Müğənnilər də dərman reklamına başlayıb - Komitə sədrindən ETİRAZ

4-12-2021, 12:38           
Müğənnilər də dərman reklamına başlayıb -
Artıq məşhur, tanınmış şəxslərin sosial şəbəkə hesablarından dərman və qida əlavələrini reklam etmələri cəmiyyətdə birmənalı qarşılanmır. Onlar çoxsaylı izləyicisi olan “İnstagram” səhifəsində çəkinmədən insanlara dərman tövsiyələri verir.

İnsanları çaşdıran bu cür reklamlar nə dərəcədə düzgündür və qanun bununla bağlı nə deyir?

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a açıqlamasında bildirib ki, dərman reklamı bir çox ölkələrdə bütövlükdə qadağan edilib.

Onun sözlərinə görə Azərbaycanda dərman haqqında qanun qəbul ediləndə buna qadağa qoyulmuşdu:

“Sonradan görünür müəyyən təsirlər oldu ki, bu qadağalar yüngülləşdi və yalnız həkim resepti ilə yazılan dərmanların reklamına qadağa qoyuldu. Dərmanlarla qida əlavəsi qarışıb və çox vaxt qida əlavəsini dərman adı ilə reklam edirlər. Bu da çox təhlükəlidir. Vətəndaşları və xəstə insanları çaşdırır. Onları daha çox dərman olmayan vasitələrə yönəldir. Bundan başqa, qida əlavələrinin qiyməti dərman vasitələrinin qiymətindən xeyli bahadır”.

Komitə sədri qeyd edib ki, istər reseptlə satılmayan dərman vasitələrinin, istərsə də qida əlavələrinin hər hansı reklamına qadağa qoyulmadığına görə, reklam edən şəxsə hüquqi cəhətdən ittiham irəli sürə bilmərik:

“Mənəvi cəhətdən tənqid edə bilərik ki, bu doğru deyil, insanları çaşdırır. Yaxşı olardı ki, vətəndaşlarımız o reklamlarla deyil, hansısa dərmana ehtiyac olduqda həkimlərinin məsləhəti əsasında qəbul etsinlər. Ümumiyyətlə, reseptsiz dərman alınmasının tərəfdarı deyiləm. İstənilən halda ən yüngül soyuqdəymə, baş ağrısı və.s hallarda belə həkim məsləhəti ilə dərman alınması daha doğrudur”.

M.Quliyev sonda müğənnilərin, tanınmış şəxslərin reklamda iştirak etmələrini sənətə hörmətsizlik kimi qəbul etdiyini deyib:

“Müğənninin reklam edəcəyi şey onun səsi və sənətidir. Əgər, başqa bir vasitə ilə pul qazanmaq və özünü cəmiyyətə göstərmək istəyirsə, o zaman o xeyriyyəçilik fəaliyyəti ilə məşğul ola bilərlər. İndi şəhidlərimiz, qazilərimiz, yoxsul insanlarımız var. Onlar üçün faydalı işlər görsələr, məncə yaxşı olar. Bununla daha çox hörmətə sahib olarlar və cəmiyyətdə müsbət imiclə tanınarlar”.


шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.