Taksi xidmətlərində rəqabətə son?!

11-02-2022, 10:43           
Taksi xidmətlərində rəqabətə son?!
Ekspertlər hesab edirlər ki, dəyişikliklərdən sonra bu sahədə rəqabətə son qoyulacaq, taksi xidmətində inhisarçılıq artacaq
Prezident İlham Əliyev Bakının nəqliyyat sistemində idarəetmənin dəyişməsinə fərman verib. Fərmana görə, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə, agentliyin “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Daxili İşlər Nazirliyinin tabeliyinə keçir.

Dövlət başçısı Nazirlər Kabinetinə Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində təqdim etməyi tapşırıb.

Ekspertlər deyir ki, son illər qiymətlər artsa da, bu, yalnız taksi xidmətlərinə şamil olunmayıb. 2016-cı ildən bəri taksi xidməti ucuzlaşıb, səbəbi isə çox sadədir: bu xidmət ölkədə rəqabətli mühit olan nadir sahələrdəndir. Rəqabət yarandı, ölkəyə daha az yanacaq istifadə edən avtomobillər gətirildi, taksi xidməti göstərən şirkətlər fəaliyyətə başladı, qiymətlər düşdü. Ekspertlər hesab edirlər ki, yeniliklərdən sonra bu sahədə rəqabətə son qoyulacaq, taksi xidmətində də inhisarçılıq artacaq.

Ekspertlərin fikrincə, Azərbaycanda təxminən 40-50 min vətəndaş taksi xidməti ilə məşğul olur. Qeyd edilir ki, taksi xidməti ilə məşğul olan sürücülərə qarşı müəyyən məhdudiyyətlər tətbiq edilsə, həmin vətəndaşların böyük əksəriyyəti işsiz qala bilər. Çünki orada artıq müəyyən tələblər tətbiq olunacaq. Eyni zamanda taksilərin sayı azaldıqca burada qiymətin yüksəldilməsi baş verə bilər. Burada çox ehtiyatla davranmaq lazımdır. Taksi fəaliyyəti ilə məşğul olan sürücülərin sosial rifahına xələl gətirməməklə taksi xidmətini təşkil edən şirkətlər qarşısında müəyyən tələblər mütləq qoyulmalıdır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a bunları şərh edib: “Taksi xidməti Azərbaycanda sırf bazar iqtisadiyyatı əsasında, tələb-təklif əsasında yaranıb. Bu gün Azərbaycanda taksi sahəsində yaxşı rəqabətlilik var, bu həm sərnişinlərə, həm sürücülərə, həm də taksi şirkətlərinə imkan yaradır ki, bundan faydalana bilsinlər.

Bu gün taksi fəaliyyətində müəyyən düzəlişlərə ehtiyac var. Bunlar hansılar ola bilər? Fikrimcə, təcrübəsiz sürücülərin, avtomobil sürmə təcrübəsi 3 ildən az olanların taksi fəaliyyəti ilə məşğul olması qadağan olunmalıdır. Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı müəyyən normativləri var, orada qeyd olunub ki, fəsillər ağ, sarı və bənövşəyi rəngdə ola bilər. Düşünürəm ki, rəng məsələsi aradan qaldırıla bilər. Taksi fəaliyyəti ilə məşğul olursa, həmin taksi minik avtomobilinin üzərində şahmat dediyimiz taksi fənərı olmalıdır. Taksi fənəri varsa, artıq burada hər hansı bir rəng rol oynamamalıdır.

Bundan əlavə, bu gün taksi operatoru olan beynəlxalq şirkətlər və digər şirkətlərdə taksi sürücülərinə göstərdikləri xidmətə görə, yəni sərnişin təqdim etdiyinə görə onlardan müəyyən komisyon faiz alırlar. Bu faizlər yüksəkdir. Sadəcə, bu faizləri endirmək lazımdır. Beynəlxalq şirkətlər var ki, misal üçün, Ukraynada taksi sürücüsündən göstərdiyi xidmətə görə 10% komisyon haqqı alır, amma Azərbaycanda 20 faiz komisyon haqqı alır. Düşünürəm ki, bu cür şirkətlərin qarşısında tələb qoyulmalıdır ki, taksi sürücüsündən aldığı komisyon haqqı azaldılsın.

Bununla belə, mən vahid qiymət tarifinin tətbiq edilməsinin tamamilə əleyhinəyəm. Vahid qiymətin tətbiq edilməsi, xüsusi sayğacların qoyulması problemlər yaradacaq. Taksi xidmətlərinin qiyməti yüksələcək, qiymətlər bahalaşacaq. Bundan sonra taksi fəaliyyəti ilə məşğul ola bilməyən vətəndaşlarımızın sayı artacaq, bu da özlüyündə işsizliyə gətirib çıxara bilər. Həmçinin, vətəndaşlarımız seçim hüququndan məhrum edilə bilər. “Azərbaycan Respublikasında istehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun pozula bilər, inhisarçılıqla bağlı qanun pozula bilər. Ona görə də taksilərdə vahid tarif deyil, tövsiyə edilən tariflər tətbiq oluna bilər".

Ekspert qeyd edir ki, tövsiyə edilən tariflər də artıq mövcuddur: “Bu, Nazirlər Kabinetinin normativlərində var. 2019-cu ildə bu qərar artıq verilib. Taksi xidmətində hər kilometrə görə 50 qəpikdən başlayır, 50-70 qəpik civarındadır. Burada müəyyən aksiyalar keçirməklə, hər bir taksi şirkətinin, taksi operatorunun, yaxud da fərdi taksi ilə məşğul olan vətəndaşın öz haqqıdır. Bu, 50 qəpikdən 70 qəpiyə qədər dəyişə bilər. Misal üçün, pik saatlarında qiymət bir qədər yüksəlib, digər saatlarda qiymət azala bilər. Amma burada fiks qiymət 60-70 qəpik olsa, bu bir qədər bizi seçim imkanlarından məhrum edir, rəqabətliliyi azaldır. Ona görə də tövsiyə olan qiymətlər verilə bilər. Bəzən deyirlər ki, Azərbaycanda taksi xidməti çox ucuzdur. Heç də belə deyil. Taksi xidməti Azərbaycanda heç də ucuz deyil. Qaydalara görə taksi çağırırsınızsa, orada 1 manat 50 qəpik ödəyirsiniz. Uzaq məsafə gedirsinizsə, 50 qəpik ödəyirsiniz, yaxın məsafəyə gedirsinizsə, kilometrinə görə 70 qəpik ödəyirsiniz. Bu haradan ucuz sayılır? Xidmət göstərən avtomobillərin seqmentinə, rahatlığına görə bu qiymət dəyişir. Daha komfortsuz avtomobildə gedirsinizsə, az qiymət ödəyirsiniz. Bu normaldır. Bu sahədə gözəl rəqabət var. Seçim imkanları da var. Sadəcə, taksi şirkətlərinin sərnişin tapdıqlarına görə sürücülərdən aldığı komisyon haqları azaldılmalıdır. Biz imkan verə bilmərik ki, beynəlxalq taksi operatoru şirkətləri burada vətəndaşlarımızı istismar etsinlər. Burada müəyyən qaydaları diktə etsinlər”.

Cəfərov əlavə edib ki, bu gün yanacağı çox az işlədən avtomobillərin bolluğunda, hibrid avtomobillərin olduğu və kiçik mühərrikli avtomobillərin olduğu bir vaxtda taksi xidmətlərinin qiymətləri bundan yüksək ola bilməz: “Bu normal qiymətlərdir. Əgər biz həqiqətən də taksi sürücülərinin maddi rifahını, sosial rifahını yaxşılaşdırmaq istəyiriksə, onda taksi sürücülərinə xidmət göstərən taksi operatorlarının qarşısında məsələ qaldırılmalıdır ki, onlar taksi sürücülərindən aldıqları komisyonu azaltsınlar. İkincisi, taksi sürücülərinə dayanma-durmaya görə yazılan əsassız bəzi cərimələr var. Bilirik ki, bu gün Bakıda dayanma-durma problemli məsələdir. Əsassız cərimələr çoxdur, onda qoy həmin əsassız cərimələr ləğv edilsin. Yaxud da cərimə edən qurumlar özləri cərimələri ödəsin. Onda mən deyərəm ki, həqiqətən də taksi sürücülərinin maddi və sosial rifahını düşünərək bu addımları atırıq. Amma Azərbaycan vətəndaşlarının zərərinə ola biləcək addımlar atmaq olmaz, qiymətləri heç bir halda yüksəltmək və yaxud da fiks qiymət tərtib etmək olmaz".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.