdakı dövr üçün nikbin proqnozlar səsləndirməyə əsas verir. Lakin bütün hallarda birmənalı fikir yürütmək mümkün deyil. Koronavirus infeksiyasının yayılma arealı və tezliyi, yoluxma sayının dinamikası bu prosesə bilavasitə təsir göstərəcək. İlkin olaraq payız aylarında yoluxmanın artacağı gözlənilir. Digər yandan da əhali kütləvi şəkildə peyvənd olunur”.

“Dövlət qurumları şəffaf idarəçiliyə keçid etməyə məhkumdur” deyən həmsöhbətimiz əlavə edir ki, “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası” layihəsinin qəbulu da bu əsnada təqdir olunmalıdır: “Dövlət müəssisələrinin gəlirliliyinin artırılması, şəffaf fəaliyyətinin təmin edilməsi, vəsaitlərin səmərəli xərclənməsi və digər xüsuslarda fəaliyyəti əhatə edən layihənin icra mexanizmi işə düşərsə, bu bazarda canlanma yaradacaq. Halbuki, buna qədər sahibkarların qarşısında dayanan əsas maneələrdən biri dövlət qurumlarının onların fəaliyyətinə müdaxiləsi, satınalmalar, idxal-ixrac əməliyyatları zamanı onlara süni əngəllər yaratması idi”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.