Yeni Günəşlinin Kərpiczavod ərazisindəki çoxmərtəbəli binalar günlərin birində sürüşüb yox ola bilər...

8-02-2022, 10:58           
Yeni Günəşlinin Kərpiczavod ərazisindəki çoxmərtəbəli binalar günlərin birində sürüşüb yox ola bilər...
Elnur Fərzəliyev: “Şəhərdə yeraltı sular çoxdur , hansısa yeraltı hadisə baş verərsə, böyük təhlükə yaranar”

Son illər paytaxtımızda inşa edilən çoxmərtəbəli binaların sayı artıb. Lakin həmin binaların əksəriyyəti tikilən zaman tikinti normaları gözlənilmir. Binalar necə gəldi, bir-birinə yaxın tikilir. Görürsən ki, iki çoxmərtəbəli binanın arasında başqası inşa olunub. Tikililər və qonşu binalar arasında məsafə olduqca azdır. Bu məsafə təxminən 40-50 santimetrdir.

Halbuki hər bir mənzil normal havalanmalı, günəş işığı mənzillərə paralel düşməli, nəm və rütubət kimi problem yaranmamalıdır. Bu baxımdan binalar arasında məsafənin olması mütləqdir.

Binalar tikilən zaman qeydə alınan əsas problemlərdən biri də həmin tikilinin harda gəldi tikilməsidir. Ümumiyyətlə, elə yerlər var ki, orda yaşayış binasının tikilməsi düzgün deyil. Belə ki, sürüşmə ərazisində çoxmərtəbəli binanın tikintisi qanunla qadağan olsa da, bəzi ərazilərdə bu hal müşahidə olunur. Bu ərazilərdən biri də Yeni Günəşli qəsəbəsidir. Qəsəbənin vaxtı ilə göl olan və sürüşməyə meyilli ərazilərində hazırda beşmərtəbəli binalar, obyektlər tikilir. Yeni Günəşlinin Kərpiczavod adlanan əraizisi sürüşməyə meylli olsa da, bu ərazidə tikinti işi aparılır.

“Bakı şəhərində seysmik hesab edilən ərazilər az deyil, zamanla şəhərin müxtəlif ərazilərində sürüşmələrin baş verdiyini görürük”

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, Bakı şəhərində seysmik hesab edilən ərazilər az deyil: “Zamanla şəhərin müxtəlif ərazilərində sürüşmələrin baş verdiyini görürük. Müəyyən bərkidilmə işləri getsə də, həmin ərazilərdə tikinti işlər davam edir. Təəssüf ki, həmin yerlər təhlükəli ərazi kimi qeydə alınmır. Qeydə alınsa belə, burada tikinti işləri dayandırılmır. Nəzərə almaq lazımdır ki, Bakı neft şəhəridir. Neftli torpaqların altında yaranan boşluqlar belə, bu cür təbiət hadisələrinin baş verməsinə səbəb olur. Həmin sahələr qeydə alınmalı, orada yaşayış, qeyri-yaşayış sahələrinin inşası qadağan olunmalıdır. Həmin ərazilərdə ağaclar da əkilməlidir. Çünki bəzi ağaclar sırf yerin altında bərkidilmə işlərinin aparılması üçün əkilir. Onu da qeyd edim ki, bir sıra hündürmərətbəli binaları inşa etmək üçün yer qazılan zaman orada yeraltı çaylara, sualara rast gəlinib. Onların bəzilərində işlər dayandırılsa da, bəzilərində çayın səmti dəyişdirilib, tikinti aparılıb. Şəhərdə yeraltı sular çoxdur. Hansısa yeraltı hadisə baş verərsə, böyük təhlükə yaranar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.