7 milyonluq TENDER HOQQABAZLIĞI... - İcazə verin, şübhələnək...

16-03-2022, 16:30           
7 milyonluq TENDER HOQQABAZLIĞI... -
Teref.az yenixeber.org-a istinadən bildirir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 10.03.2022-ci il tarixdə start götürən tender müsabiqəsinə 5 gün sonra-15.03.2022-ci il tarixdə yekun vurulub... Müsabiqənin qalibi isə "AS-Təmir Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. Bu müqavilə ilə "AS-Təmir Tikinti" MMC Sumqayıt Şəhər İcra Hakimiyyətindən 7 milyon manat alacaq.

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... Sumqayıt Şəhər İcra Hakimiyyəti bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlərin həcmi barədə məlumat verilmədən...(?) Sumqayıt Şəhər İcra Hakimiyyəti "AS-Təmir Tikinti" MMC ilə 7 milyon manatlıq müqavilə bağlayıb!

Sumqayıt Şəhər İcra Hakimiyyəti həm də, görüləcək işlərin təfərrüatını açıqlamır(?) Maraqlıdır ki, dövlət satınalma portalında da, müqavilənin predmeti, görüləcək işlərin nədən ibarət olacağı haqqında heç bir məlumat yoxdur(?) Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək Sumqayıt Şəhər İcra Hakimiyyətinin də, vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır. Həm də, nə az, nə çox söhbət dövlətin 7 milyon manatından gedir...

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...



Elə isə sual olunur: Sumqayıt Şəhər İcra Hakimiyyəti nədən bu qanunu “unudub” və müvafiq tender sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Hansı işlərin görüləcəyi haqqında da, heç bir məlumat açıqlamadan(?) Niyə görüləcək işin detalları açıqlanmır? Burada hansı bir istisna mümkündür ki? Və s.

Amma suallar bununla bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətindən açıqlama almaq istəsək də, alınmadı... Hörmətli icra başçısı Zakir Fərəcova ünvanladığımız elektron sorğu hələ də, cavabsızdır(?)

"AS-Təmir Tikinti" MMC ilə isə əlaqə yarada bilmədik. Səbəb isə 7 milyon manat dövlət vəsaitinin etibar edildiyi bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinin olmamasıdır(?) Öyrənə bildiyimiz bircə o oldu ki, nizamnamı kapitalı 100 manat olan "AS-Təmir Tikinti" MMC-nin qanuni təmsilçisi Mustafayev Anar Ağasəf oğludur...

***

Yeri gəlmişkən Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə "AS-Təmir Tikinti" MMC arasında bu ilk əməkdaşlıq faktı deyil. Tərəflər ötən illərdə də, dəyəri milyonlarla ölçülən müqavilələrə imza atıblar...

Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.

Mövzunun davamı olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.