Gah susuzluqdan yanan, gah da sel aparan torpaqlar: Problemi kim həll edəcək? - HƏQİQƏTƏN DƏ...

23-03-2022, 09:10           
Gah susuzluqdan yanan, gah da sel aparan torpaqlar: Problemi kim həll edəcək? - HƏQİQƏTƏN DƏ...
Son vaxtlar Kürdə suyun azalması müşahidə olunsa da, mart ayının ikinci ongünlüyündə yağan intensiv yağış nəticəsində ölkənin bir çox bölgəsində çaylarda sululuğun artması müşahidə edilib.

Bu, xüsusilə Kürün aşağı axınında çayların sululuğunun yüksəlməsinə, Kürün su səviyyəsinin və su sərfinin artmasına şərait yaradıb. Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib ki, martın əvvəllərində Kürdə su sərfi 30 m³ saniyədən aşağı idisə, artıq 100 m³saniyədən yuxarıdır:

“Bu da çayda yaranmış duzluluqla bağlı problemin xeyli azalmasına səbəb olub. Martın 1-ci yarısında olan güclü külək və dənizdə olan dalğalanma nəticəsində duzlu suların Kür boyu hərəkət edərək Salyan şəhəri və ondan yuxarıda duzluluğun 0,6-0,7 qr litrdən daha yüksək olub. Salyandan aşağıda isə 7-8 qramadək yüksəlməsinə səbəb olub. Yağıntılar nəticəsində sululuğun artması bu prosesin azalmasına səbəb olub. Kürdə suyun artması nəticəsində çayın sürəti də artmış, duzlu sular geri, dənizə doğru hərəkət etməklə çayda suyun duzluluğu xeyli azalıb. Kürün aşağı hissəsində duzluluq bir qram litr səviyyəsindədir ki, bu da su təhcizatında yarana problemlərin aradan qaldırılması üçün yaxşı şərait yaradıb".

R.Verdiyev bildirib ki, düşən yağıntılara görə yaxın aylarda çaylarda yüksək sululuqla bağlı problem olmayacaq:

"Lakin iyun-iyul-avqust aylarında çaylarda gursululuq dövründə azalması nəticəsində bu problem yenidən yarana bilər. Buna hazır olmaq lazımdır. Bunun üçün sudan istifadə zamanı qənaətli istifadəyə yer verilməli, su itkilərinin qarşısı alınmalıdır. Kürün aşağı axınında götürülən suyun miqdarı kifayət qədər az olsun ki, bu kimi problemlər daha da kəskinləşməsin”.

Qeyd edək ki, 2020-ci ildə ölkə başçısı "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Eyni zamanda, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb. Ekspertlərin rəyinə görə, Azərbaycanda qısa müddətdə lazımi addımlar atılmasa, 2030-cu ilə qədər bəzi ərazilərdə səhralaşma prosesi gedə bilər.

Mövcud problemlərlə bağlı ölkə başçısı da öz çıxışında bildirmişdi ki, bəzi su anbarlarından çıxan boru xətlərində, yaxud da su anbarlarına digər su anbarlarından daxil olan boru xətləri boyunca qanunsuz qoşmalar var:

"Yəni bu indi aşkar olunub. Çünki heç kimin vecinə deyildi, heç kimin məsuliyyətinə aid deyildi. Ona görə bu qanunsuz qoşmalar, əlbəttə, suyun ədalətli bölgüsünə də ziyan vurur. Aydın məsələdir ki, təsərrüfat sahibləri bu sudan istifadə edir. Amma o birilərinə çatmır, bir də ki, israfçılığa yol verilir. Bəzi əkin sahələrində o qədər su verilir ki, buna ehtiyac yoxdur. Ona görə burada vahid idarəetmə mexanizmi işlənməlidir".

Onu da qeyd edək ki, ötən il su qıtlığı ilə bağlı bölgələrdə əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda isə çaylarda gursululuq müşahidə edilsə də bu yay mövsümündə problemlərin yaranmayacağı demək deyil. Bunun tənzimlənməsi, əhalinin su qıtlığı ilə üzləşməməsi üçün hansı addımlar atılmalıdır? Dia.az-ın məlumatına görə, ekoloq İslam Mustafayev Cebhe.info-ya bildirib ki, son dövrlər bir tərəfdən qlobal iqlim dəyişmələri, digər tərəfdən də su istifadəçilərinin sayının, su itkisinin miqdarının artması problemlərə gətirib çıxarır:

"Uzun illərdir ki, alimlər həyəcan təbili çalırlar. Ancaq təəssüf ki, elə də təsirli tədbirlər yoxdur. İnteqrə olunmuş, birgə istifadə proqramları hazırlanmalıdır. Suyun hər damcısına, nə üçün istifadə edilir, harada itkiyə yol verilir, kim hansı məqsədlərlə götürür- bütün bunlara diqqət yetirilməlidir. Aydındır ki, təsərrüfat məqsədilə götürülür. Ancaq burada su itkisinə diqqətlə yanaşmaq lazımdır. Hazırda yağışlar yağır və Yuxarı Qafqazın cənub ətəklərində çoxlu qar yağışları müşahidə olunur. Bununla bağlı suyun miqdarında artım özünü göstərəcək. Bu artan suyun sadəcə olaraq Xəzər dənizinə axıdılmasına yol vermək olmaz. Həmin suyun müəyyən həcmlərdə anbarlarda toplanması, sonradan onun səmərəli istifadəsinə diqqət yetirmək lazımdır. Bir sözlə, hazırda suyun hər damcısına diqqətlə, qayğı ilə yanaşılmasına ehtiyac var”.

Ekoloq deyib ki, bunun üçün bütün dünyada tətbiq olunan birgə istifadə proqramlarını hazırlanması ilə yanaşı, sutoplayıcı hövzələrdə qarın miqdarı hesablanmalı, su anbarlarının tutumları optimal şəraitdə doldurulmalıdır:

“Elə doldurulmalıdır ki, həm yazda daşqınlar, həm də yayda su qıtlığı olmasın. Suyun idarə olunması böyük elmdir və onu öyrənərək tətbiq edib sudan istifadə edilməlidir".

Ekoloqun fikrincə, ehtiyat və ehtiyacı hesablamaq lazımdır: "İstənilən qədər su istifadə etmək olmaz. Mühüm məqamlardan biri də odur ki, kanalları dəyişmək lazımdır. İndiki kanallarla bağlı suyun itkiyə getdiyinin şahidi oluruq. Buna imkan vermək olmaz".

Sudan xüsusilə bir qrup şəxsin yararlanmasına gəldikdə isə ekspert bunları deyib:

"Onlara demək lazımdır ki, pul qazanırsan, çox yaxşı, qazan. Zəhmət olmasa, 200 hektar yer əkirsənsə, ona uyğun da su götür. Ancaq 200 hektarlıq əraziyə 500 hektarlıq su götürürlərsə, su itkiyə gedir. Onların kanallarına da diqqət yetirilməlidir. Onlar da sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Ancaq bütün işi elmi əsaslar üzərində qurmaq lazımdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.