"Leş ət mafiyası" iş başında! - Bu sahəyə "krışalıq" edənlər var?

9-02-2022, 17:50           
"Leş ət mafiyası" iş başında! -
İstifadəyə yararsız 4 ton at və mal əti satan mütəşəkkil dəstə üzvləri həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə tədbir keçirilib. Xaçmaz rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnən dəstə üzvləri ifşa olunub.

Toplanan materiallar əsasında müəyyən edilib ki, Xaçmaz rayon sakini Azik Babayev başçılıq etdiyi dəstənin üzvləri Hatəm Bayramov və Yalçın Babalıyevlə birgə ölmüş at və iri buynuzlu heyvanların ətinin toplanması, tədarükü və satışı ilə məşğul olublar.

Müəyyən ərzaqlar var ki, onları ölkə vətəndaşları yemir. At, eşşək və s. tipli heyvan ətləri də onların qida rasionunda deyil. Bu, həm dini, həm də ənənəvi nəsnələrlə, dəyərlərlə bağlıdır. Təəssüf ki, bəzi insanlar öz mənfəətləri üçün bu tip ətləri əhaliyə sırıyır. Görülən tədbirlər də nəticə vermir. Hətta məhkəmələr bu cür insanları həbs etmir, yalnız cərimələyərək cəzalandırır. Teref.az xəbər verir ki, məsələ ilə bağlı “Sherg.az”a münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov düşmənlərimizin də bu məsələdən istifadə etdiyini bildirib:

“Azad İstehlakçılar Birliyində bir kitabça var. 1967-ci ildə hazırlanıb. 15 müttəfiq respublika arasında təkcə Azərbaycanda eşşək əti yeməli ət kimi şərh olunub. Ətin qiyməti, yağlığı və s. qeyd edilib. İllər öncə müəyyən işlər apardıq. Məlum oldu ki, o kitabçanı ermənilər hazırlayıb. Biz bununla razı deyilik. Bu, Azərbaycan üçün ənənəvi qida deyil. Düşmənlərimiz də bundan istifadə edərək bizi vəhşi xalq kimi təqdim edirlər. Sovet vaxtı elə sənədlər meydana çıxırdı. Birmənalı şəkildə bu tip ətlər yeyilməz və İslam dininə görə də haramdır”.

Birlik sədri sovet dövrü ilə müstəqillik dövrümüzün müqayisəsini verib:

“Sovet vaxtı kim murdar ət satardısa, onun yeddinci nəsilinəcən başına vurardılar. Təəssüf ki, müstəqillik dövrü başlayandan sonra, hətta əhali varlansa belə, bu, davam etdi. AİB 24 ildir, bu leş tayfasını təqib edir. Bu prosesdə ən uğurlu işi Daxili İşlər Nazirliyi yanında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Çünki bu qurum cinayətkarları cərimələyib getməsinə imkan vermir, həbs edir. Ancaq məhkəmələr nədənsə bunlara bəraət verib azadlığa buraxır. Heydər Əliyev demişkən, ömrümün axırınacan o məhkəmələri ifşa etməklə məşğul olacam”.

Sədr yararsız ət satanların ifşasında iştirakından bəhs edib:

“Məsələ təkcə at və eşşək əti də deyil. Ölmüş və mundar olmuş heyvanların ətini satırlar.Səlahiyyətli şəxs olsaydım, həmin heyvanlardan bir xaş bişirtdirərdim, bu işlə məşğul olanlara zorla yedizdirərdim. Buna qarşı ümumxalq mübarizəsi qalxmalıdır. Çünki bələdiyyələrin, qurumların və xalqın gözü qarşısında yaramazlar bunu edirlər. Dəfələrlə bu cür insanların ifşasında iştirak etmişəm. Məndə onların vizitkartları var. Rayonlarda bu işlə məşğul olanların üstünə adamlar göndərmişəm. Axundlarıyla danışmışam ki, kəndinizdə belə bir şey baş verir. Məsələn, Xəlfəli kəndində bu cür hadisə olmuşdu. Daxili İşlər Nazirliyi aşkarlamışdı. Mən bilən orada sakitçilik olurdu, belə şeylər yox idi. Azad İstehlakçılar Birliyi nəzarət edirdi”.

O, məsul şəxslərin bu məsələyə laqeyd yanaşdığını qeyd edib:

“DİN-ə təşəkkür edirəm. Həqiqətən, digərlərindən çox fərqlənir. Çünki digər qurumlar, xüsusilə də, Kənd Təsərrüfatı Nazirliyi yararsız ət satanları cərimələyib buraxırdılar. Amma DİN həm cəzalandırır, həm də ifşa edir”.

E.Hüseynova görə, ölkədə yuxarı vəzifədən tutmuş adi vətəndaşa qədər hər kəs bir olsa, bu məsələ kökündən yox olar:
“Yeyilə bilməyəcək ətlərlə bağlı sənəd olmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi çıxış etdi ki, hər bir əti yemək olar, sadəcə istehlakçını aldatmamaq üçün adını qoymaq lazımdır. Bəli, de-yure belədir. Lakin de-fakto belə olmalı deyil. Hər birimiz mübarizə apararaq ölkədə mundar ətin satılmasına son qoya bilərik. Düşünürəm ki, heyvanların identifikasiya məsələsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həll olunandan sonra bu da, yaxın beş ildə baş verə bilər. Demək olar, məsələ 80 faiz yığışacaqdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.