SOCAR-da Rəsul Quliyevin adamı ki8mdir... - İlginc iddialar

7-05-2015, 11:39           
SOCAR-da Rəsul Quliyevin adamı ki8mdir... - İlginc iddialar
Artıq heç kimə sirr deyil ki, Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xaliq Məmmədov əlində olan imkanlardan yararlanaraq oğlu Kənan Məmmədovu SOCAR-ın Türkiyə nümayəndəliyinin direktoru vəzifəsinə gətirib. Bununla bağlı ötən saylarımızın birində ətraflı informasiya vermişdik. Əldə etdiyimiz bilgilərə əsasən onu da qeyd etmişdik ki, 1987-ci il təvəllüdlü Kənan Məmmədov və atası konkret olaraq bəzi iş adamları ilə sıcaq münasibətlərə malikdir.

Qeyd edək ki, sözügedən mövzu ilə bağlı yeni məlumatlara malik olduğunu iddia edən mənbə bildirir ki, Dövlət Neft Şirkətinin vitse-prezidentinin oğlu ən mühüm məsələlərdə məhz o, şəxsləri irəli çəkməyə və həm Azərbaycanda, həm də qardaş Türkiyədə himayədarlarının tərəfdarlarına fayda verməyə çalışır: "Deyilənlərə görə, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov eks-spiker Rəsul Quliyevin ən sadiq kadrlarındandır. Belə ki, Rəsul Quliyev 90-cı illərin əvvəllərində Dövlət Neft Şirkətinin vitse-prezidenti, eyni zamanda Neft və Qaz Emalı üzrə Baş İdarənin rəisi vəzifəsində çalışdığı dönəmlərdə bir sıra məsələlərdə Xaliq Məmmədova yaxından köməklik göstərib. Bundan başqa, Rəsul Quliyev baş nazirin müavini, daha sonra Milli Məclisin sədri vəzifəsində çalışdığı vaxtlarda da daim Xaliq Məmmədovun "xahiş"lərini yerinə yetirib, onun karyerasında irəliləməsinə yardımçı olub. Elə bu səbəbdən də Xaliq Məmmədov Rəsul Quliyevin ona etdiyi yaxşılıqları hələ də unutmayıb. Bildiyiniz kimi, bir müddət öncəyə kimi eks-spikerin nəzarətində bir neçə qəzet və sayt vardı. Həmin mətbuat orqanları isə Rəsul Quliyevin göstərişi ilə Xaliq Məmmədov tərəfindən maliyyələşdirilirdi. Eləcə də Rəsul Quliyevin lideri olduğu siyasi təşkilata da Xaliq Məmmədov uzun müddət "ianə" verib. Görünür, Dövlət Neft Şirkətinin vitse-prezidenti bu yolla Rəsul Quliyevə olan borcundan çıxmaq istəyib".

Məlumatlı şəxsin sözlərinə görə, Xaliq Məmmədov bu günün özündə də eks-spikerlə olan əlaqəsini kəsməyib: "Qeyd edim ki, Rəsul Quliyevlə Xaliq Məmmədovu birləşdirən başqa bir cəhət isə onların ortaq tanışlarıdır. Yəni həm eks-spiker, həm də Dövlət Neft Şirkətinin vitse-prezidenti Türkiyədəki iş adamı ilə sıcaq münasibətlərə malikdir. Bildiyiniz kimi, Rəsul Quliyev həmin iş adamı kimi ABŞ-da məskunlaşıb və onlar mütəmadi telefon əlaqəsi saxlayır, hətta görüşüb bir sıra məsələləri müzakirə edirlər. Hətta onun sabiq spikerin Amerika həyatına da köməkliyi dəyir. Rəsul Quliyevin bir müddət öncə Azərbaycan mediasında onu müsəlman dünyasının 5 böyük şəxsiyyətindən biri adlandırması, onun siyasi rəqibinə çevrilmiş Ərdoğanı isə sərt tənqid etməsi bununula bağlı deyilənlərin doğruluğunu bir daha sübuta yetirir". Mənbənin iddiasına görə, Rəsul Quliyev məhz Xaliq Məmmədovun vasitəsi ilə Azərbaycandakı dostlarına lazımi dəstək verir: "Deyilənlərə görə, Xaliq Məmmədov vaxtilə Rəsul Quliyevin sədri olduğu Azərbaycan Demokrat Partiyasında təmsil olunub, hətta o, partiyanın məclis üzvü olub. Bütün bunlar onu təsdiqləyir ki, Dövlət Neft Şirkətinin vitse-prezidenti eks-spikerin ən sadiq adamlarından biridir və buna görə də Xaliq Məmmədov Rəsul Quliyevin tapşırıqlarını canla-başla icra edir…" \\ gundelik-baku.com \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.