"Texno Gallery"dən şikayət etməyin: DÖYÜLƏ BİLƏRSİNİZ... - NARAZILIQ!

10-02-2022, 10:14           
"Texno Gallery"dən şikayət etməyin:
- ""Texno Gallery", əziz dostlar, mağazadakı bəzi əməkdaşlarınıza izah edin ki, müştərini küçəyə münasibətləri həll etməyə çağırmaq heç də yaxşı fikir deyil, çünki bu, həmin əməkdaşın sağlamlığına və zahiri görünüşünə də, şirkətin imicinə də xələl yetirə bilər". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Fikrət Doluxanov adlı istifadəçi giley edir.


Daha sonra narazı vətəndaş yazır: "Yanvarın 22-si Süleyman Rüstəm 15B ünvanındakı "Texno Gallery" mağasında iki ədəd 3 metrlik VGA-VGA kabel və USB-hub əldə etdim. Bir neçə gün sonra kabelləri kompüterdən iki fərqli monitora qoşanda aşkarladım ki, görüntü həddindən artıq bulanıqdır. Əlimin altında olan digər VGA kabellərlə müqayisədə fərq dərhal hiss olunurdu. Texniki detallara varmadan qeyd edim ki, VGA standartı köhnəlmiş olduğundan yüksək çözümlülüklü görüntü ilə işləyəndə kabelin keyfiyyətinə çox həssasdır. "Niyə DVI/HDMI/DisplayPort deyil də, VGA?" sualını kənarda qoyuram.


Yanvarın 29-u sözügedən kabelləri mağazaya əvəzləməyə apardım. Satıcının ilk arqumenti "kabellərə zəmanət verilmir" oldu. Ona bunun heç bir rol oynamadığını və keyfiyyətsiz məhsulu istənilən halda əvəzləməli olduğunu bildirəndə, qəhrəmanımız əsəbiləşməyə başladı. Bir müddət kabellərin "orijinal qablaşdırılmasının" olmamasını müzakirə etdik.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun barədə eşidəndə satıcı özündən çıxdı və aqressiv şəkildə "sənə heç nə əvəzləyən deyiləm, kimə şikayət edirsən et" dedi. Ona özünü yığışdırmağı və danışıq tərzinə fikir verməyini məsləhət görəndə, dostumuz yanında digər aqressiv bir fərdlə məni küçəyə "razborka"ya dəvət etdilər. Bu dəvət çox pis nəticələnə bilərdi, əgər Xəyyam adlı satıcı aramıza girib bizi ayırmasaydı.


Xəyyam problem barədə özümdən bir daha öyrənib əsəbiləşməməyimi xahiş etdi, kabelləri əvəz etdi. Bu zaman "mənə heç nə əvəzləməyən" qəhrəmanla daha bir xoşagəlməz söhbətimiz oldu. Burada da Xəyyam aranı sakitləşdirdi. Mən mağazanı tərk edərkən öz vizit kartını verdi və yeni kabellər barədə məlumat verməyimi xahiş etdi.

Belə alınır ki, digər kabellər var idi və onları əvəzləmək də mümkün idi. Yeni kabellər normal işləyir və məni qane edir. Buna görə də Xəyyam adlı satıcıya minnətdaram.


İndi isə suallar. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, mağaza keyfiyyətsiz və gözlənilən kimi işləməyən məhsulu 7 gündən sonra əvəzləməyə bilərmi? Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, mağazanın əməkdaşları müştərini nə əsaslarda "razborka"ya dəvət edir və davaya təhrik edir?

Özüm üçün isə iki nəticəyə gəldim:
1. "Texno Gallery" mağazasından uzun müddət kompüter üçün hissə və aksessuarlar alırdım. Bundan sonra daha xoş xidməti olan yer axtaracağam.
2. Nə qədər təmkinli və mədəni olursan ol, kimsə buna qeyri-adekvat reaksiya verəcək".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.