Fazil Məmmədovun nazirliyindən prezidentə şikayət - NARAZILIQ VAR...

1-04-2016, 16:32           
Fazil Məmmədovun nazirliyindən prezidentə şikayət - NARAZILIQ VAR...
Gəncədə Vergilər Nazirliyinin əməkdaşları yersiz yoxlamalar, qanunsuz müdaxilələrlə sahibkarları intihar həddinə çatdırıblar. Bu barədə onlar dövlət başçısına məktub yazıblar. Sahibkarların prezidentə şikayət etdiyini eşidən məmurlar bunun qarşısını almaq üçün onları qohumları vasitəsilə şantaj etməyə başlayıblar.

Prezidentə ünvanlanan məktubun surəti “Azadlıq”a da daxil olub. Gəncədə fəaliyyət göstərən sahibkarlardan ikisi – Fəxrəddin Həsənli və Elxan Məmmədov yazır ki, bir müddət əvvəl prezident qeyri-neft sektorunun inkişafının təmin olunması, sahibkarları yeni investisya layihələrinə cəlb etmək məqsədilə sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması barədə fərman imzayıb. Fərmanın icrası ilə əlaqədar Vergilər Nazirliyində 12 oktyabr 2015-ci ildə kollegiya iclası keçirilib və illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin keçirilməsi dayandırılıb.

Adları çəkilən sahibkarlar yazır ki, onların ikisinin cəmi dövriyyəsi 50-60 min manatı keçmir. Fəaliyyətə başladıqları da cəmi beş-altı aydır: “Lakin bu fərman və qərara baxmayaraq, Vergilər Nazirliyi bizə qarşı qərəzli mövqe tutaraq, Gəncə şəhərində yalnız bizə səyyar vergi yoxlaması təyin edib. Belə çıxır ki, Vergilər Nazirliyi prezidentin fərmanını, özünün kollegiya qərarını tanımır”.

Məmurlar sahibkarların onlardan şikayətçi olduğunu öyrənəndən sonra şikayıt ərizələrinin qarşısını almaq üçün onları yaxın qohumlarını işdən çıxarmaqla hədələməyə başlayıblar.

“Görünür, Vergilər Nazirliyi bizi bu ölkənin vətəndaşı hesab etmir. Biz də Azərbaycan vətəndaşıyıq. Biz də bu dövlətin və hakimiyyətin formalaşmasında iştirak edirik. Bizim də dövlətin verdiyi hüquqdan istifadə etmək ixtiyarımız var. Sizin fərmanınızın bizə şamil olunmamasının səbəbi nədir?

Sizdən bir daha xahiş edirik, bizim hüquqlarımızın bərpasına göstəriş verəsiniz. Əks halda, biz vergi işçilərinin əlindən jurnalistlərin gözünün qarşısında canımıza qəsd edəcəyik”, – deyə sahibkarlar dövlət başçısına ünvanladıqları məktubda yazır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.