Uzun illər Bakıda qanunsuz milyonlar yığmış “parkinqlərin” sehrli tərəfləri açılır...

10-02-2022, 11:28           
Uzun illər Bakıda qanunsuz milyonlar yığmış “parkinqlərin” sehrli tərəfləri açılır...
Elməddin Muradlı: “Dərəbəylik dövrü deyil ki, kimlərsə çox rahat şəkildə 100 minlərlə manatı yesin, dağıtsın...”

Bakının əsas problemlərindən birinə çevrilən qanunsuz parklanma ilə mübarizə gücləndirildikcə, ortaya yeni faktlar çıxır. Uzun illərdir qanunsuz parklanmadan qeyri-qanuni şəkildə əldə edilən vəsait ciblərə axıb, bundan dövlətə bir qara qəpik də olsun vergi verilməyib. Baxmayaraq ki, ləğv edilən BNA həmişə qanunsuz parklanma ilə mübarizə aparıldığını élan edirdi, amma gördüyümüz kimi, BNA fəaliyyəti dövründə bu sahədə heç bir iş görə bilməyib. BNA ləğv edildikdən və onun funksiyası BŞİH-nin tabeliyinə verildikdən sonra qanunsuz parklanma ilə bağlı yeni mübarizə perspektivi açılıb.

Bakupost.az-ın yaydığı məlumata görə, uzun müddətdir Bakıda qanunsuz fəaliyyət göstərən parkinqlərin kimə məxsus olması bəlli olub: “Qanunsuz parklama ilə bağlı paytaxtda keçirilən reydlərdən sonra “parkovşiklərin” rəsmi işə qəbulu başlayıb və bu zaman həmin şəxsin kimliyi üzə çıxıb. Dövlətin bu sahəyə nəzarətindən, cəza tədbirlərinə başlamasından sonra parklamaya nəzarət edənlər "Çinar Avtoparkinq" adlı MMC tərəfindən işə götürülür. "Çinar Avtoparkinq" MMC-nin (VÖEN 1306356451) hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ev 5-dir. 17.10. 2019-cu ildə dövlət qeydiyyatına alınan "Çinar Avtoparkinq" MMC-nin nizamnamə kapitalı isə cəmi 10 manat təşkil edir. Bağlanan əmək müqavilələrindən görünür ki, bu MMC-nin rəhbəri Qocayev Nizami Mehralı oğludur. Nizami Qocayev hər kəsə tanış addır...”

“Qanunsuz parklanma ilə məşğul olanlarla bağlı aidiyyəti dövlət qurumları ətraflı araşdırma aparmalıdır”

Yayılan məlumata şərh verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Bakı-Xəbər”ə bildirdi ki, qanunsuz parklanma ilə məşğul olan təkcə “Çinar Avtoparkinq" MMC deyil, başqaları da olub, indi də var. “Nizami Qocayev keçmiş polis rəisi olub. O bu gün özü üçün biznes qurub, parkinq işi ilə məşğul olur. Amma bizim qanunvericilikdə bu kimi məsələlər belə tənzimlənmir ki, kimsə gedib bir MMC yaradır, yolun qırağında bir adam qoyur, bələdiyyədən də bir sərəncam alır və sair. Baxın, görün bunu başqası edə bilərmi? Edə bilməz. Amma bu adam edib. Hər kəs bir MMC yarada bilər, amma bu o demək deyil ki, yolda durub qanunsuz pul yığmaldır. Yığılan pulun mənbəyi bilinmir, mənşəyi bilinmir. O pulu kim kimə verir, niyə verir, bu pullar hara gedir, ondan vergi ödənilirmi? Bax, bu məsələlər açıq qalır. Bu barədə daxili işlər və prokurorluq orqanları, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi araşdırma aparmalıdır. Qanunsuz parklanma ilə məşğul olanlarla bağlı aidiyyəti dövlət qurumları ətraflı araşdırma aparıb bütün açıq suallara nöqtə qoymalıdır. Bu məsələlərə aydınlıq gətirilməlidir. Şəxsən hər bir Azərbaycan vətəndaşı üçün utanc gətirən hal ondan ibarətdir ki, maşını ya bir marketin, ya bir ticarət mərkəzinin qarşısında, yaxud yol kənarında saxlayırsan, bir də görürsən ki, əyni jiletli bir nəfər başının üstünü kəsdirir ki, pul ver. Mənim verdiyim 1 manat nə üçün hansısa keçmiş məmurun, yaxud kimsəninsə cibinə getməlidir? Niyə vətəndaşın pulunu kimsə çox rahat şəkildə yeməlidir? Burada söhbət bir manatdan getmir. Bakı şəhərində parkinqlərdən ayda təxminən 350 min manata yaxın pul yığılır və bu pul kimin cibinə gedir, onu araşdırmaq lazımdır. Burada indi Nizami Qocayevin adı çəkilir. Amma o tək deyil. Bundan əvvəl “Asa Parkinq” şirkəti var idi, sonra özlərini Qarabağ qazisi kimi təqdim edən şəxslər, bu işin arxasında kimlər, kimlər var. Bunu aidiyyəti orqanlar yaxşı bilir. Sadəcə olaraq üstünə getmirlər. Mən də başa düşürəm, bu işin üstünə getmək üçün birincisi küçədəki o adamları yığışdırmaq lazımdır. Bunlar da təxminən 600-700 adamdı və yığışdırılsalar, onlar işsiz-gücsüz qalacaq”.

E.Muradlı hesab edir ki, problemdən çıxış yolu kimi o adamları qanunsuz parklanma işindən uzaqlaşdırmaq lazımdır və onlar “Yaşat” Fondunun əməkdaşları kimi işə göütürülsün, onlarla müqavilə bağlansın və onlar qazandıqları pulu “Yaşat” fonduna köçürsünlər: “Aylıq 300-350 min manat nə qədər qazinin, şəhid ailələrinin ev təminatı, başqa problemlərinin həlli üçün önəmlidir. Biz bu məsələləri həll etmək əvəzinə kimsə pulu cibinə yığsın və biz də dinməyək. Belə olmaz. Demirəm ki, o adamları oradan qovaq və orada heç kim dayanmasın, dayansın. Amma bu pulun qazilərimizə, şəhid ailələrinə, veteranlara faydası olsun. Dərəbəylik dövrü deyil ki, kimlərsə çox rahat şəkildə 100 minlərlə manatı yesin, dağıtsın, bunun bir sorğu-sualı olmalıdır. Necə olur ki, biri birindən 50-100 manat pul alır və korrupsoner kimi həbs olunur, amma söhbət aylıq 300-350 min manat puldan gedir, heç kim onun sorğu-sualını aparmır”.

İradə SARIYEVA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.