Limit artırılacaq?- “Biz istənilən rəqəmi təqdim etməyə hazırıq”-“Azəriqaz”

21-03-2022, 13:08           
Limit artırılacaq?-
Azərbaycanda son günlər hava şəraiti kəskin dəyişib.

Ölkənin demək olar ki, bütün bölgələrində temperaturun aşağı düşməsi, qar və sulu qar yağması güclü külək və sel-subasma ilə müşayiət olunur. Bəzi bölgələrdə qarın qalındığı 40-74 santimetrə, küləyin sürəti 20-28 metr/saniyə arasında dəyişir. Mart ayında belə hava şəraitinin hökm sürməsi daha çox qaz sərfiyyatı yaradıb. Bu da öz növbəsində illik limitin daha tez bitməsinə səbəb ola bilər.

Maraqlıdır, bunu nəzərə alaraq, illik limitin artırılması mümkündürmü?

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, bu, Tarif Şurasının öhdəliyindədir:

"Bayram günlərində havaların soyuq olması qaza olan tələbatı artırıb. “Azəriqaz” İstehsalat Birliyi də maksimum dərəcə bu tələbatın qarşılanması üçün nə lazımdırsa, edir. Son günlər ölkə ərazisində soyuq və qarlı hava şəraiti ilə əlaqədar təbii qaz istehlakçılarının qaza olan təlabatının tam ödənilməsi ilə üçün "Azəriqaz" İB-nin qaz təchizatı şəbəkəsinə qəbul olunan təbii qazın həcmi artırılıb. Dünən 20 mart tarixində qaz təchizatı şəbəkəsinə 42 milyon kub metr həcmdə təbii qaz qəbul olunub ki, ondan da 33 milyon kub metr əhali, 9 milyon kub metr isə sənaye xətləri üzrədir. Müqayisə üçün göstərmək olar ki, ümumi şəbəkə üzrə qəbul 2021-ci ilin 20 mart tarixində qəbul olunan qaz həcmindən 13,5 milyon kub metr artıqdır. Ondan əhali xətləri üzrə 8,5 milyon kub metr artım, sənaye xətləri üzrə 5 milyon kub metr artımdır. "Azəriqaz" İB çalışır ki, təzyiq aşağı düşməsin, davamlı qazın verilməsi təmin olunsun”.

O bildirib ki, limitin azalıb- artırılması məsələsində "Azəriqaz" İB məsul qurum deyil və limitlə, tariflə bağlı heç bir səlahiyyəti yoxdur:

“Bunu Tarif Şurası müəyyən edir. Əgər "Azəriqaz" İB-dən rəqəmlər istənilərsə, dövlət qurumu olaraq, istənilən quruma təqdim etməyə hazırıq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.