Sumqayıt 22 saylı orta məktəbdə qanunsuzluq: sinif otaqları icarəyə verilir və…
16-03-2016, 09:23
“Ümid edirik ki, Baş verən bu və digər korrupsiya hallarına görə Sumqayıt şəhər rəhbərliyi və Təhsil Nazirliyi araşdırmalara başlayacaq və bu qanunsuzluqlar öz müsbət həllini tapacaq”
Sumqayıt şəhər rəhbərliyində dövlət başçısının məlum sərəncamı ilə hələ ötən il edilən dəyişiklik. Şəhər həyatının bütün sahələrində canlanma və inkişaf yaradıb. Artıq hər bir sumqayıtlı doğma şəhərinə bu şəhəri tanıyan, onun keçmişini bilib gələcəyi üçün ttəssüb çəkən şəxsin rəhbərlik etdiyinin fərqindədir.
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun bu posta təyin olunduğu gündən diqqətdə saxladığı və hər zaman da önəm verdiyi sahələrdən biri də təhsil sistemidir. Təsadüfi deil ki, Z.Fərəcovun icra başçısı kimi keçirdiyi ilk müşavirədə nöqsanları açıq şəkildə dilə gətirilən sahə təhsil olmuş və nümayişkəranə şəkildə vəzifəsindən uzaqlaşdırılan şəxs də təhsil şöbəsinin müdiri olmuşdu. Nundan sonra da icra başçısının dəfələrlə şəhərin bir çox məktəblərinə gedərək vəziyyətlə yerində tanış olması təhsil məsələsinin gündəmin əsas mövzusu olduğunu göstərdi. Ancaq təəssüflər olsun ki, Sumqayıt təhsil sistemində hələ də müəyyən problemlər qalmaqdadır. Belə ki, Sumqayıt şəhər 22 nömrəli tam orta məktəb haqda cumhuriyyet.az-ın elektron poçtuna daxil olan məlumatlar bu məktəbdə ciddi nöqsanlar olduğundan xəbər verir.
Redaksiyamıza daxil olan məktubda məktəb direktoru Tahirə Səfərovanın bir çox qanunsuzluqlara imza atdığı deyilir. Həmin faktlara keçməzdən öncə bildirək ki, sözügedən məktəb bir müddət öncə müəllimin şagirdi döyməsini əks etdirən videokadrlarla gündəmə gəlmişdi. İndi isə cumhuriyyet.az-a daxil olan məlumatda direktorun məktəbdən kommersiya strukturu kimi istifadə etdiyi bildirlir. Məktubda yer alan məlumata görə Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin bir çox otaqları direktor tərəfindən başqa məktəbin müəllimlərinə icarəyə verilib. Bununla bağlı məktubda konkret adlar da çəki8lir: “Cəbrayıl rayon qaçqın məktəbinin kimya müəlliməsi Nazilə müəllimə Tahirə müəlliməyə pul ödəyərək otaq icarəyə götürüb. Həmçinin digər bir məktəbin Şəfəq adlı fizika müəlliməsi də otaq icarəyə götürüb”. Bundan başqa məktəbdə Fidan, Sevinc, Aysel adında qızların işə götürülməsindəki qanunsuzluq və müəmmalardan bəhs edilir. Məktub müəllifi məktəbin müəllimləri işlərini itirməkdən qorxduqlarına görə Tahirə müəllimənin hərəkətlərinə heç bir söz deyə bilmədiklərini deyir: “Direktorumuzun işə biganə münasibəti, müəllimlərə qarşı haqsız və məsuliyyətsiz yanaşması, vəzifə funksiyalarını əmək müqaviləsi üzrə yerinə yetirməməsi bizi bu problemləri məktəb hüdudlarından kənara yansıtmağa vadar etdi. Problemlərimizin ən mühümü direktorumuz Səfərova Tahirənin müəllimlərlə çox kobud danışması, “Burda qanun mənəm!!!”, “Qayda mən dediklərimdir!!!” kimi ifadələri işlətməsi və ən əsası dövlət müəssisəsindən şəxsi obyekti kimi istifadə etməsi, yəni bizim məktəbdə işləməyən repetitor müəllimləri məktəbə cəlb edib, dərs otaqlarını bizdən alıb, kirayə verməsidir. Biz dərs keçməyə otaq tapmırıq, çünki bizim otaqlarımız tanımadığımız repetitor müəllimlər tərəfindən kirayə götürülüb.
Məktəb direktorunun əsas vəzifəsi; məktəb daxilindəki problemləri həll etmək, Təhsil Nazirliyinin verdiyi qərarları məktəbdə tanıtmaq və bunları icra etmək, məktəb büdcəsini uyğun formada şagirdlərin daha keyfiyyətli təhsil ala bilməsi üçün məktəbdə çatışmayan kitab, texnoloji avadanlıq kimi təhsil vasitələrinin alınmasına xərcləmək, dərs ili başlamazdan əvvəl müəllim kolleqaları ilə birlikdə toplantı keçirib uyğun illik dərs planı hazırlamaq və bunun kimi daha bir çox şeydir. Lakin çox təəssüflə qeyd etməliyəm ki, Səfərova Tahirə illik plan hazırlamaq yerinə təqvimdən bayramları sayıb bu il nə qədər pul çıxaracağını, bunu haralara xərcləyəcəyini hesablayır. Şagirdləri və müəllimləri qanuna uyğun olmayan tərzdə təhqir edir və şəxsiyyətlərini alçaldır ki, əslində bunlar onun səlahiyyətləri daxilində deyil. Bəlkə də o səlahiyyətlərindən və öhdəliklərindən bixəbərdir”. Məktubun sonunda şəhər rəhbərliyinin təhsilə diqqətindən söz açılaraq 22 saylı məktəblə bağlı da tədbir görüləcəyinə ümid edilir: “Ümid edirik ki, Baş verən bu və digər korrupsiya hallarına görə Sumqayıt şəhər rəhbərliyi və Təhsil Nazirliyi araşdırmalara başlayacaq və bu qanunsuzluqlar öz müsbət həllini tapacaq.”
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.