Bakıda 700 manata çay, 250 manata alça satılır

30-03-2016, 23:24           
Bakıda 700 manata çay, 250 manata alça satılır
Qiymətinə görə dünyanın ən dəyərli çaylarının siyahısına daxil olan Lənkəran çayı yalnız paytaxtın “Təzə bazar”ında satılır. May ayında səhər tezdən yığılan və hazırda kiloqramı 700 manata olan bu çayın xüsusi alıcıları var.

Virtualaz.org saytının “Təzə bazar”da müşahidə aparan əməkdaşları xəbər verir ki, hazırda bazarda 40 manatdan 700 manatadək müxtəlif çeşiddə Lənkəran çayları satışdadır. Qiyməti 100 manatdan başlayan çayları isə əsasən ərəblər, iranlılar alırlar.

Çay satışı ilə məşğul olan Azər Məmmədov deyir ki, kiloqramı 700 manata satılan “Mayovka” çayı yalnız sifarişlə gətirilir: “Bu çayın yığılması kimi saxlanılması da çətindir. Yalnız may ayında çay kollarının gülündən hazırlanan bu çayın xüsusi aludəçiləri var

Bazarda ən çox alınan çayların biri də “Təkyarpaq”dır. “Çayın saxlama qaydasına riayət edilməlidir. Çay köhnələndən sonra keyfiyyətini itirir”, - deyə kənardan bizi izləyən alıcılardab biri əlavə edir: “Çay köhnələndən sonra qiyməti aşağı düşür. Buna görə də, bəzən köhnə çayların tərkibinə dadlandırıcı qatıb satırlar”.

Adını söyləmək istəməyən alıcı çayla bağlı ətraflı məlumat verir: “Azərbaycanda əsasən qara çayı sevirlər. Lakin çayın müxtəlif növləri var. Çayı fərqləndirən əsas cəhət çay şirəsinin oksidləşmə müddətindədir. Çayın haradan və necə yığılması da həm keyfiyyətinə, həm də qiymətə təsir edir. Məsələn, ən yüksək budaqlardan yaxşı çay alınır”.

Lənkəran çaylarının qiyməti sizi təəccübləndirməsin. Bazarda mövsüm üçün xarakterik olmayan meyvələrin qiyməti də ceyran belindədir.

Məsələn, Sinqapurdan gətirilən alçanın bir dənəsi 10 manatadır. Kiloqramı təxminən 150-200 manata başa gələn alçanın xüsusi alıcıları var. Satıcıların sözlərinə görə, son günlər alıcı azaldığından Sinqapurdan deyil, Türkiyədən məhsul gətirməyə üstünlük verirlər. Hazırda bazarda Türkiyədən gətirilən alçanın 100 qramı 25 manata satılır. Quşüzümü almaq istəyənlər isə bunun üçün təxminən 250 manat ödəməlidirlər. Belə ki, bazarda quşüzümünün 100 qramı 25 manatadır. Amma şaftalı, gilas və çiyələyin qiyməti nisbətən aşağıdır. Gilasın 1 kiloqramı 110, şaftalının 1 kiloqramı 29, çiyələk isə 14 manata təklif edilir. 10 ilə yaxındır meyvə-tərəvəz alveri ilə məşğul olan Qəzənfər Əliyevin sözlərinə görə, alıcılar əsasən hamilə qadınlar və yaxınları xəstə olanlardır.

Bazarda qoz, fındıq, hətta pomidor mürəbbəsi də var. Yetər ki, pul olsun...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.