Tamam... Əmrullayev xəbərsizdir... BƏS MÜƏLLİMLƏR NİYƏ SUSUB?

19-01-2022, 13:09           
Tamam... Əmrullayev xəbərsizdir...
Ötən gündən etibarən 4-cü sinif rus dili dərsliklərində 20 Yanvar faciəsi ilə bağlı yazılan mətn sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə ki, mətndə rus ordusunun Bakıya Xalq Cəbhəsini iflasa uğratmaq üçün girdiyi ifadə edilib. Bu fikir isə sosial şəbəkələrdə tarixçilər, ictimai şəxslər tərəfindən ciddi tənqid ilə qarşılaşıb.
Bundan sonra “Qafqazinfo”-nun sorğusuna cavab verən “Şərq-Qərb” nəşriyyatı bildirib ki, dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdən ibarət ekspertizadan keçir: "Ümumi təhsil müəssisələrinin tədris rus dilində aparılan 4-cü sinifləri üçün Rus dili dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən (səh. 105) mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişiklik edilməsini zəruri edir. Bildiririk ki, 2019-cu ildə hazırlanmış bu dərsliyin elektron variantında düzəliş edilərək “trims . edu .az” saytında yerləşdirilib”.

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, burada əsas maraqlı məqamlardan biri ondan ibarətdir ki, niyə müəllimlər indiyə qədər bu məsələyə diqqət çəkməyiblər.


“Azərbaycanda dərsliklərlə bağlı hər zaman belə xətalar olub. Bu ilk hal deyil. Biz dəfələrlə bur cür səhvlərin şahidi olmuşuq. Görmüşük ki, dərsliklərdə tarixi və siyasi təhriflərə, xətalara yol verilir. Təsadüfi deyil ki, dərslik məktəbdə təhsil alan hər bir şagirdin gələcəkdə vətəndaş kimi formalaşmasında ciddi rol oynayır.

İki gündən sonra 20 yanvar faciəsinin 30-cu ildönümü yaxınlaşır. Üstündən nə qədər zaman da keçsə belə həmin faciə Azərbaycan xalqının yaddaşından silinə bilməz. Bu faciənin bir adı var. O da xalqa qarşı imperiyanın dörətdiyi vəhşilik, milli azadlıq mübarizəsinin boğulmasıdır. Bu cür hadisələr unudula, təhrif oluna bilməz. Xüsusilə də dərsliklərdə bu cür səhvlərə yolverilməsi cavabdeh şəxslərin günahıdır. Bu səbədən də həmin şəxslər cəzalandırılmalıdır.

Biz bilmirik bu cür səhvə bilərəkdən, ya bilməyərək yol verilib. Bunun arxasında kimin, kimlərin durduğu aşkar edilməlidir.

Ola bilər ki, orta məktəb dərslikləri ciddi yoxlanılmır və ona görə də bu formada təhrif olunaraq, xalqımıza qarşı bu cür həqarətli dərsliklər çap olunur”.

Ekspert digər bir məsələyə də diqqət çəkərək bildirib ki, bu dərsliklərin çapı üçün milyonlar sərf edilir. Dövriyyədən çıxarılması da xeyli vəsait hesabına başa gəlir. Ona görə də bu məsələdə məsuliyyət məsələsi öz əksini tapmalıdır.

“Sosial şəbəkələrdə bu məsələnin bu qədər səs-küyə səbəb olması bir daha onu göstərir ki, insanlar məktəbə, təhsilə biganə deyillər. Onlar övladlarının gələcəyi ilə bağlı məsələlərdə məsuliyyət hiss edirlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.