Rusiya Avropaya qazı rublla sata biləcək? – Ancaq bu halda mümkün ola bilər

26-03-2022, 10:48           

“Rusiyanın qazı rublla satmaq istəyi baş tutmayacaq. Çünki bunun üçün hər iki tərəfi qane edən mexanizm olmalıdır”.

Bunu Bizim.Media-ya açıqlamasında neft-qaz üzrə ekspert İlham Şaban Avropa Kommisiyası sədri Ursula fon der Leyenin Rusiyadan alınan mavi yanacağın pulunu rublla ödəməyəcəkləri barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib:

“Bu prosesi necə başlayacağının sxemi belə nə Rusiyadan olan ekspertlərə, nə də hökumət üzvlərinə hələ ki, bəlli deyil.

Rusiya Mərkəzi Bankı qazın Avropaya rublla satılması ilə bağlı mexanizmi mart ayının 31-nə kimi hazırlamalıdır. Digər tərəfdən, Avropada Rusiya ilə yaxşı münasibətdə olan Avstriya, Almaniya kimi ölkələr və şirkətlər də qeyd edib ki, Moskvanın bu addımı qazın alqı-satqısı istiqamətində imzalanmış müqavilələrin məğzinə ziddir.

Avstriya bildirib ki, imzalanan müqavilədə ödəniş üçün ancaq bir valyuta-avro qeyd edilib. Berlin isə Rusiyanın təklifini müzakirə etmək üçün ən azından mövcud müqavilələrin müddətinin başa çatmasının vacibliyi diqqətə çatdırılıb. Əks təqdirdə, Rusiyanın atacağı bu addım birtərəfli qaydada müqavilələrin korrektə edilməsi kimi qiymətləndiriləcək.
Bu da onu göstərir ki, Rusiyanın rublla satış istəyinin reallaşması heç də asan olmayacaq.

Məhsulu istənilən valyuta ilə satmaq olar. Ancaq məsələ ondadır ki, bunun üçün hər iki tərəfi qane edən mexanizm olmalıdır.

Satanla alıcı arasında ticari münasibətlər birtərəfli ola bilməz. Bu mənada Avropa Kommisiyasının sədri Ursula fon der Leyenin sanksiyalara zidd olduğunu əsas gətirməklə Rusiya qazının pulunu rublla ödəməyəcəkləri barədə səsləndirdiyi fikri onu deməyə əsas verir ki, Moskvanın bu niyyətinin reallaşması asan başa gəlməyəcək”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya qazının Avropaya yalnız rublla satılması barədə göstəriş verib.

Avropa Kommisiyasının sədri Ursula fon der Leyen isə məsələyə münasibət bildirərkən Aİ-nin Rusiya qazının pulunu rublla ödəməyəcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara ziddir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.