Dünya bazarında buğda kəskin bahalaşdı - VİDEO

17-03-2022, 09:35           
Dünya bazarında buğda kəskin bahalaşdı - VİDEO
Rusiya ölkədən taxıl ixracını qadağan edib və qadağa iyunun 30-na kimi davam edəcək.

Baş nazir Mixail Mişustinin sərəncamı ilə qoyulmış qadağa yetərincə sərtdir və Rusiyanın ən yaxın müttəfiqləri olan Avrasiya İttifaqı ölkələri də bu ölkədən taxıl ala bilməyəcəklər.

Nazirlər Kabinetindən bununla bağlı verilmiş məlumatda bildirilir ki, bu addım sərt xarici məhdudiyyətlər şəraitində ölkənin daxili bazarını qorumaq məqsədi ilə atılır. Qadağa buğda və çovdar, arpa və qarğıdalı ixracı üçün üçün tətbiq edilir.

İlkin araşdırmalar göstərir ki, iyunun sonuna kimi dünya bazarı 10 milyon tona yaxın taxıl ala bilməyəcək. Çünki 15 fevral - 30 iyun tarixləri arasında Rusiyadan taxıl ixracı kvotası 11 milyon ton müəyyən edilib.

Bu, dünya səviyyəsində ciddi narahatlıq doğurub. Artıq limanlarda buğdanın tonunun qiyməti 400 dolları keçib. Düzdür, Rusiya - Ukrayna İxraca qadağa qoyulumasının ertəsi günü - martın 16-da 1 tonun qiyməti 427 dollara qədər qalxıb. Halbuki, bir neçə həftə qabaq dünya bazarlarında buğdanın tonu 340 dollar idi. İl yarım qabaq isə qiymət 190 dollar ətrafındə dəyişirdi.

BMT-nin kənd təsərüfatı qurumu FAO-nun rəhbəri Tsuy Dunyuy bir neçə gün öncə dərc edilmiş məqaləsində bildirib ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə taxıl idxalatından asılı olan ölkələr üçün problemlər yaradacaq.

«Dünyanın ən iri buğda idxalçıları - Misir, Türkiyə, Banqladeş və İran taxılın 60 faizini Rusiya və Ukraynadan alır və onların heç biri öz idxal tələbini tam yerinə yetirə bilmir. Göstərilən ölkələrlə yanaşı Livan, Tunis, Yəmən, Liviya və Pakistan da buğda idxalından asılıdır»,- deyə məqalədə vurğulanır.

Bu, Türkiyə üçün daha ciddi problemdir, 2021-ci ildə Ankara daxili bazarın buğdaya olan tələbini ödəmək üçün 9,5 milyon ton buğda idxal edib. Özü də Türkiyə idxalı ildən ilə artırır, məsələn 2020-ci ildə buğda idxalı cəmi 6,5 milyon ton olmuşdu. Türkiyədən fərqli olaraq, Azərbaycanın buğda idxalından asılılığı ildən ilə azalır. Əgər Azərbaycan 2020-ci ildə 1,4 milyon ton buğda idxal etmişdisə, 2021-ci ildə bu göstərici 1,1 milyon tona düşüb. Bu il idxal daha az olacaq.

Bununla yanaşı, Azərbaycan həm də ölkədə yetərincə buğda, o cümlədən, digər ərzaq məhsullarının ehtiyatının toplanmasının da qayğısına qalıb. Bu barədə baş nazir Əli Əsədov da parlamentdə çıxışı zamanı bildirib.

Ərzaq səbətində birinci yerdə çörək məhsulları, yən buğda gəlir. Həmçinin səbətə tərəvəz, meyvə, ət, süd, balıq, yumurta, şəkər, bitki yağları və marqarin, həmçinin kərə yağı daxildir. Yəni baş nazir Əli Əsədov Azərbaycanın bu məhsullar üzrə kifayət qədər ehtiyatının olduğunu vurğulayır.

Amma bununla belə, dünya ərzaq bazarında yaranmış son vəziyyət göstərir ki, Azərbaycan yerli istehsalı, xüsusilə də ərzaq buğdası istehsalını ildən ilə artırmaqla ərzaq təhlükəsizliyini təmin etməlidir. Satilstika göstərir ki, son 10-15 ildə bu istiqamətdə xeyli iş görülüb. Amma Azərbaycanın potensialı böyükdür və ölkə çağdaş texnologiyalardan istifadə etməklə, həm daxili bazarının tələbatını ödəyə bilər, həm də dünya bazarının etibarlı ərzaq təminatçısına çevrilə bilər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.