"Ölkədə hər şeyi "ağ səhifədən" başlamaq üçün Maliyyə Amnistiyası elan edilməlidir" - NATİQ CƏFƏRLİ

1-02-2022, 16:31           
"Ölkədə hər şeyi "ağ səhifədən" başlamaq üçün Maliyyə Amnistiyası elan edilməlidir" - NATİQ CƏFƏRLİ
"Bu addımın zamini xalqın güvəndiyi koalisiya hökuməti ola bilər, bunun yolu isə yeni Konstitutsiyanın qəbuludur"

"Üzərində günəş batmayan Britaniya imperiyası tarixən dünyada önəmli rol oynayıb, işğal etdikləri ölkələri, toplumları, coğrafi əraziləri özünəməxsus şəkildə idarə edib. Fransa, İspaniya kimi müstəmləkə siyasəti aparan imperiyalar işğal etdikləri ərazilərdə həm də din, həyat tərzi, düşüncə tərzini yaymaqla, bir çox hallarda bunları zorla, qılınc, zor gücünə edirdilər, ona görə də böyük qırğınlar törədirdilər. Britaniya isə işğal etdiyi coğrafi ərazilərdə həmən limanlar qurub ticarətə başlayırdı, yerli qəbilələrlə yaxşı münasibət qurmağa, hər qəbilə başçısını hörmət-izzətlə qarşılayıb yola salmağa başlayaraq onların özlərini “kral” kimi hiss etməyə imkan yaradaraq maddi sərvətləri sümürürdülər. Bir tək Hindistanla bağlı fərqli oldu, onun da öz alt səbəbləri var, olub". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, faktiki olaraq Britaniya xoş sözlər və münasibətlə, ticarət qaydaları ilə Afrikanı, Asiyanı, Şimali Amerikanı sümürüb aparırdılar: "Dünyanın ən güclü ticarət xalqı məhz ingilislərdir. İkinci Dünya müharibəsindən sonra məğz dəyişməsə də, oyun qaydaları dəyişdi. London dünyanın maliyyə mərkəzi oldu, hüquqi qaydalar tədbiq etdi, indi dünyanın əyalətlərindən “elitalar” özləri var-dövlətlərini Londona daşımağa başladılar, müasir dünyada artıq zorla, güclə, işğalla nəsə etmək lazım deyildi, Britaniya eyni tarixi ətalətlə yerli “qəbilə” başçılarına “prezident”, “baş nazir” deyib, onlara hörmət-izzət göstərib yerli “elitaların” öz xoşu ilə pullarını Londona daşımağa imkan yaratdılar. Amma son 10 ildə bu məsələdə də dəyişikliklər oldu-olur. Çirkli pullarla mübarizə adı altında Qərb dünya “elitalarının” pullarına istənilən an əl qoymaq üçün beynəlxalq hüquqi təməllər yaratdılar. Bu vəsaitlər “qəbilə-dövlətlətinə”, onların elitalarına təzyiq üçün gözəl alət, həm də Qərb üçün yeni iqtisadi gəlir mənbəyinə çevrilir-çevriləcək".

İndi London məhkəməsinin Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus milyonlarla pulun müsadirə edilməsi ilə bağlı qərar verdiyini vurğulayan Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda hamı buna sevinir: "Nəyə sevindiklərini anlamıram. Bizim kimi “qəbilə-dövlətin” hakim “elitası” xalqı çapıb-talayıb Londona pul daşıyıb, indi o vəsaitlər Britaniya tacının və xalqının xeyrinə müsadirə olunur, Azərbaycan xalqına bir qara qəpik də çatmır, amma həm də buna sevinirik. Biz, REAL olaraq ölkədə bir çox məsələləri, yaşanacaq problemləri illər öncə görüb ciddi müzakirələr açmağa çalışmışıq. Təəssüf ki, məmləkətdə ciddi diksurs dəb deyil, hakimiyyət ciddi mövzular istəmir, belə mövzulardan çəkinir. Onların güzgüdəki əksi olanlar o qədər dayazdılar ki, onların da ciddi diskursa qabiliyyəti çatmır. Nəticədə çox önəmli mövzular havadan asılı qalır. Hələ 2013-cü ildə ilk proqramımızı elan edərkən Maliyyə Amnistiyası haqqında müddəalar yer almışdı. Məğzi də bu idi ki, ölkədə hər şeyi “ağ səhifədən” başlamaq üçün Maliyyə Amnistiyası elan edilməlidir. Bir il sürə tanınır, hər kəs öz mal varlığını (ölkədə və xaricdə) elan edir, kimin mal varlığı, daşınan-daşınmaz əmlakı, vəsaiti 1 mln. dollardan azdırsa, onların vəsaiti avtomatik olaraq tam ağardılır, onlar heç bir vergi ödəmir. Kimin vəsaiti 1 mln.-la 10 mln. dollar arasındadırsa onlar öz vəsaitinin 20%-ni, 10 mln.-la 50 mln. dollar arasındadırsa 25%-ni, 50 mln.-la 500 mln. dollar arasındadırsa 30%-ni, 500 mln. dollardan çoxdursa 50%-ni vergi şəklində Tərəqqi Fonduna ödəyir. Həmin Fonddan hökumətə büdcəni doldurmaq üçün istifadə etməyə tam qadağa qoyulur, Fondun vəsaiti ancaq sosial ödənişlərə və təhsil proqramlarına, bir də kiçik-orta sahibkarlara faizsiz kreditlərə sərf olunur. Sevigili millət, uca xalq, əgər belə bir mexanizmlər yaradılması xalqdan oğurlananlar xalqa qayıtmayacaq, elin ingilisinə qismət olacaq, məmurlar da papaqlarına qabaqlarına qoyub düşünsünlər, ya hər şeyi ingilisə verməli olacaqlar, ya da xalqla bölüşüb sonra rahat yaşamağı seçəcəklər. Maliyyə Amnistiyasının ən vacib elementi isə koalision hökumətdir. Yəni, bu addımın zamini xalqın güvəndiyi koalisiya hökuməti ola bilər, bunun yolu isə yeni Konstitutsiyanın qəbuludur".

Vazeh BƏHRAMOĞLU,












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.