İcra başçısı müavinlərindən niyə küsüb: BEYLƏQANDA NOVRUZ KONSERTİNDƏN ÖNCƏKİ “KONSERT”

28-03-2016, 02:09           

Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev müavinlərindən küsüb. İnanılması nə qədər çətin olsa da bu belədir və icra başçısının müavinləri ilə küsüşməsinin ilginc tarixçəsi var.

Savash.org-un rayondakı mənbələrdən əldə etdiyi məlumatda bildirilir ki, olay rayonun Mərkəzi Stadionunda Beyləqan RİH və “Lider” telekanalının müştərək təşkilatçılığı ilə baş tutmuş Novruz konsertindən öncə baş verib.

Xatırladaq ki, 15 mart 2016-cı il tarixində baş tutmuş həmin konsertin realaşdığı Beyləqan Mərkəzi Stadionu bir müddət öncə çökmüş və təmirə dayandırılmışdı.
Savash.org-un əldə etdiyi məlumata görə, icra başçısı Vaqif Abdullayevin müavinləri Telman Məstənov və Məhəmməd Qələndərovla konfliktə girməsinə də elə həmin “təmir söhbəti” səbəb olub. Beyləqan Rİh başçısı uçmuş rayon stadionunun qısa müddət ərzində bərpa olunması üçün yerli məmurlar qarşısında öhdəlik qoyubmuş. Konsertdən öncə isə icra başçısı verilən tapşırığın icrasına şəxsən baxmaq üçün adıçəkilən məkana təşrif buyurub.

Stadiona içkili vəziyyətdə gəldiyi bildirilən icra başçısı burada müavinlərinə möhkəm təpinib və çıxışının sonunda hətta etik normaları da unudaraq lüzumsuz ifadələr işlədib. Başçının bunca qəzəblənməsinə səbəb isə müavinlərinin “daxili imkanlar” hesabına həyata keçirməli olduqları təmir işini reallaşdırmamaları olub.
Savash.org-un məlumatına görə, başçısının iradlarına öncə səbrlə yanaşan müavinlər sonda Vaqif Abdullayevə cavab qaytarmalı olublar. Bu isə icra başçısının daha da aqressivləşməsinə və mübahisənin böyüməsinə səbəb olub.

Hadisənin üstündən xeyli keçməsinə baxmayaraq icra başçısı hələ də müavinlərini bağışlamaq niyyəti nümayiş etdirməyib. Belə ki, bu günə qədər Vaqif Abdullayevin müavinlərini danışdırmadığı və onlara heç bir tapşırıq vermədiyi bildirilir.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.