Elan saytlarında dələduzların qurbanı olanlara XƏBƏRDARLIQ – Bunları etməyin!

26-03-2022, 11:15           
Elan saytlarında dələduzların qurbanı olanlara XƏBƏRDARLIQ –
"Bu gün "Lalafo" da fırıldaqçılar bizi aldatmağa çalışdı. Siz də ehtiyatlı olun, alacağı malın ödənişini kart vasitəsilə etmək istəyənlə alıcılara heç nə satmayın".

Bu tipli xəbərdarlıq və şikayətləri demək olar ki, sosial şəbəkələrdə tez-tez görmək mümkündür. Online şəkildə alış-verişin geniş hal aldığı bir zamanda təəssüf ki, bu üstünlüyü öz mənfəətinə uyğun şəkildə istifadə etməyə çalışan çox dələduzlar var.

Digər sosial şəbəkə istifadəçisi Nərmin Vəliyevanın sözlərinə görə isə göndərilən link vasitəsilə də hesablarından pul çəkilib:

"Lalafo”da elan qoydum. Bir nəfər mənə elanla bağlı yazdı ki, məhsulu alıram. Sonra "Lalafo”dan link atdı, soruşdu ki, "kartınız var?”, mən də var, dedim. Həmin linkdə "Lalafo” mənim kart məlumatlarımı istədi. Bundan sonra məndən 1000 azn pul çıxıldı. Pulumu geri almaq üçün nə edə bilərəm?”.

Məsələ ilə bağlı Bizim.Media olaraq "Lalafo" saytı ilə əlaqə saxlamağa çalışdıq. Operatorlar bizə saytın Azərbaycandakı meneceri olan Pavel Kiryaginin əlaqə nömrəsini verdilər. Nömrə ilə əlaqə saxlasaq da zəngimiz cavabsız qaldı.

Bəs zərərçəkmiş şəxslər itirilmiş vəsaitlərinin geri qaytarılması üçün hara müraciət edə bilərlər?

Sualımızı Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz cavablayıb. Onun sözlərinə görə, zərərçəkən ilk növbədə kartın aid olduğu bankla əlaqə saxlamalı, hadisə haqqında xəbərdarlıq etməlidir:

"Kartdan vəsaitin oğurlanması ilə bağlı aid olduğu banka məlumat verilməli həmçinin kart hesabı dəyişdirilməlidir. Daha sonra hüquq-mühafizə orqanlarına şikayətlərini bildirməlidirlər ki, dələduzlar tapılaraq cəzalandırılsınlar.


Həmçinin vətəndaş diqqətli olmalıdır ki, ona göndərilən link, alış-satış etdiyi her hansı resursdu, domeni nədir, nə zaman yaranıb, kimdir və orada hansı işlər aparılır. Vətəndaş pul verməzdən öncə "Google”da qısa bir araşdırma aparmalıdır. Əgər o hansısa təhlükə ilə üzləşibsə, burada artıq aidiyyəti qurumlara müraciət etməlidir. Metodiki kömək, yaxud informasiya dəstəyi lazım olarsa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik xidmətinə də müraciət edə bilərlər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.