Bakıda qəribə olay: - Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır

21-01-2022, 17:47           
Bakıda qəribə olay: -
Saatlı rayonunun Hacıqasımlı kənd sakini Nuru Kazımov 11 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil Rafiq Hümbətov tərəfindən zorakılığa məruz qaldığını deyir. Bu barədə o, hüquq-mühafizə orqanlarına, o cümlədən Vəkillər Kollegiyasının rəhbərliyinə ünvanladığı şikayət məktubunda da ətraflı yazıb. Teref.az bizimyol.info-ya istinadən xəbər verir ki, Nuru Kazımovun tərəf olduğu bir mülki işdə Rafiq Hümbətov qarşı tərəfin vəkilidir. Bir həftə öncə - yanvarın 14-də Səbail rayon Məhkəməsində sözügedən mübahisə ilə bağlı qərar verilib. Məhkəmə həmin mübahisədə Nuru Kazımovu haqlı sayıb: “Qarşı tərəf ikirmərtəbəli ev tikməyi sifariş etmişdi. Biz də tikib təhvil vermişdik. Lakin pulu ödəməkdən imtina etmişdi. Mən də buna görə məhkəməyə vermişdim...”

Bu məhkəmə prosesinin gedişində hakim obyektiv araşdırma aparmaq məqsədilə ekspertiza təyin etmişdi. Nuru Kazımovun sözlərinə görə, qarşı tərəfin vəkili ilə insident də elə həmin vaxt baş verib: “Ekspert həmin evdə qiymətləndirmə aparırdı. Qarşı tərəfin vəkili də daxil olmaqla, o tərəfdən bir neçə nəfər də orada idi. Vəkil əvvəl məni barmağıyla itələdi ki, utanmırsan, pulu almısan, danırsan? Dedim ki, sən kimsən, mənə qarşı bu cür davranırsan, nə sözün varsa, nə arqumentin varsa, məhkəmədə deyərsən. Ardınca məni yumruqla vurdu, təhqiramiz ifadələr işlətdi... Ondan başqa daha dörd nəfər vardı...”

Nuru Kazımov baş verənlərlə əlaqədar həm Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət edib, həm də qonşusunun köməyilə tibbi yardım üçün xəstəxanaya gedib. Şikayətçinin sözlərinə görə, tibbi ekspertiza xəsarəti də müəyyən edib: Kəllə-beyin silkələnməsi.

Nisbətən durumu yaxşılaşandan sonra Suraxanı rayonu, 31-ci polis bölməsində izahat verdiyini deyən şikayətçinin sözlərinə görə, hazırda araşdırmalar davam edir. O, həmçinin hadisə ilə bağlı prokurorluğa da şikayət edib: “Vəkilin işi öz müvəkkilinin hüquqlarını qanunla yol verilən üsullarla müdafiə etməkdir, qarşı tərəfi döymək yox. Öz mövqeyini zorakı üsullarla qarşı tərəfə qəbul etdirmək cəhdi bir vəkil üçün yolverilməzdir. Fikrimcə, belə hallara qarşı sərt tədbirlər görülməlidir, əks halda, ümumiyyətlə, vəkillik praktikası ağır zərbə ala bilər. O üzdən Vəkillər Kollegiyasının da bu məsələyə ciddi yanaşması lazımdır”.

Şikayətçi həmçinin Suraxanı rayon Prokurorluğunda da izahat verib: “Həmin şikayətim də Suraxanı polisinə yönləndirildi. Hadisədən sonra 102 xidmətinə zəng etmişdim. Daxili İşlər Nazirliyindən müraciətimə operativ şəkildə reaksiya verildi və hazırda araşdırma aparılır. Şübhə etmirəm ki, hüquq-mühafizə orqanları məsələyə obyektiv hüquqi qiymət verəcəklər. Hazırda polisdə davam edən araşdırmalara böyük ümidim var. İnanıram ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Vəkillər Kollegiyası baş verənləri ədalətli şəkildə araşdıracaq və tədbir görəcəklər”.

Vəkil Rafiq Hümbətov da öz növbəsində Nuru Kazımova qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Nuru Kazımovun onun şərəf və ləyaqətini alçaltdığını iddia edən vəkil onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Rafiq Hümbətovun iddiasına Saatlı rayon Məhkəməsində baxılacaq.

Nuru Kazımovun Vəkillər Kollegiyasına ünvanladığı şikayət məktubuna Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov cavab göndərib. O bildirib ki, məsələ ilə əlaqədar Rafiq Hümbətovla müvafiq söhbət aparılıb. O, şikayətdə göstərilənləri təkzib edib, qarşı tərəfin vəkili kimi üzərinə düşən vəzifəni yerinə yetirdiyini bildirib: “Ərizənizdə qeyd edilənlərdən göründüyü kimi, məsələ ilə əlaqədar siz də Suraxanı rayon Polisinə və Prokurorluğuna müraciət etmisiniz. Belə vəziyyətdə ərizənizdə göstərilən məlumatlar prosessual xarakter daşıyır və müraciətinizin nəticəsinə uyğun olaraq, Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən məsələyə münasibət bildiriləcək”, - Aydın Axundov məktubda yazıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov Bizimyol.info-nun məsələ ilə bağlı sorğusuna cavab olaraq məsələni araşdırıb cavab verəcəyini bildirib.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Vəkillər Kollegiyasında aparılan araşdırmaların nəticələri barədə əlavə məlumat verəcəyik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.