Külək əsir, avtomobil əzilir - Ziyanı kim ödəməlidir? Ziyanı kim ödəməlidir?

4-12-2021, 10:33           
Külək əsir, avtomobil əzilir - Ziyanı kim ödəməlidir?
“Avtonəqliyyat vasitələrinin icbari sığortası zamanı qəza anında dəyən ziyan ödənildiyinə görə, təbii fəlakət vaxtı həmin avtomobilə dəymiş ziyanın şirkət tərəfindən ödənilməsindən söhbət gedə bilməz”.

Bu fikirləri Modern.az-a açıqlamasında sığorta üzrə ekspert İlkin İbrahimov bildirib.

Ekspertin sözlərinə görə, avtomobilini sığortalatdıran şəxs tərəfindən digər avtomobilə, əmlaka ziyan vurulanda, sığorta şirkəti qarşı tərəfə 5 min manata kimi ödəniş edir:

“Əgər, öz avtomobilimizə dəyən hansısa ziyanı sığorta şirkətinin ödəməsini istəyiriksə, bu zaman könüllü sığortadan istifadə etməliyik. Adından da göründüyü kimi avtomobil sahibi könüllü əsaslarla sığorta şirkətinə müraciət edir və bununla bağlı iki tərəf arasında müəyyənləşmiş şərtlər əsasında müqavilə imzalanır. Müqavilədə daş atılma, təbii fəlakət, oğurluqla bağlı hallar və.s qeyd oluna bilər. Gələcəkdə də hansısa təbii fəlakət və xoşagəlməz hal müşahidə olunanda sığorta şirkəti dəymiş ziyanı hesablayaraq, ödəniş edir”.

İ.İbrahimov könüllü sığortanın Mərkəzi Bankın “Sığorta Fəaliyyəti haqqında” Qanunla tənzimləndiyini qeyd edib:

“Standart qaydalarda vətəndaşın xeyrinə istifadə edilməsini məsləhət görülür. Bununla da sığorta şirkətinin vətəndaşa bilə-bilə başqa şeylər yazıb, bir müddət sonra imtina etməsinin qarşısı alınır”.

Ekspert bildirib ki, sığortanın məbləği sığortalanan avtomobilin qiyməti və tələb olunan maddələrə görə dəyişir:

“Məsələn, könüllü sığortada minimal məbləğ 2-4 faiz arasında olur. Əgər, avtomobilin dəyəri on min manatdırsa, on min manatın 2-4 faizi, yəni 200-400 manat arasında bir illik sığorta haqqı hesablanır. Riskdən asılı olaraq, həmin maksimum məbləğ daha çox ola bilər. Yəni, avtomobilin ili köhnədirsə, məbləğ yüksək təyin edilir. Baxırlar ki, sürücü avtomobili ilə tez-tez qəza törədir, o zaman sığorta qiyməti daha da yüksək olur. Belə hallar əlavə şərtlər kimi müqavilədə qeyd oluna bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.