Azərbaycanda dərmanların qiyməti artıbmı... - RƏSMİ AÇIQLAMA

2-02-2022, 12:28           
Azərbaycanda dərmanların qiyməti artıbmı... - RƏSMİ AÇIQLAMA
Ötən ayın 17-dən etibarən 168 dərman vasitəsinin qiyməti Tarif Şurası tərəfindən təsdiq edildi. Ancaq buna baxmayaraq, 13032 dərman vasitəsinin tam siyahısının Şura tərəfindən rəsmi internet saytında yerləşdirilməsi, dərman qiymətlərinin artırılması kimi anlaşıldı. Teref.az-ın məlumatına görə, məsələ ilə əlaqədar Bizimyol.info-ya danışan İqtisadiyyat Nazirliyinin Mətbuat Xidməti rəhbəri Abbas Əliyev bildirib ki,yeni dərmanların qiymətlərinin təsdiq edilməsi, dərman qiymətlərinin artırılması kimi anlaşılmamalıdır: “Tarif Şurasının dərman qiymətlərinin qaldırılması ilə bağlı qərarı olmayıb. Yeni alınan dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi, qiymətlərin artırılması kimi başa düşülməməlidir. Dərmanlar ilk öncə, keyfiyyət prosedurundan keçirilir. Daha sonra həmin dərman vasitələrinin ölkəyə idxalına başlanılanda, Tarif Şurasına müraciət olunur ki, bu adda dərmanlar gəlib və bu dərmanlar dövlət qeydiyyatına alınandan sonra Şura qiymətləri təsdiqləyir. Bu, qətiyyən qiymət artımı deyil” – deyə, Mətbuat Xidməti rəhbəri bildirib.

Daha sonra Nazirliyin əczaçılıq, ekspertiza və digər xidmətlər sektorunun müdiri Mətin Bədəlov dərmanların qiymətlərinin formalaşdırılması ilə əlaqədar Bizimyol.info-ya danışıb. Sektor müdiri bildirib ki, dərmanların siyahısı hər dəfə yeni dərmanların qiymətləri tənzimləndikcə, Şuranın saytında yenilənir: “Mətbuatda gedən informasiyalarda da qeyd olunur ki, yeni qeydiyyatdan keçmiş dərman vasitələrinin qiyməti təsdiqlənib. Bu, heç də qiymət artımı hesab edilmir. Sadə dildə desək, Tarif Şurasının məlumat saytına daxil olub, həmin siyahı ilə tanış ola bilərsiniz. Bu siyahıda dərmanların yeni qiymətləri tənzimləndikcə, siyahı yenilənir və istəyən şəxs həmin siyahıda aidiyyatı dərmanın adını, qiymətini tapa bilər. Məsələn, həmin siyahıya biz baxdıqda, dərman vasitəsinin qiymətinin qarşısında nə vaxt qüvvəyə minəcəyi barədə məlumat qeyd olunur. Orda 168 dərman vasitəsinin qiymətlərinin hansı tarixdən qüvvəyə minməsi barədə tarix yazılır. Hansı ki, bu qiymətlər həmin dərmanların qiymətlərinin tənzimlənməsidir, artırılması deyil. Ancaq dərmanların qiymətlərində hər hansısa dəyişiklik etmək zərurəti yaranırsa, ola bilər ki, 5-10 dərmanın istehsal olunduğu ölkədə qiymətləri artırılıbsa, təbii ki, burda çox səbəblər ola bilər, məsələn, xammalın qiyməti artır və sair, o halda bəli, həmin dərmanın qiymətinə yenidən baxılmalıdır.

Ancaq əvvəlki qiymətlə dərman ölkəyə daxil olmursa, onu köhnə qiymətdə saxlamağın mənası da yoxdur. Dərmanın ölkəyə gəlməsi üçün onun qiyməti idxal üçün sərfəli olmalıdır. Yəni o dərmanı gətirənə sərf etməlidir ki, ziyana düşməsin. İstehsalçı əgər öz dərmanını Azərbaycanda tutaq ki, deyir, bir manat idi, mən onun qiymətini bir manat beş qəpiyə qaldırmaq istəyirəm, bu, müvafiq qaydada Səhiyyə Nazirliyi ilə razılaşdırılır. Yəni o dərman vasitəsinin ölkəyə daxil olması zəruridirsə, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş qaydalarda da var, hansı ki, həmin dərmanlar yerli istehsal deyilsə, amma ölkəyə gətirilməsi zəruridirsə, Səhiyyə Nazirliyi xüsusi rəy verir ki, bəli, bu dərman vasitəsi ölkə üçün zəruridir və xüsusi yanaşma etmək lazımdır, qiymətində də 3-5% artım olmalıdır və sair. Elə dərmanlar var ki, onların alternativi, əvəzedicisi yoxdursa, o dərmanın ölkəyə gətirilməsi zəruridirsə, onun qiymətində artım ola bilər. Bir də müəyyən dərmanlar var, tələbat çox olur, Azərbaycan bazarı üçün həmin istehsalçı şirkət deyə bilər ki, mən bu qiymətdən Azərbaycana idxal edə bilərəm. Onda da baxılır, əgər alternativi varsa, tutaq ki, Rusiya dərmanının Ukrayna variantı gəlirsə və bu, tələbatı ödəyirsə, Səhiyyə Nazirliyi müsbət rəy vermir. Ona görə ki, bu dərman var və tələbatı ödəyir. Əgər tələbat çox olan, ancaq əvəzedicisi olmayan dərmanları məsələn, 5 qəpik artırmaqla, ölkəyə idxal olunacaqsa, onun qiyməti Səhiyyə Nazirliyi ilə birgə təsdiqlənərək, bir qədər artırıla bilir. Qiymətlərin tənzimlənməsi isə Tarif Şurası tərəfindən aparılır. Şura kollegial icra hakimiyyəti orqanıdır. Burda isə təkcə Səhiyyə Nazirliyi yox, bir çox qurumların üzvləri iştirak edir, kollegial qərarlar verilir. Dərman qiymətlərində artım, yaxud düşüşlər isə dərman şirkətlərindən asılıdır”?– deyə, sektor müdiri bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.