““Kontinental” mağazalar şəbəkəsində satılan malların 95 faizi milli dildə markalanmayıb...” - Ekspert...

4-02-2022, 22:37           
““Kontinental” mağazalar şəbəkəsində satılan malların 95 faizi milli dildə markalanmayıb...” - Ekspert...
“Azərbaycan Azad İstehlakçılar Birliyi hazırda iki məsələ üzərində iş aparır. Bunlardan birincisi malların markalanması barədədir. İllər boyu bu məsələ bizim qurumun diqqətində olub. Çünki dövlət dili haqqında, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda, Nazirlər Kabinetinin 94 saylı qərarında və digər qanunlarda göstərilir ki, ölkənin əmtəə bazarında mövcud olan bütün mallar xarici dillə yanaşı, milli dildə də markalanmalıdır”.. Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Qurum sədri bu istiqamətdə dayanmadan iş apardıqlarını bildirib:

“Amma çox təəssüflər olsun ki, bu məsələni zəif Gürcüstan, zəif Ermənistan çoxdan həll etsə də, güclü Azərbaycan məsələni həll edə bilməyib. Burda da səbəb ondan ibarətdir ki, ölkədə qaçaqmal mallar var, markalanma düzgün getmir və digər problemlər də mövcuddur. Hazırda biz bu məsələyə bir də qayıtmışıq. Xüsusən İran dükanlar şəbəkəsindən gətirilən malların çox böyük hissəsi milli dildə markalanmır və bu malların üzərində buraxılma, son yararlılıq tarixi varsa da, bunu istehlakçı oxuya bilmir. Hətta burda zəhərlənmələr, ağır əzab çəkən insanlar da var.

Bizim qurum 24 il ərzində körpə qidalarının tam Azərbaycan dilində markalanmasına nail olub. Bu YUNİSEF-in maliyyə dəstəyi ilə baş tutub və 150 adda körpə qidasının tam Azərbaycan dilində markalanmasını həyata keçirmişik. Lakin bu gün “Kontinental” mağazalar şəbəkəsində satılan malların 95 faizi milli dildə markalanmayıb. Qeyd etdiyim kimi İran mağazalar şəbəkəsində bu problem yaşanır. Biz hazırda bu mağazalar şəbəkəsini müəyyənləşdirməyə çalışırıq. Yəqin ki, yaxın vaxtlarda böyük iş apararaq bu məsələyə son qoyacağıq.

Digər bir məsələmiz isə ölkənin əmtəə bazarında olan təhlükəli qəndlərlə bağlıdır. Biz dörd il öncə bunu tədqiq etmişik və prokurorluq cinayət işi qaldırdı, adamlar həsb edildi. Əlbəttə, biz bütün bu işləri kütləvi informasiya vasitələrinin dəstəyi ilə edirik. Lakin bu gün əmtəə bazarında külli-miqdarda kimyəvi ağardıcılarla ağardılan və əhaliyə kəllə qənd kimi təqdim olunan təhlükəli qəndlər var. Biz hazırda bunun çeşidlərini araşdırırıq ki, bu barədə tədqiqat aparıb dövlət orqanları, o cümlədən də Qida Təhlükəsizliyi Agentliyi qarşısında məsələ qaldıraq. Bu istiqamətdə işlər yekunlaşdıqdan sonra nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.