Azərbaycanın səhiyyə naziri kimdir? – Nazirliyin saytı “yoxdur” deyir… (FOTOFAKT)
15-03-2016, 23:28
Bu gün Azərbaycanda demək olar ki, bütün dövlət orqanlarının rəsmi saytı mövcuddur. Bu resursların hansı məqsədlə yaradılması isə informasiya əldə etməklə bağlı qanunda öz əksini tapıb.
Qanunda göstərilir ki, saytların yaradılması və yenilənməsi əsasən də vətəndaşların sorğularına cavab verilməsi, informasiya açıqlığı məsələlərinin təmin olunması baxımından zəruridir.
Amma təəssüflər olsun ki, bir çox qurumlar internet resurslarını vaxtaşırı yeniləmirlər. Bu problem əvvəllər daha çox yerli icra hakimiyyəti orqanlarının saytlarında yaşansa da, artıq bir sıra nazirlik və komitələrin də internet resurslarında ciddi boşluqlar var.
Arqument.Az-ın apardığı araşdırmalar zamanı böyük dövlət qurumlarından olan Səhiyyə Nazirliyinin də saytında ciddi nöqsanların olduğu üzə çıxıb. Belə ki, nazirliyin rəsmi internet saytının “NAZİRLİK” bölümündə “Rəhbərlik (nazir və müavinlər) hissəsi doldurulmayıb. Yəni səhiyyə naziri və müavinlərinin kim olduğu qeyd olunmayıb. İlk baxışdan bu, sadə bir texniki səhv kimi başa düşülə bilər, amma məsələ olduqca ciddidir. Tutaq ki, xaricdə yaşayan hər hansı bir şəxs və ya ölkəyə gələn hər hansı bir əcnəbi Azərbaycanın səhiyyə nazirinin kim olduğunu öyrənmək istəyir, amma belə bir biabrçı situasiya ilə üzləşir. Yəni kimə müraciət edəcəyini bilmir. Doğrudan da, qəribədir: Nazirlik var, saytı fəaliyyət göstərir, amma nazir “yoxdur”, kim olduğu bəlli deyil…
Ortada olan reallıq isə budur: ölkəmizdə internet resursların inkişaf etməsinə və dövlət qurumlarının çoxunun internet saytlarının olmasına baxmayaraq, bir çox qurumların rəsmi saytlarının ancaq adları var.
Bu da bir çox məmurların “Açıq hökumət” təşəbbüsünün həyata keçməsinə laqeyd münasibətini bir daha ortaya qoyur.
Araşdırmalarımıza əsalanaraq, deyə bilərik ki, qonşu ölkələrdə, xüsusən də Türkiyədə istənilən dövlət qurumunun internet saytında qanunda nəzərdə tutulan informasiyaları 15 gün müddətində əldə etmək mümkündür. Həmçinin son zamanlarda bir çox dövlət qurumları onlayn sistemiylə – dərhal sorğuları cavablandırmağa başlayıblar. Ümid edirik ki, Səhiyyə Nazirliyi və digər dövlət qurumları da bu sahədə faəliyyətlərini bir daha nəzərdən keçirəcəklər.