Azərbaycanlı oliqarxların "seyfi": Pullar niyə məhz Londona daşınır?

1-02-2022, 17:16           
Azərbaycanlı oliqarxların "seyfi": Pullar niyə məhz Londona daşınır?
Azərbaycan oliqarxlarının ən sevdiklərin məkanların başında London gəlir.

Bu günə qədər müxtəlif çaplı məmurların özlərinin və ya ailə üzvlərinin London mülkləri, İngiltərədəki bank hesablarındakı milyonlarla bağlı müxtəlif informasiyalar yayılıb.

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşının Londondakı mülkləri, milyonlarla dollar dəyərindəki qızıl-zinət əşyaları alması və digər maliyyə maxinasiyaları London məhkəməsinin sonra onun milyonlarına əl qoyması ilə nəticələndi.

Bugünlərdə isə Britaniyanın maliyyə müstəntiqləri deputat Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyadakı bank hesablarında olan 5,6 milyon funt-sterlinqin müsadirə edilməsi üçün order əldə ediblər. Bu barədə Britaniyayın Milli Cinayət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Feyziyevlər çirkli pullarının “yuyulmasında” Estoniya və Latviyada saxta şirkətlərdən istifadə edib. Bu köçürmələrin bəziləri qanuni və çox böyük biznes əməliyyatlarını sübut edən sənədlər, o cümlədən vergi hesab-fakturalar və müqavilələrlə müşayiət olunub.

Maraqlıdır, Azərbaycanda oliqarx-məmurlar niyə məkan olaraq məhz Londonu seçir? Teref.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, oliqarxların vəsaitini Londona daşıması tarixi ənənədir:

“Böyük Britaniyanın hüquq-mühafizə sistemi, biznes qanunları dünyada ən liberal olanıdır. Bundan liberal qanun dünyanın heç bir yerində yoxdur. Uzun 10 illiklərdir ki, bank hesablarının qorunmasından vəsaitini Londona daşıyan insanlara hüquqi qoruma təmin etməklə bağlı ən yaxşı təkliflərlə çıxış edirdi.

Ona görə də uzun illərdir ki, dünyanın hər yerindən müxtəlif yollarla vəsait qazanan insanlar Britaniyanın maliyyə sisteminə güvənərək pullarını ora daşıyır. Təkcə Rusiyadan son 30 ildə 2 trilion dollara yaxın vəsait Londona aparılıb. Bununla bağlı informasiyalar mövcuddur. Amma son illər, xüsusilə də 2015-ci ildən sonra “çirkli pullar”la mübarizə adı altında bir neçə qərarlar qəbul olundu.

“Böyük iyirmilik” (G 20) və “Böyük yeddilik” (G7) ölkələrinin bununla bağlı qərarları olduğu üçün Böyük Britaniyanın da buna münasibəti dəyişdi. Ən azından pulun mənbəyinin soruşdurulması ilə bağlı yeni qanunlar qəbul olundu. Bundan sonra bəzi problemlər ortaya çıxmağa başladı. Təkcə Azərbaycan oliqarxları, məmurları ilə bağlı yox, həm Rusiyadan, həm Çindən, həm Afrika ölkələrindən, həm də digər MDB ölkələrindən olan şəxslərlə bağlı qərarlar verilməyə başladı.

London məhkəmələrinin Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevdən sonra Cavanşir Feyziyevlə bağlı belə bir qərar verməsi artıq tendensiyanın başlaması deməkdir. İndiki məmurlar, keçmiş nazirlər, başqa oliqarxlarla bağlı da bənzər qərarların çıxması gözləniləndir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.