Prezidentin açdığı su anbarını qurudurlar - VİDEO
28-03-2016, 17:01
Şabranda inşa edilən Taxtakörpü su anbarı quruyur.
Bu barədə VİZUAL.az-a rayondan məlumat verilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın 2013-cü ildə açılışında iştirak etdiyi anbar ətraf rayonları su ilə təmin etmək üçün nəzərdə tutulub. Bu su anbarı Xızı, Siyəzən və Şabran rayonlarının tələbatını ödəməli olsa da, artıq qurumağa başlayıb.
Şabrandan verilən xəbərə görə, buna səbəb Taxtakörpü su anbarından sərfiyyatından daha çox istifadə olunmasıdır. Təqribən, üç il əvvəl 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olub.
Dövlət başçısının tapşırığına uyğun olaraq su anbarı və su elektrik stansiyası Dövlət Neft Fondundan ayrılan vəsait hesabına tikilib. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir.
VİZUAL.az-a göndərilən fotolarla bağlı qeyd olunub ki, artıq su anbarı quruyur və Şabran rayon İcra Hakimiyyəti Taxtakörpüyə nəzarət etmir. İcra başçısı Novruz Novruzovu ittiham edən yerli sakinlərin sözlərinə görə, Şabran rəhbərliyi prezidentin göstərişi ilə inşa olunan su anbarı ilə bağlı həssaslıq nümayiş etdirməlidir, üç rayonun su təchizatını təmin edən layihənin suyunu qurutmamalıdır.
Məlumatda bildirilir ki, sözügedən su anbarından nəzərdə tutulduğundan daha çox istifadə olunur deyə qurumağa başlayıb. Bu vəziyyət davam edərsə yaxın gələcəkdə Taxtakörpü su anbarı layihəsinə çəkilən xərclər Şabran rayon İcra Hakimiyyəti, "Meliorasiya və Su Təsərrüfatı” ASC və "Azərenerji” ASC-nin laqeydliyi sayəsində bata bilər.
O da bildirilir ki, icra başçısı Novruz Novruzov və iki ASC rəhbəri - Əhməd Əhmədzadə ilə Etibar Pirverdiyev Taxtakörpü su anbarına nəzarətdə birbaşa məsul məmurlardır. Ölkə başçısının etibar etdiyi vəzifəlilər isə üç rayonun əhalisini su fəlakəti ilə üzbəüz qoymağa hazırlaşır.
Qeyd edək ki, gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Gil nüvəli torpaq bənd olan bu hidrotexniki qurğunun dibdən eni 754, hündürlüyü 142,5 metrdir. Buradakı qəza sutullayıcının uzunluğu 891, suqəbuledici qurğunun uzunluğu 43,6, enerji tunelinin uzunluğu isə 543 metrdir. Qapı şaxtası 56 metr dərinlikdədir.
Ümumilikdə Taxtakörpü su anbarı, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasında 86 milyon kubmetrdən çox torpaq, 817 min kubmetr dəmir-beton, eləcə də 62,7 min ton metal və armatur işləri yerinə yetirilib.
Onu da deyək ki, Şabranda sosial problemlər təkcə su anbarı ilə məhdudlaşmır. Rayonda və kəndlərində insanların şikayət və narazılıqları xirtdəyə çatıb. N.Novruzov və RİH rəsmilərinin əməllərindən cana doyan sakinlər şikayətlərini prezidentə ünvanlayıblar. Şabranla bağlı növbəti reportajı yaxın günlərdə təqdim edəcəyik. P.S. Qarşı ərəfin mövqeyini dərc etməyə hazırıq.