Mərkəzi Bankdan inflyasiyanın köklərinə yarımçıq münasibət - bəs istehlak kreditlərinin sürətli artımı?...

29-01-2022, 11:36           
Mərkəzi Bankdan inflyasiyanın köklərinə yarımçıq münasibət - bəs istehlak kreditlərinin sürətli artımı?...
Fuad İbrahimov: “Tarif Şurasının qərarları daxili inflyasiyaya təkan verir”

Mərkəzi Bank inflyasiyada daxili və xarici amillərin rolunun ayrı-ayrılıqda nə qədər olduğuna aydınlıq gətirmək əvəzinə, yarımçıq hesabat yayır.

Məsələ ondadır ki, inflyasiya ilə bağlı Mərkəzi Bankın son bəyanatında bu kimi məqamlar açıq-aşkar özünü göstərir. Sözügedən bəyanatda qeyd edilir ki, illik inflyasiyanın təxminən 25 faizi tənzimlənən qiymətlərin artımı ilə bağlıdır. Bu o deməkdir ki, Tarif Şurasının qərarı bir sıra məhsulların qiymətinin qaldırılması inflyasiyanın artmasına öz təsirini göstərib. Ancaq qəribədir ki, Mərkəzi Bankın açıqlamasında digər məsələlər barədə nədənsə heçnə deyilmir. Xüsusən bankların kredit siyasətinin bunda oynadığı rola ümumiyyətlə toxunulmur. Halbuki ötən il təkcə kreditlər 15 faiz artıb. Bu da 2020-ci ildə 5 faizlik azalmanın müqabilində yüksək göstəricidir. Üstəlik kreditlərin artımının az qala üçdə ikisi istehlak bazarına aid olan ev təsərrüfatlarının borclanması hesabına baş verib. Bəs bu, inflyasiyaya təsir etmir?

“Problem ondadır ki, Azərbaycan ərzağa olan tələbatı əsasən idxal hesabına təmin edir”

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Fuad İbrahimovun fikrincə, pul kütləsinin bazarda hər hansı bir formada artması inflyasiyaya öz təsirini göstərir: “Bu, inflyasiyaya hardasa təkan verir. O cümlədən, kreditlərin artması da inflyasiyaya öz təsirini göstərir. Ancaq düşünmürəm ki, kreditlərin verilməsi inflyasiyaya daha çox təsir göstərir. Yəni, inflyasiyada böyük xüsusi çəkiyə malik deyil. İnflyasiyaya taha çox təsir edən amil pandemiyanın qlobal miqyasda yaratdığı təsirlə bağlıdır. Çünki pandemiya ilə əlaqədar çoxsaylı fiskal siyasət yeridilir. Vergilər yumuşaldılır, maliyyə güzəştləri edilir. Bütün bunlar inflyasiyaya stimul verir. Bu addımlar ona görə atılır ki, sahibkarlar biznesi qoruya bilsinlər. Ona görə də inflyasiya yüksəlir. İkinci amil dünyada ərzaq məhsullarının qiymətinin dayanmadan artması ilə əlaqədardır. Problem ondadır ki, Azərbaycan ərzağa olan tələbatı əsasən idxal hesabına təmin edir. O üzdən, ölkədə belə anormal tendensiya yaranıb. Tarif Şurasının qərarları daxili inflyasiyaya təkan verir. Yaxşı olatdı ki, MB bütün bu amilləri təhlil edəydi. Ancaq təəssüf ki, bunu etməyib”.

İqtisadçı-ekspert onu da qeyd etdi ki, Mərkəzi Bank bu kimi məsələlərdə kompleks yanaşma ortaya qoymalıdır.

Vidadi ORDAHALLI












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.