Qazilər Konstitusiyanın 49-cu maddəsindən yararlanmaq fikrindədirlər - 3 dekabr - Beynəlxalq Əlillər günündə toplaşmaq üçün BŞİH-ə müraciət edilib

29-11-2021, 15:22           
Qazilər Konstitusiyanın 49-cu maddəsindən yararlanmaq fikrindədirlər  -
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığını , müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə , ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququnu doğrulayır. “Sərbəst toplaşmaq azadlığı haqqında” 13.11.1998-ci il tarixli 537-lQ saylı Azərbaycan Respublikası Qanununun tələbinə görə, dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və toplantıların dinc və silahsız keçməsi üçün təhlükəsizlik tədbirləri görür.

Bakı şəhərində toplantı keçirilməsini Konstitusiyaya və sözügedən qanuna uyğun təmin etməli olan dövlət qurumu – Bakı şəhəri icra hakimiyyəti (BŞİH) isə Ana Qanuna qadağa qoymaqla məşğuldur. Hacıbala Abutalıbovun başçılıq etdiyi dönəmdə , ən azı , qadağa cavabını başçı imzalasa da, hazırkı başçı imza səlahiyyətini də ictimai – siyasi , humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanova verib. Qarabağ qazilərinin , əlillərin konstitusion hüquqlarının gerçəkləşməsinə gəldikdə, yenə də qanuna qarşı çıxılaraq ayrı-seçkilik edilir. Halbuki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 2-ci (“Sərbəst toplaşmaq azadlığının tətbiqi”) maddəsində dövlətin sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı şəxslərin bərabərlik hüququna təminat verməsi doğrulanıb. Qarabağ qazilərinin , əlillərin toplantı , piket keçirməkdə amacları qanunla, uluslararası anlaşmalarla doğrulanan hüquqlarından yararlana bilməmələrini diqqətə çatdırmaqdır. Təsəvvür edin, 2003-cü ildən ömürlük əlillik dərəcəsi təyin edilən Qarabağ qazisinin dərəcəsini ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-i “reabilitasiya” adına aşağı salıb. Bu özbaşınalığı, allahsızlığı nazir götürsə də (yəqin nazirin də bu özbaşınalıqdan xəbəri yoxdur ), dövlət (başçısı) götürməz axı! Özbaşınalığın dərəcəsinə baxın, reabilitasiya qurumuna yerləşdirilməsini diləyən qazinin adının ƏƏSMN -in reyestrində olmadığı dələduzluğu ilə özbaşına komissiya – qazinin üzərində divan qurulur və “dərəcəsi yüngülləşdiyindən” reabilitasiyasından imtina edilir! (?) Qazi elə şantaj edilir ki, məhkəməyə müraciət etməyə də çəkinir. Olmadı elə, oldu belə, məhkəmə də ƏƏSMN -in sifarişi ilə qərar çıxardı ki, heç bu qazi savaşda olmayıb, heç yara da almayıb, heç əlillik təyin olunmalı deyil, onda qazi belə məhkəmə hökmü ilə ölümə məhkum edilər ki! ? Məhkəmədən söz düşmüşkən, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 11-ci maddəsinə görə, toplaşmaq hüququnun pozulması ilə bağlı inzibati qaydada və məhkəməyə şikayət verilə bilər və məhkəmə 2 gün müddətində şikayətə baxmalıdır. Bakı İnzibati Məhkəməsi isə 10 gündür qazilərin BŞİH-in qərarından şikayətlərinə baxmır. Ümumiyyətlə, qazilərə qarşı özbaşınalıq o həddədir ki, nə qanunverici , nə icra, nə də məhkəmə hakimiyyəti orqanı problemlərinə, müraciətlərinə baxır. Millət vəkili kimi MM-in rəhbərliyinə müraciət edirsən , heç bir nəticəsi olmur, ən yaxşı halda, müraciətin MM-in səlahiyyətlərinə aid olmaması adı ilə “aidiyyatı” üzrə göndərilməsi baş verir. Bəyəm millət vəkilinin dövlət hakimiyyəti orqanlarına sorğu göndərmək səlahiyyətləri əllərindən alınıb? Baş prokurora müraciət edirsən, qanunların icrasına və tətbiqinə nəzarət edən orqan şikayəti barəsində şikayət edilən quruma və ya vəzifəli şəxsə göndərir! (?) Məhkəməyə müraciət edirsən, illərlə qapılarda qalırsan, sonda bəlli olur ki, məsələn, PA-nın şöbə müdiri, prezident köməkçisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, mülkiyyət , azadlıq hüququnu da, məhkəmə təminatı hüququnu da mənimsəyib. Məhkəmənin qazinin xeyrinə çıxardığı qərarın icrası da gerçəkləşmirsə, qazi, əlil (,) vətəndaş nə etməlidir? Təsəvvür edin, Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli 2 (!) qətnaməsi ilə Qarabağ qazisinə verilən Nizami rayonu, Bəhruz Nuriyev -10-dakı qeyri-yaşayış sahəsini borclular ƏMDK, Nizami RİH, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin məsul şəxslərinin vəzifələrindən sui-istifadə edərək saxta şəhadətnamə ilə ələ keçirib satmalarına hüquqi qiymət verilməsi 150 aydır təmin olunmur . Dünənədək məhkəmə qapılarında qalan qazi indi

150 aydır məmurların zəbt etdiyi ofisinin qapısı dalındadır. Çıxış yolu olaraq 3 dekabr – Beynəlxalq Əlillər günündə toplaşmaq qərarı verən qazilər , 10 dekabr – Ümumdünya insan hüquqları günündə 10 nəfərlik qazinin iştirakı ilə haqq etdikləri otaqların qapısını məhkəmə qərarı ilə açmaq niyyətindədirlər. BŞİH və DİN rəhbərliyi piketin və təhlükəsizliyin təminatı üçün xəbərdar edilib.

Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.