Azərbaycan bazarında niyə “ucuz pul” yoxdur? - AKTUAL

8-02-2022, 19:18           
Azərbaycan bazarında niyə “ucuz pul” yoxdur? - AKTUAL
Mərkəzi Bankın məlumatına görə, 2021-ci ildə ümumi kredit porfeli 17 milyard 119 milyon manat olub.

Ümumi kredit portfelinin yarıdan çoxu ev təsərrüfatları vasitəsi ilə istehlak kreditləşməsinə yönəldilib. Kreditlərin cəmi 8.9 faizi sənaye və kənd təsərrüfatına yönəldilib. İstehlak kreditlərinin həcmində artımlar, ümumi kredit portfeli və biznes kreditləri ilə müqayisədə daha çoxdur. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, real sektorunun inkişafında biznes kreditlərinin xüsusi payı olur.

Hazırda istehlak kreditlərinin həcmində olan artıma nəzər salsaq, bu gün ölkəmizdə biznes kreditlərindəki artıma mane olan nədir və banklar, yoxsa sahibkarlar buna maraq göstərmir? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirib ki, bu yaxınlarda ölkə başçısı da çıxışında bunu xüsusi vurğuladı və irad tutuldu ki, istehlak kreditləri yox, daha çox biznes kreditləri verilməlidir:

“Biznes kreditlərinin isə gərək faiz dərəcələri cazibədar olsun. İndiki vəziyyətdə dünyada biznes mühiti ağırdır. Bu gün ucuz faizli sərmayələrin bazarda olması vacibdir. Bizdə də bank sistemində uçot dərəcələri müəyyən dövrdə azalmışdı, ancaq yenə də bazara aşağı faizlə kreditlər daxil olmur. Ayrı-ayrı proqramlar üzrə güzəştli faizlər var. Məsələn, ipoteka kreditləri. Yəni dövlət harda müdaxilə edirsə və yaxud hökumətin dəstəyi varsa, belə bazarlarda ucuz pul da olur. Ancaq ümumi hesabata gəldikdə istehlak kreditləri yenə də önəmli yer tutur. İstər kənd təsərrüfatı, istərsə də digər biznes sektorunda kredit az götürülür. Birincisi, kreditlərin götürülməsində çoxmərhələli problemlər yaşanır.

Digər tərəfdən də faiz dərəcəsinin yüksək olması ilə balans istehlak kreditlərinin xeyrinədir”.

Ekspertin fikrincə, banklar özlərini sığortalayırlar ki, biznes üçün verilən kredit geri qayıtmayacaq: “Bazarda bank sektorunda sağlam rəqabət mühiti olmalıdır. Belə mühit olsa, sağlam kapital, bazara investisiya yönümlü banklar gəlsə, bu, aktuallığını itirəcək. Bu gün bizim banklarda o institusional yanaşmanın özü yoxdur. Daha çox güvənli, sığortalı yolla pul qazanmaq niyyətindədirlər. Onun da yeganə yolu istehlak kreditləridir. Ancaq bu gün sahibkarın 10 min manat götürüb öz işinə başlaması bank üçün daha riskli hesab edilir. Bank sonuncu dərəcədə bunu özünün gündəminə gətirir”.

Ekspertin sözlərinə görə, kənd təsərrüfatı sektorunun faizinin kredit portfelində az olmasının səbəbi odur ki, ancaq Kənd Təsərrüfatı Nazirliyinin, hökumətin nəzarəti ilə hansısa güzəştli bir proqram əsasında vəsaitlər, subsidiyalar ayrılır: “Ancaq digər hallarda, ərazi götürüb əkin etmək üçün normal şəkildə istənilən kommersiya banklarına yaxınlaşanda ilk növbədə faiz yüksəkdir, bank hər hansı ucuz faizə getmək fikrində deyil. Düşünür ki, risklidir, kənd təsərrüfatıdır, “olmadı elə, oldu belə”. Burada kompleks şəkildə bağlılıq olmalıdır. Kənd təsərrüfatı sektorunun məhsulu sığortalanmalıdır. Bank desin ki, bu sığortalanır, təyinatı üzrə istifadə olunacaq. Yəni qapanmış bir dairə yaratmaq lazımdır ki, hamı bir-biri ilə güvənli şəkildə fəaliyyət göstərə bilsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.