"Təhsil eksperti" statusunun verilməsinə ehtiyac varmı? - AÇIQLAMA

16-03-2022, 12:17           
"Təhsil eksperti" statusunun verilməsinə ehtiyac varmı? - AÇIQLAMA
“Son zamanlar təhsil eksperti statusu ilə bağlı məsələnin gündəmə gətirilməsi əhəmiyyətsiz mövzu olmasa da, geniş ictimaiyyət tərəfindən dəyərləndirilə bilər".

Teref.az-ın yazdığına görə, Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov son zamanlar təhsil eksperti adının kimlərə verilməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dövlət qurumu tərəfindən kimlərəsə təhsil eksperti adının verilməsi onları asılı vəziyyətə salacaq: "Müəllimin peşəkar inkişafının bir hissəsi olaraq onlara gələcəkdə “təhsil eksperti” adının verilməsinə ehtiyac olmadığını düşünürəm. Nə bilmək olar, bəlkə müəllimin yeni “ekspert imici” ilə bağlı hansısa kriteriya əsasında inandırıcı və əsaslandırıcı dəlil ortalığa qoydular? Müqəddəslik və şərəflilik etalonu kimi qəbul etdiyimiz müəllim məfhumunu bu dərəcədə dartışdırmağa zərurət yoxdur, ola da bilməz. Müəllim sözünün özündə hər şey deyilib. Müəllim əməyini stimullaşdırmaq, onun əmək haqqına diferensial yanaşmaq məqsədilə ona “baş müəllim”, “metodist” müəllim statusunu vermək, dövlət qayğısını hiss etdirmək, daha da şərəfləndirmək üçün “Əməkdar müəllim” və digər fəxri adlara layiq görmək olar. Ancaq “repetitor müəllim” adı azmış kimi, ona vəkil qismində “ekspert müəllim” kimi bir yarlıq yapışdırmaq o qədər də səmimi görünmür”.

Nadir İsrafilov "ekspert" adının kimlərə şamil edilə biləcəyini də izah edib: "Dar mənada “Ekspert” latın sözü olub (expertus) – təcrübəli deməkdir. Geniş mənada götürdükdə isə müəyyən edilmiş proqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisinə ekspert deyilir. Dünya təcrübəsində təhsilin keyfiyyətinin qiymətləndirilməsində, müəyyən qanunvericilik aktlarının, standartların və layihələrin hazırlanmasında peşəkar ekspertlərin xidmətlərindən geniş istifadə olunur, onların rəy və təkliflərinə istinad olunur. Ekspert müstəqil mövqeyə malik şəxs olmalıdır. Əgər təhsil eksperti adı hansısa dövlət qurumu tərəfində veriləcəksə, o adın sahibi neytrallığını itirmiş olacaq. Yəni istisna oluna bilməz ki, hansısa dövlət qurumu tərəfindən, kimlərəsə təhsil eksperti adının verilməsi kimlərisə “özününküləşdirmək”, asılı vəziyyətə salmaq anlamına gələcək".

Təhsil eksperti qeyd edib ki, həm Təhsil Nazirliyinin əməkdaşları, həm media mənsubları kimin həqiqi, kimin saxta ekspert olduğunu daha yaxşı bilirlər: "Hələ ekspert seçimində nələr baş verə biləcəyini: imtahanlar, müsahibələr, təlimlər, əlavə kurslar, sertifikatlar və çətin məsələ deyil. Elə isə gəlin özümüzə qarşı “ikinci cəbhə” açmayaq, müəllimə öz funksional vəzifəsini yerinə yetirmək və şərəfli adını qorumaq üçün ona lazımı şərait yaradaq, onun sosial və məişət problemlərinin həlli yolları, həddən artıq ağır yükdən azad olunması formaları barədə düşünək. Ölkəmizdə lazımı qədər ekspert qismində tanınan təcrübəli mütəxəssislər var və onları əvəz edə biləcək yeni qüvvələr də formalaşır. İstər Təhsil Nazirliyi əməkdaşları, istərsə də media mənsubları kimin həqiqi, kimin saxta ekspert olduğunu daha yaxşı bilirlər”.

Fəqan Əzimli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.