Yenə qalxdı bazarda qiymətlər, ay can, ay can… “Köhnə maşını alan yoxdu, təzəsi isə çox baha gəlir...”

5-02-2022, 09:08           
Yenə qalxdı bazarda qiymətlər, ay can, ay can…
2022-ci il başlayandan avtomobil bazarında qiymətlərin artması səbəbilə durğunluq hökm sürür. Buna səbəb isə yanvar ayının 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyin qüvvəyə minməsidir.

Xatırladaq ki, yeni dəyişikliyə əsasən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri artırılıb, habelə idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərində 1,2, dizel mühərrikli minik avtomobillərində isə 1,5 yüksəldici əmsal tətbiq edilir.

Bu yenilik və onun nəticəsində yaranmış durğunluq avtomobil bazarı üçün nə vəd edir? Satış və istehlak göstəricilərində hansısa köklü dəyişiklik baş verə bilərmi?

PressKlub.az-ın suallarını nəqliyyat məsələləri üzrə ekspertlər Eldəniz Cəfərov və Elməddin Muradlı cavablandırıb.

Azərbaycanın avtomobil bazarındakı qiymətlərin tələb və təkliflərlə müəyyənləşdirildiyini bildirən Eldəniz Cəfərov qeyd edib ki, bu səbəbdən qiymət artımı normal qarşılanmalıdır:

“Məsələ ondadır ki, hazırda Azərbaycan dünyanın parçası olaraq ekosistemin yaxşılaşdırılması istiqamətində konkret addımlar atır. Köhnəlmiş avtomobil parkının yenilənməsi də bu qəbildəndir. İdxal olunan ekoloji təmiz avtomobillərdən gömrükdə və vergidə əlavə dəyər vergisinin alınmaması da misallardan biridir.

Bununla paralel olaraq, istehsalı 7 ildən çox olan avtomobillərin, eləcə də irihəcmli mühərriki olanlara idxal rüsumları artırılıb ki, ətraf mühiti çirkləndirməyən avtomobillərdən daha çox istifadə edilsin. Həmçinin yollarda qəzaların sayı azalsın, təhlükəsizlik səviyyəsi artsın”.

Ekspert əlavə edib ki, avtomobillərin qiymətlərinin artması 3 ildir ki, davam edir:

“Pandemiyadan sonra bütün dünyada avtomobillərin qiymətləri 2-5 % arası artdı. Və hər il də 2 % civarında artmaqdadır. Bu isə dünya okeanında daşınmaların, logistika xidmətinin yüksəlməsi ilə bağlıdır.

Ötən illərdə əsas problem daşınma idisə, 2021-ci ilin yarısından sonra komfortlu avtomobillərin çatışmazlığı məsələsi meydana gəldi. Çünki avtomobil istehsalında istifadə olunan yarımkeçiricilər dediyimiz “çip”lərin defisiti yaşanır. İstehsal edən şirkətlər “çip”lərin az olduğunu bəyan ediblər. Bu səbəbdən də komfortlu avtomobillərin dünya üzrə qıtlığı yarana bilər. Şirkətlərin özləri də bəyan ediblər ki, 2022-ci ilin əvvəllərində avtomobil istehsalı mərhələli şəkildə dayanacaq. Bu isə o deməkdir ki, komfortlu avtomobillərin qiymətləri daha da artacaq”.

Maraqlıdır, avtomobil bazarındakı durğunluq nə vaxta qədər davam edəcək?

Ekspert Elməddin Muradlı düşünür ki, bazarda vəziyyət mart ayından başlayaraq, qaydaya düşəcək:

“Qiymət artımı ilə əlaqədar hazırda avtomobil parkında yenilənmə ləng gedir və durğunluq yaşanır. Alıcılıq qabiliyyəti çox aşağı düşüb, almaq istəyənlər isə gözləyir. Düşünürəm ki, martdan sonra vəziyyət düzələ bilər. Ümumilikdə, köhnə avtomobillərin gətirilməsi məhdudlaşdırılır, yenilər isə baha olur. Məsələn, 15 000 manata köhnə avtomobil alınırdısa, indi bu mümkün deyil. Təzə avtomobil almaq üçün isə 30 000 manat lazımdır və bu, böyük fərqdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.