Sayğac yenilənməsi, yoxsa “pul tələsi”? - Vətəndaşa heç bir xeyri yoxdur

8-02-2022, 16:49           
Sayğac yenilənməsi, yoxsa “pul tələsi”? -
“Azərişıq” ASC NFC texnologiyasını dəstəkləyən elektrik sayğaclarını istifadəyə verməyə hazırlaşır.

Bu barədə qurum məlumat yayıb.

Məlumata görə, bu növ sayğacların balansını mobil telefonla artırmaq mümkündür.

Ödəniş etmək üçün “Azərişıq” mobil tətbiqi yüklənməli, balans artırılmalı, daha sonra mobil telefon sayğaca yaxınlaşdırılmaqla məbləğ qurğunun balansına köçürülməlidir.

Bu yenilik sayəsində abunəçi elektrik enerjisinin gündəlik sərfiyyatına da mobil telefonunda dəqiqliklə nəzarət edə biləcək.

NFC topli sayğacların digər müsbət tərəfi isə odur ki, sayğacın aylıq oxunmasına ehtiyac qalmır. Bu da abunəçi -nəzarətçi təmasını aradan qaldırır və şəffaflığı tam təmin edir.

2010-cu ildən başlayaraq Azərbaycanda əhalinin işıq, qaz, su təminatı ilə bağlı müasir texnologiyaya əsaslanan SMS-smart sayğaclarının quraşdırılmasına başlanılıb.

“Azəriqaz” mexaniki sayğacları smartla əvəz etdikdən bir müddət sonra yenidən bəzi yaşayış evlərində həmin sayğacları mexaniki sayğaclara dəyişib. Ölkə vətəndaşları da qurumların tez-tez sayğac dəyişməsindən şikayətçidilər. DİA.AZ-ın mlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, sayğac dəyişdirməyin abonentə heç bir xeyri yoxdur:

“Sayğac istehsalçıları o sayğacları uzun müddət üçün hesablayırlar. Məsələn, “Azəriqaz”ın smart sayğaclarının istifadə müddəti 27 ildir. 27 il yararlı ola biləcək sayğacı 5-6 il də saxlamadılar, həyət evlərində onları dəyişdirdilər. İndi “Azərişıq”da da eyni vəziyyətdir. “Azərsu”da isə nisbətən sakitlikdir.

Sayğac dəyişdirməyin vətəndaşa heç bir xeyri yoxdur. Sayğac dəyişdirməyin xeyrini ancaq şirkətlər görür. Azərbaycanda büdcə vəsaitlərinin bu cür layihələrlə korrupsiyaya uğradılması artıq sirr deyil. Hər il sayğac dəyişdirməklə kimlərsə, hansısa məmurlar büdcədən pul oğurlayır.

Birinci, sayğacın alınması üçün şirkət seçilməlidir, həmin şirkətdən rüşvət alınır. O sayğacların quraşdırılması layihəsinin həyata keçirilməsi üçün seçilən şirkətdən rüşvət alınır, büdcə vəsaitlərini onların hesabına köçürəndə göstərdiyi xidmətdən daha çox vəsait köçürülür. Yəni bu cür alver var. Bunun səbəbi də ondan ibarətdir ki, bu şirkətlər dövlət şirkətləridir, bu vəsaitləri dövlət büdcəsindən alırlar.

Məsələn, sayğacların dəyişdirilməsinə 100 milyon pul lazımdır, dövlət büdcəsi o pulu ayırır. Sözsüz ki, lap aşağıdan yuxarıya, iyerarxiyanın hamısına o rüşvətdən, korrupsiyadan çatır. Bu, büdcədən pul oğurlamaqla qazanc yoludur. İstər, “Azəriqaz”, “Azərişıq”, “Azərsu” olsun, istərsə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki təmizlik şirkətləri olsun.

Bunların hamısı bu cür möhtəki yollarla pul oğurlamaq üçün bu layihələri həyata keçirirlər. Ona görə də biz bu layihələrin tez-tez həyata keçirildiyinin şahidi oluruq. Nə qədər ki, dövlət şirkətləri özəlləşməyib, büdcədən maliyyəni dayandırmayıb, biz bu layihələrin yenə də şahidi olacağıq”.

İqtisadçı hesab edir ki, bu sayğac dəyişikliyinin tutarlı əsası yoxdur:

“Keçən il “Azəriqaz” zorla gəlib smart sayğacları dəyişdirdi. Bəzi vətəndaşların etirazı nəticəsində sayğaclar saxlanıldı.

Konkret layihələrdə möhtəkiçilik də var. Əvvəllər mexaniki sayğacları smartla dəyişdirdilər ki, biz inkişaf etmiş ölkəyik. Sonra da smartı mexaniki sayğacları imkanlarının genişliyinə görə dəyişdirdilər. Yəni əsassız, çox gülünc əsaslar qoyurlar. Bu gün işıq pulu verə bilməyən vətəndaşa o pulu telefonla köçürmək lazımdır? Onsuz da bu işıq pulu ayda zorla, güclə ödəyir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.