Azərbaycanda azad ticarət zonası tipli xüsusi iqtisadi zona yaradılır
17-03-2016, 21:24
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması məqsədilə İqtisadiyyat Nazirliyinə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə altı ay müddətində Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı təkliflərini müvafiq məlumatlarla birlikdə Azərbaycan Prezidentinə təqdim etmək; beynəlxalq məsləhətçi şirkət cəlb etməklə Azərbaycanda xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, bu sərəncamda qeyd olunmuş zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək; Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu sərəncama uyğun olaraq yaradılması təklif olunan zonanın ərazisinə dair təkliflərini, həmin ərazinin torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısını, zonanın ərazi sərhədlərinin dəqiq təsvirini və ərazinin planını, torpaqların tərkibi haqqında məlumatları, iqtisadi, sosial və ekoloji şəraitin təhlilinə, maddi və əmək resurslarına, kommunikasiyalar və digər infrastrukturla təminat imkanlarına dair məlumatları Azərbaycan Prezidentinə təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Maliyyə Nazirliyi bir ay müddətində bu sərəncamda göstərilən tədbirlərin maliyyələşdirilməsini təmin edəcək.
Nazirlər Kabinetinə bu sərəncamda göstərilən məsələlərin həyata keçirilməsi məqsədilə zəruri tədbirlər görmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.