Bakı küçələrində gecə yanmayan işıqlar magistralda gündüz yanır (VİDEO)

24-03-2016, 09:41           

Ötən ilin sonundan gecələr Bakı küçələrində işıqların söndürülməsi ətrafında müzakirələr üç aydır davam edir.

Musavat.com-un məlumatına görə, sosial şəbəkə istifadəçiləri, sürücülər, eləcə də piyadalar gecə küçələrin işıqsız qalmasının qəzalara, piyada ölümlərinə səbəb olduğunu bildirirlər. Son üç ay ərzində qaranlıq yollarda yol-nəqliyyat hadisələrinin sayı artıb, onlarla piyada məhz yolların işıqlandırılmaması üzündən avtomobillə vurulub.

İndiyədək rəsmi səbəb açıqlanmasa da, gecələr işıqların söndürülməsinin qənaət məqsədi güddüyü, xərclərin azaldılmasına hesablandığı ehtimal olunur. Amma maraqlıdır ki, Bakı küçələri gecələr işıqsız qalsa da, magistrallarda gündüz saatlarında elektrik enerjisinin boşuna sərfi müşahidə olunur.

Təqdim etdiyimiz video Bakı-Qazax avtomobil magistralının 170-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində çəkilib. Saat 18.00 olsa da, yolboyu bütün dirəklərdə lampalar yanır. Halbuki, günün işıqlı vaxtıdır və işıqlandırmaya ehtiyac yoxdur.

Görünür, elektrik enerjisinə qənaət yolu tutmağa çalışan dövlət qurumları bu siyasəti düzgün həyata keçirə bilmir, yaxud, qənaət anlayışı bəzi qurumlar tərəfindən doğru anlaşılmır. Belə olmasaydı, paytaxtı gecələr zülmətə qərq olan ölkənin magistrallarında işıqları günorta saatlarında söndürmək unudulmazdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.