Sənədsiz evlərin problemləri ... ekspert rəyləri

1-02-2022, 17:09           
Sənədsiz evlərin problemləri ... ekspert rəyləri
Bakıda şəhərində yeni tikililərin sayı durmadan artır. Yol kənarı ilə keçən zaman hardasa boş ərazi görmək demək olar ki, qeyri-mümkündür. Bu tikililərin əksəriyyətinin isə bir problemi var. Bu da çıxarışla bağlı məsələdir.
Bu problemlə demək olar ki, Bakının bütün ərazilərdində rastlaşmaq olur. Bəs ən çox sənədsiz evlərin olduğu ərazi, rayon hansıdır? Teref.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, sənədsiz fərdi həyət evləri iki hissəyə bölünür. Birincisi sovetlər dövründən qalanlar, ikincisi isə müstəqillik qazandıqdan sonra tikilmiş evlərdir.
“Sovetlər dövründən qalmış evlər Yasamal, Alatava, Papanin, keçmiş Sovetski və s-dir. Bu ərazilərin böyük bir hissəsində çıxarış yoxdur. O vaxtı sadəcə Mənzil İstismar İdarələrinin verdiyi ev kitabçası var idi. Hansı ki, bu ərazilər kənd təsərrüfatı təyinatlı torpaqlar, neft, qadağan olunmuş ərazilər deyil. Buralar sırf yaşayış massivləridir və şəhərin düz mərkəzində fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş ərazilərdir. Yəni, bu evlərin yaşı 100 ildən artıq olsa da bu günə qədər həmin ərazilərə çıxarış verilməyib.

Bakı kəndləri, Abşeron ərazisi, Xırdalan, Masazır və digər yeni salınmış həyət evləri olan ərazilərin də böyük əksəriyyətində çıxarış yoxdur. Daha doğrusu çıxarış ala bilməyənlər çoxdur. Çünki çıxarış almaq mümkün olsaydı, vətəndaşlar hansısa formada bunu alardılar.

Bu ərazilərdə isə problem ondadır ki, torpaqlar təyinatı üzrə deyil. Yəni, fərdi həyət evləri, yaşayış massivləri tikiblər, amma onların təyinatı fərqlidir. Tutaq ki, burada olmalıdır əkin-biçin sahəsi, maldarlıq, heyvandarlıq və s. Bu gün həmin ərazilərə çıxarışların verilməsi üçün birinci növbədə torpağın təyinatı dəyişməlidir. Yaşayış massivi kimi nəzərdə tutulmalı, daha sonra çıxarış verilməlidir.

Təbii ki, bu, özəlləşən zaman bütün əraziləri əhatə edə bilməz. Çox ərazilər var ki, orada tikinti aparmaq qadağandır. Amma tikilib. Qanunla baxsaq, bu ərazilərə sənəd verilə bilməz. Onlara gələcəkdə çıxarışlar verilərsə, yəqin ki, hansısa formada kompensasiya və yaxud köçürmə yolu ilə bu ərazilərdə yer dəyişikliyi olmalıdır”.

Ekspertin sözlərinə görə, Bakı, Xırdalan, Sumqayıt 3 ayrı şəhər olsa da fərdi yaşayış evləri o qədər genişlənib ki, şəhərlər bir-birinə birləşib və burda da əksər ərazilərdə çıxarış yoxdur.

“Təbii ki, burada itirən tərəf dövlətin büdcəsidir. Çıxarışlar olsaydı vətəndaş əmlak, bələdiyyə vergisi verərdi”.

Ekspert sonda qeydiyyat məsələsinə də toxunub və bildirib ki, bu gün qeydiyyatla bağlı yaşanan problemlər məhz çıxarışla əlaqəli məsələdir.

“Çıxarış olmadığı üçün insanlar qeydiyyata düşə bilmirlər. Bu məsələ tək həyət evləri ilə bağlı deyil. Yeni tikilmiş bina evlərində də çıxarışlar verilmir. Vətəndaş illərlə ev alıb yaşanır, amma öz evinə qeydiyyata düşə bilmir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.