Bananın bahalaşması təkcə Ekvadorla bağlı deyil, bazarda rəqabətli mühit yoxdur - Ekspert

10-02-2022, 09:13           
Bananın bahalaşması təkcə Ekvadorla bağlı deyil, bazarda rəqabətli mühit yoxdur - Ekspert
"Araz" marketlər şəbəkəsinin nümayəndəsi bildirib ki, "Veysəloğlu" şirkəti Azərbaycana banan ixrac etdiyindən yerli bazarda bananı aşağı qiymətə təklif edir.
Ekvadorda bananın hər kiloqramı 20 sentdən 30 sentə qədər bahalaşıb. Bu, bizim valyuta ilə hesablasaq, 50 qəpik civarındadır. Artıq bir həftəyə yaxındır ki, pərakəndə satışda bananın qiyməti artıb. Paytaxt alıcılarının sözlərinə görə, bu ayın əvvəlindən qiymətlər bahalaşmağa başlayıb.
Sputnik Azərbaycan-ın bazarda apardığı araşdırma zamanı fakt təsdiqlənib. Belə ki, Bakı bazarlarında bananın qiyməti artıb: 2,10 - 2,20 manata satılan bananın qiyməti hazırda 2,90 - 3 manatdır. Hətta pərakəndə küçə satışında bananın qiyməti 3 manat 50 qəpiyə təklif olunur.
Satıcıların sözlərinə görə, qiymət artımına səbəb bazarda olan qıtlıqdır. Alıcılar da hazırda bazarda yaranmış vəziyyətdən narazıdırlar.
Satıcılar bildirir ki, qiymət artımı uzun çəkməyəcək. Bazarda məhsul bol olduqca öz növbəsində qiymətin enməsinə gətirib çıxaracaq.
Qeyd edək ki, hazırda paytaxtın iri supermarketlərində banan 2,99 manata satılır.

Apardığımız araşdırma zamanı yalnız "Araz" marketlər şəbəkəsində bananın qiymətinin 2 manat 79 qəpiyə satıldığının şahidi olduq. Mağazanın adminstratoru bunun səbəbini "Araz" marketlər şəbəkəsinin "Veysəloğlu" şirkətinin nəzdində olduğu ilə əlaqələndirdi.
Bildirdi ki, "Veysəloğlu" şirkəti Azərbaycana banan ixrac etdiyindən yerli bazarda bananı aşağı qiymətə təklif edir.
Qeyd edək ki, Gömrük Komitəsinin illik hesabatlarında da ölkəmizə banan gətirən şirkətlərdən biri də "Veysəloğlu"dur. Məsələ ilə bağlı "Veysəloğlu" şirkətinə də sual ünvanladıq, lakin hələ müraciətə cavab verilməyib.
TEREF.AZ yazır ki, qtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ekvadorda bananın hər kiloqramında 10 sent bahalaşma olub. Bananın hər kiloqramı 20 sentdən 30 sentə qədər bahalaşıb:
"Bizim valyuta ilə hesablasaq, 50 qəpik civarındadır. Onun sözlərinə görə, logistika xərclərini də üzərinə gəlsək, qiymət 3 manata çatmalı deyildi. Belə məlum olur ki, hazırda ökəmizdə bananın qiymətində artım təkcə Ekvadorda bahalaşma ilə bağlı deyil".

İqtisadçı bildirir ki, hazırda ölkəmizə banan əsasən Ekvadordan ölkəmizə ixrac olunur:
"Azərbaycanda bananın bahalaşmasını təkcə dünya bazarındakı qiymət artımı ilə əlaqələndirmək olmaz. Bazarda oyunçu sayı artırılmalıdır. Bazarda rəqabətli mühit yoxdur. Başqa kiçik-orta sahibkarlara, bu işlə məşğul olmaq istəyən şirkətlərə də ölkəmizə banan ixrac etməyə imkan yaratmaq lazımdır. Bu zaman rəqabətli mühit güclənəcək. Biz yalnız onda qiymətlərin tənzimlənməsini iqtisadi alətlərlə müşahidə edə bilərik. Bu gün banan seqmentində oyunçu sayı azdır. Onların da bazarda qiyməti diktə etmək imkanı yaranır. Hazırda ölkəmizə barmaqla sayılacaq qədər şirkət banan ixrac edir".

N.Cəfərli bildirir ki, bazarda oyunçu sayının az olması bu gün qiymət artımında daha çox rol oynayır, nəinki dünya bazarında bananın bahalaşması.
Xatırladaq ki, ötən ilin fevral ayında da Azərbaycanda bananın qiymətində artım baş vermişdi. Həmin ərəfədə pərakəndə satışda 1 kiloqram bananın satış qiyməti 2.20 manatdan 2.50 manata qalxmışdı.
Qiymət daha çox Ekvadorun "Dole" markalı bananında baş vermişdi. Bu markalı banan daha dadlı və vitaminli hesab edilir.
Həmçinin Rusiyadakı pərakəndə ticarət şəbəkələri Ekvadordan edilən banan idxalında çətinliklərlə qarşılaşmışdı. Buna Ekvadorda məhsuldarlığın aşağı olması, idxalçıların pərakəndə satışa lazımi həcmdə tədarük edə bilməməsi və mövsümi yüksək tələbat səbəb olmuşdu.
Eyni zamanda, Sankt-Peterburq limanında meyvə ilə yüklənmiş bir neçə gəminin boşaltma üçün dayana bilməməsi də banan çatışmazlığına səbəb olmuşdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.