“Kontakt Home” mağazalarından “iPhone 12 Pro Max” telefonları necə yoxa çıxıb? - TƏFƏRRÜAT

8-02-2022, 16:54           
“Kontakt Home” mağazalarından “iPhone 12 Pro Max” telefonları necə yoxa çıxıb? - TƏFƏRRÜAT
Ötən il Bakı şəhərində elektronika məhsulları satışı ilə məşğul olan “Kontakt Home” mağazalar şəbəkələrinin müxtəlif mağazalarından bir neçə “iPhone 12 Pro Max” markalı bahalı telefonlar yoxa çıxıb. Teref.az publika.az-a istinadla xəbər verir ki, aparılan araşdırmalar zamanı Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən mağazalara daxil olan 30-35 yaşlı şəxsin satıcıların diqqətini yayındıraraq hər dəfə məhz “iPhone 12 Pro Max” markalı telefonları oğurlaması üzə çıxıb.

Məlum olub ki, o, aprelin 28-də vitrinə quraşdırılmış 3.000 manat dəyərində “iPhone 12 Pro Max” markalı, 512GB yaddaş tutumlu mobil telefonu, 1 iyun 2021-ci il tarixdə, saat 17:10-da digər “Kontakt Home” mağazasına daxil olub oradan 2.400 manat dəyərində “iPhone 12 Pro Max” markalı, 128GB yaddaş tutumlu və 6 iyun 2021-ci il tarixdə, saat 17:55-də daha bir “Kontakt Home” mağazasına daxil olub oradan 2.600 manat dəyərində “iPhone 12 Pro Max” markalı, 256GB yaddaş tutumlu mobil telefon aparatlarını oğurlayıb.

Marketlərdə qeydə alınmış görüntülər polisə təqdim edildikdən dərhal sonra axtarışlara başlanılıb və oğurluq əməli törətmiş 1989-cu il təvəllüdlü Xətai rayon sakini Mehdi Qədirov iyunun 13-də tutulub. Onun həmin bahalı telefonları Papanin körpüsü adlanan ərazidə hər birini 500 manata satdığı məlum olub.

Nəsimi rayon Məhkəməsi təqsirləndirilən şəxsi 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.