AMEA və AAK ləğv olunsun? – Lehinə də rəy var, əleyhinə də

6-02-2022, 17:07           
AMEA və AAK ləğv olunsun? –
Şahlar Əsgərov: “Elmi adları universitetlər və tədqiqat müəssisələri verməlidir, dövlət yox”

Qabil Hüseynli: “Həm AMEA-da, həm AAK-da, həm də universitetlərin elmi şuralarında ciddi islahatlar aparılmalıdır”

Sovet dövründə elmi dərəcələr ikipilləli idi. Aspiranturanı bitirənlər əvvəlcə elmlər namizədi, ardınca isə elmlər doktoru dissertasiyasını müdafiə edirdilər. Müstəqillik illərində isə elmlər namizədi dərəcəsi fəlsəfə doktoru dərəcəsi ilə əvəz edilib. Elmlər doktoru dərəcəsi isə olduğu kimi qalır.

Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) professor elmi adını da alimlərə təqdim edir. Əsasən bu elmi ada elmlər doktorları layiq görülürlər. Qeyd edək ki, dissertasiyaların təsdiqi də - istər fəlsəfə doktorları olsun, istərsə də elmlər doktorları - bu qurum tərəfindən ratifikasiya olunur.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) isə həqiqi və müxbir üzvlərini seçməklə onlara akademik elmi adını verir. Müasir dünyada yalnız birpilləli elmi dərəcə almaq yetərli olsa da, Azərbaycanda iki elmi dərəcə, üç elmi ad mövcuddur.

Bu qədər elmi dərəcə və ada nə ehtiyac var? Bunlar elm adamlarını ömrünü elmi dərəcə və ad almaq urğunda mübarizəyə təhrik etmirmi? Bundan elmimiz nə fayda götürəcək? Ümumiyyətlə, AMEA və AAK-ın mövcudluğuna nə kimi ehtiyac var? Bu qurumların ləğvi məsələsi gündəmə gələ bilərmi?

Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, YAP-çı professor Şahlar Əsgərov AYNA-ya deyib ki, Azərbaycan ikipilləli elmi dərəcələrdən imtina etməlidir: “Hər kəsə məlumdur ki, sovetlər dönəmi totalitar idarəçilik dövrü idi. Orada elmi dərəcə əldə etmək üçün müvafiq qurumların rəylərinə ehtiyac var idi. İnzibati müdaxilə isə ona görə idi ki, alimlərin fəaliyyətinə nəzarət mümkün olsun. Bu sovet dövrünün mahiyyətinə uyğun bir sistem idi. İndiki halda isə buna qətiyyən ehtiyac yoxdur”.

“O zaman mən Milli Məclisdə Elm və təhsil komitəsinin sədri olduğum zaman bununla bağlı təkliflər irəli sürmüşdüm. “Elm haqqında” qanunda da bu məsələ öz əksini tapmışdı. Təəssüf ki, uzun illər ərzində bu istiqamətdə cəhdlərimiz nəticəsiz qaldı”, - deyə həmsöhbətimiz bildirib.

Professor hesab edir ki, AMEA və AAK da ləğv olunmalıdır: “İddialar var ki, guya bəzi alimlər elmi dərəcə əldə etdikdən sonra bu sahədən uzaqlaşırlar və aktiv elmi fəaliyyət göstərmirlər. Bu, kökündən yanlış və ziyanlı bir yanaşmadır. Hər bir universitetin, elmi-tədqiqat müəssisəsinin nəzdində qiymətləndirmə meyarları mövcuddur. Baş müəllim, dossent, professor və s. Bu elmi adları universitetlər və elmi-tədqiqat müəssisələri verməlidir, dövlət yox. Daha ayrıca bir qurum saxlamağa, dövlət büdcəsinə yük etməyə, elm ictimaiyyəti üçün inzibati əngəllər yaratmağa nə gərək var?! AMEA həqiqi və müxbir üzvlərini seçkilər yolu ilə seçir. Ardınca isə alimlər arasında dərin intriqalar yaranır. Buna heç bir gərək yoxdur”.

Əsgərov əlavə edib ki, əksər nüfuzlu alimlərin - hansılar ki, dünya elminə misilsiz töhfələr veriblər - elmlər doktoru dərəcəsi olmayıb: “Lütfi Zadə elmlər doktoru idi, yoxsa professor?! Amma dünya elminə nəhəng töhfələr verib və bütün Azərbaycanın fəxridir. Sovetdən qalma stereotiplərdən xilas olmalıyıq. Bunun nə cəmiyyətə xeyri var, nə də elm ictimaiyyətinə. Alimdən elmi araşdırmalar gözləmək lazımdır, onu ad dalınca qovhaqova salmaq yox”.

Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli isə fərqli düşünür. O, AYNA-ya söyləyib ki, AMEA və AAK fəaliyyətini davam etdirməlidir: “Hesab edirəm ki, universitetlərin elmi şuralarının fəaliyyətinə yenidən baxılmalı, bu qurumlarda islahatlar həyata keçirilməli, obyektivlik təmin olunmalıdır. Bundan sonra bu məsələyə baxıla bilər. Çünki hazırda universitetlərin elmi şuraları ilə bağlı da birqiymətli münasibət mövcud deyil. Bu baxımdan Ali Attestasiya Komissiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının hələ bir müddət də fəaliyyət göstərməsinə ehtiyac var”.

“Lakin AMEA müxbir və həqiqi üzvlər seçməməli, akademik elmi adından imtina olunmalıdır. Bu qurum elmi araşdırmaların aparılması istiqamətində fəaliyyətini davam etdirməlidir”, - deyə müsahibimiz vurğulayıb.

Onun sözlərinə görə, birpilləli elmi dərəcələrə keçid etməyin zamanıdır: “Elmlər namizədi, indiki adı fəlsəfə doktoru, elmlər doktoru, akademik - bütün bu dərəcə və adlardan imtina olunmalıdır. Professor elmi dərəcəsi kifayətdir və doktoranturanı bitirdikdən sonra dissertasiya müdafiə edən alimlərə bu dərəcə verilməlidir. Alim vaxtını və enerjisini elmi araşdırmalara sərf etməlidir, elmi dərəcə və adlar almağa yox”.

“Bu gün AMEA-nın rəhbərliyində əsasən yaşlı və enerjisi tükənmiş məmurlar çalışır. Onlar da öz ətraflarına yaxın bildikləri şəxsləri gətirirlər. Elmi istehsalat iqtisadiyyatın ayrılmaz tərkib hissəsidir. Daha dinamik və gənc kadrlar bu qurumların rəhbərliyinə gətirilməlidir. Elm sahəsi intriqa mənbəyi ola bilməz. Bu kimi hallara birmənalı şəkildə son qoyulmalıdır”, - deyə Hüseynli fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.