“Amma dövlət bilmir ki, mən bura qonşudan borc alıb gəlmişəm”

3-02-2022, 00:05           
“Amma dövlət bilmir ki, mən bura qonşudan borc alıb gəlmişəm”
Vərəm olduğuna görə müavinət ala bilməyən ailənin hekayəti

Səhər saat 10-dur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul otağında iki nəfər - qadın və kişi işçilərlə mübahisə edir. Kişi əlindəki sənədlərini göstərərək qışqıra-qışqıra nazirlik rəsmisinə nəyisə başa salmağa çalışır. Həmin vaxt iki azyaşlı qız uşağı da gözləmə otağındakı oturacaqlarda sakitcə oturub onlara baxırlar.

Teymur Şahhüseynov və həyat yoldaşı Leyla Şahhüseynova il yarımdır ki, vərəm xəstəliyi ilə mübarizə aparırlar. İindi iki uşaqla Mingəçevirdən Bakıya gəliblər ki, onlara əlilliyə görə müavinət təyin olunsun. Amma nazirlik bildirir ki, əvvəlcə onlar xəstəxanada yatmalı, sonra rentgen kağızı, ixtisaslaşmış həkim rəyi almalı, daha sonra da tabe olduqları ərazidə “Forma 88” doldurmalıdırlar. Yalnız bundan sonra onlara əlilliyə görə sosial müavinət təyin oluna bilər.

Amma Teymur Hüseynov bununla razılaşmır. O deyir ki, 2020-ci ildə 4 saylı vərəm dispanserinə müalicəyə getsə də, pandemiya səbəbindən orda yer olmayıb. Keçən ilin avqustunda isə 35 gün 6 saylı vərəm dispanserində yatıb, sənədlərini lazımı qaydaya salıb, amma yenə də ona əlillik verilməyib.

Toplum TV
T.Hüseynovun sözlərinə görə, Tibbi-Sosial Ekspertiza Komissiyası əlavə müalicəyə ehtiyac olduğunu bildirib və ixtisaslaşmış müəssisədə müalicə almağı məsləhət görüb.

“İndi də deyirlər ki, get Qarayevdəki xəstəxanada yat, rentgen kağızı, həkim rəyi al, apar “Forma 88” doldurulsun. Ondan sonra gəl, sənə pensiya verəcəyik. Yaxşı mən xəstəxanada yatanda bu uşaqlara kim baxacaq? Mənim ailəmə kim çörək verəcək? Aparıb qoyacam bu uşaqları Nazirlər Kabinetinin qabağına. Mənim qaz sayğacımda 300 manat borc var, evimdə işıq yanmır”.

Leyla Şahhüseynova isə danışır ki, əgər xəstəxanada yatsalar, iki uşağına baxan olmayacaq: “Biz dispanserdə yatanda uşaqlara anam baxırdı. Amma o da əsəb xəstəsidir, şəkəri var, ürəyində problemi var. Ona görə gəlib baxa bilmir”.

Qızlardan birinin 12, o birininsə 11 yaşı var. Əsəbi şəkildə danışan atalarını diqqətlə izləyirlər. Amma az sonra səs-küydən yorulan uşaqlar ora-bura vurnuxur, səkidə, pilləkəndə otururlar. Anaları isə uşaqları səsləyir, tənbeh edir ki, soyuq yerdə oturmasınlar.

“20 il dövlətə vergi verən vətəndaş belə süründürməlidir? Deyirlər özünü as, öldür. Mən bu ölkənin vətəndaşlığından çıxacam”,- T.Şahhüseynov deyir.

Çöldəki səs-küydən narahat olan nazirlik işçisi və bir neçə polis onlara yaxınlaşır.

Qəbul sektorunun müdiri Qabil Şərbətov məsələnin nazirliyin nəzarətə götürdüyünü bildirir.

“Teymur bəy xəstəxanaya gedib rəy almalıdır, ondan sonra xəstəxanada yatıb-yatmamasına qərar verilə bilər. Adamın sənədləri köhnəlib, onları təzələmək lazımdır. Ola bilsin, təkcə rentgen kağızı işə yaradı, heç xəstəxanada yatası olmadı. Onu da götürüb Oğuzdakı şöbədə “Forma 88” doldursun. Sonra məsələ həll olunacaq”.

Bu yerdə Leyla Şahhüseynova etiraz edir: “Onun rentgen kağızı da var, xəstəxanada da yatıb”.

Q. Şərbətov qısaca dövlətin qanunlarının belə olduğunu bildirir.

“Amma dövlət bilmir ki, mən bura qonşudan borc alıb gəlmişəm”,-L. Şahhüseynova nazirlik rəsmisinə belə cavab verir.

“Sizin verdiyiniz vədlər məni qane etmir, ona görə ki, uşaqlarım axşam harda çörək yeyəcəklərini bilmirlər. Mənim canım xəstədir, canı müalicə etmək olur, amma nazirlik işçilərinin mənliyi, qüruru, vicdanı xəstədir. Siz mənə hara getməli olduğumu deyirsiniz, bəs mənim ora getməyə pulum var? Məni nazirliyin qabağından qovursunuz, mən burda dayanmışam ki, burda gün var, işıq var, amma mənim evimdə işıq yoxdur”,- T. Şahhüseynov nazirlik rəsmisinə belə söyləyir.

Sektor müdiri onun dediklərini cavabsız buraxır.

Həyat yoldaşının təkidi ilə nəhayət Teymur Şahhüseynov xəstəxanaya getməyə razılıq verir. Ailə Bakıda qalacaq yerləri olmadığından günü 3 manata ev kirayələyib orda xəstəxananın cavabını gözləyəcək.
Toplum TV












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.