Rusiya oliqarxlarının əmlaklarını tapmağa kömək edənlərə pul mükafatı veriləcək - “Washington Post”

16-03-2022, 11:34           
Rusiya oliqarxlarının əmlaklarını tapmağa kömək edənlərə pul mükafatı veriləcək - “Washington Post”
ABŞ-da ikipartiyalı senatorlar qrupu Rusiya hökuməti ilə əlaqəli olan sahibkarların aktivlərinin tapılmasına kömək edənlərə pul mükafatı nəzərdə tutan qanun layihəsi hazırlayıb. Onların əmlakı müsadirə olunacaq, satılacaq və pullar Ukraynaya veriləcək. Teref.az bizimyol.info-ya istinadla xəbər verir ki, bu barədə “Washington Post” yazıb . Yeni qanun ABŞ prezidenti Co Baydenə səlahiyyət verəcək ki, o federal orqanlara Rusiya oliqarxlarının və ya Rusiya hökuməti ilə əlaqəli digər maliyyə elitalarının aktivlərini müsadirə etmək və sonradan özgəninkiləşdirmək hüququ versin.

Qanun layihəsi həm də bu aktivlərin satışından əldə edilən vəsaitin ölkənin yenidən qurulmasına və ya silahlı qüvvələrinin maliyyələşdirilməsinə kömək etmək üçün Ukrayna hökumətinə köçürülməsinə imkan verəcək. Ümumiyyətlə, hazırda sanksiyalar qanunu yalnız federal hökumətə sanksiya tətbiq edilən şəxslərin aktivlərini dondurmağa icazə verir, lakin onları həbs etmək səlahiyyəti vermir.

Qanun layihəsini Demokrat senatorlar Şeldon Uaythaus, Riçard Blumental, Lindsi O. Qrem və Rocer Uiker təqdim ediblər. ABŞ və onun avropalı müttəfiqləri xaricdə gizlədilən pulları hədəfə alaraq bu maliyyə elitasına təsir göstərməyə çalışırlar, lakin bu hərəkətlərin Rusiya prezidenti Vladimir Putinə təsiri qaranlıq olaraq qalır. Qanun layihəsinin taleyi də aydın deyil, çünki administrasiya indiyədək Konqresin Rusiyaya qarşı sanksiyalar siyasətinə nəzarət etmək cəhdlərinə müqavimət göstərib.

Xatırladaq ki, indiyə qədər ABŞ və Avopada bir çox Rusiya oliqarxlarının yaxtaları tapılaraq həbs edilib. Proses hazırda da davam edir. Yeni qanun layihəsi qəbul edilərsə, Rusiya hökumətinə yaxın şəxslərin bütün növ əmlaklarını müsadirə edib Ukraynaya vermək mümkün olacaq.

Bir neçə gün əvvəl məlum olmuşdu ki, Rusiyanın azırbaycanlı milyarderi Vahid Ələkbərovun da yaxtası axtarılır. Amma yaxtanın naviqasiya sistemi söndürüldüyünə görə onu tapmaq mümkün olmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.