Apteklərdən ucuz dərmanları kim yoxa çıxarıb? - “Depoda da yoxdur” - REPORTAJ

10-02-2022, 11:08           
Apteklərdən ucuz dərmanları kim yoxa çıxarıb? -
Son günlər apteklərdəki bəzi dərmanlar sanki yoxa çıxıb.
Nəzərə almaq lazımdır ki, bir neçə həftədir koronavirusun “Omikron” ştammına yoluxanların sayında kəskin artım müşahidə olunur. Əlbəttə ki, xəstəlik əlaməti olan və ya bunun olacağını hiss edənlər dərhal apteklərə üz tuturlar. Bu zaman insanlar dərmanın keyfiyyətli olması ilə yanaşı, ucuz olmasına da xüsusi diqqət yetirir. Etiraf etmək lazımdır ki, hər vətəndaşın bahalı dərmanlar almağa imkanı yoxdur. Buna görə də təbii ki, ən çox ucuz dərmanlara tələbat var.
Buna baxmayaraq, gündəlik yoluxma sayının təxminən 8 minə qədər çatdığı bu günlərdə təəssüf ki, apteklərdə bəzi dərmanları tapmaq mümkün olmur. Bu barədə redaksiyamıza da şikayətlər daxil olub. Həmçinin, bəzi ucuz dərmanların apteklərdən yoxa çıxması ilə bağlı sosial şəbəkələrdə bir çox paylaşım da edilib. Xüsusilə də, “Nimesil”, “Parasetamol”, “Salotkiy Sirop (Biyan Kökü)”, dərmanlarının və “uşaq üçün kəpənək şprist”in tapılmadığı və depoda da olmadığı deyilir.
Görünən odur ki, insanlar ucuz dərmanların yoxa çıxmasından olduqca narahatdırlar. Nəticə etibarilə, tez sağalmaq üçün axtardıqları dərmanları tapa bilmirlər. Bu isə onların xəstəliyi ağır və uzunmüddətli keçirməsinə, həmçinin əlavə xərcə səbəb olur.
“Ucuzu yoxdur...”

Cebhe.info-nun əməkdaşı paytaxtın Yasamal rayonunda bir neçə aptekə baş çəkib. İlk olaraq Zivərbəy Əhmədbəyov küçəsində yerləşən “Cardio Aptek”ə getdik. Öyrəndik ki, hazırda aptekdə adıçəkilən dərmanlardan sadəcə “Nimesil” var, “Parasetamol” və “Solodkiy Sirop” yoxdur. Nə zaman gətiriləcəyi də bəlli deyil. Səbəb depoda olmamasıdır. Həmçinin, uşaqlar üçün “kəpənək” şprist yoxdur, onun əvəzində 50 qəpik dəyərində “Vazafiks” şpristi təklif olunur.

Ucuz “kəpənəy”in yerinə bahalı təklif

Cəfər Cabbarlı küçəsindəki başqa bir aptekdə “Nimesil” və “Parasetamol”un olduğunu, amma “Solodkiy Sirop” və “kəpənək” şpristin olmadığını bildirdilər. Bu aptekdən də uşaqlar üçün “Vazafiks” şpristi məsləhət görüldü.
5 dəfə bahalı, amma yararsız...

“Nizami” metrostansiyasının yaxınlığında yerləşən “Bizim Aptek”də “Nimesil” və “Parasetamol” dərmanlarının olduğunu öyrəndik. Əczaçı hazırda satışda “Salotkiy sirop”un olmadığını dedi:

“Amma deyiblər ki, gələcək”. “Nə zaman?” sualına isə cavab ala bilmədik. Bu aptekdə əczaçı bildirid ki, “Vazafiks” şpristi uşaqlar üçün uyğun deyil:
“Onlar üçün ən yaxşısı “kəpənək” adlanan şpristdir. Onun qiyməti isə 10 qəpikdir”. Yəni indi apteklərdə 10 qəpiklik sprist yerinə 50 qəpiklik sprist təklf olunur. Üstəlik onun da uşaqlara uyğun olub-olmadığı mübahisəlidir.

Şıxəli Qurbanov 15A küçəsində yerləşən “Çeburaşka aptek”ə də getdik. Ən çox axtarılan, 80 qəpik olan “Solodkiy Sirop” dərmanının depoda belə olmadığı cavabını aldıq. Lakin onun əvəzinə, ondan daha effektli olduğunu dedikləri başqa siropu məsləhət gördülər.
Beləliklə, ucuz dərmanların satışdan artıq yoxa çıxdığı və ya bilərkdən çıxarıldığı təsdiqini tapır.
Səbəbi isə kimsə izah etmir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.