Azərlotareya kasıbın cibinə necə girir? - FOTOLAR

30-03-2022, 09:58           
Azərlotareya kasıbın cibinə necə girir? - FOTOLAR
Son zamanlar ölkədə “Poz, qazan” ani lotereya oyunu xeyli məşhurlaşıb. Hər gün avtobus dayanacaqlarında, metro çıxışlarında satılan “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” ani lotereyaları xüsusilə kasıb təbəqədən olan vətəndaşların aldığının şahidi oluruq.

Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insan auditoriyası yığmağa nail oldu. Qeyd edək ki, bu oyunlar “Azərlotereya” ASC tərəfindən keçirilir.

Ekspertlər bildirir ki, vətəndaşlar müxtəlif yollarla aldadılır, onlara ümid verilir. Onlara külli miqdarda pul udacağı deyilsə də nəticə etibarilə burda tək bir udan var, o da bu xidməti göstərən təşkilatdır. Düzdür, burda uduşlar da olur, kimlərsə hansısa məbləği qazanırlar, amma ümumi götürdükdə vətəndaşlar kiçik həcmdə çoxlu sayda vəsait itirirlər. Təəssüflər olsun ki, onların ümidləri çox vaxt doğrulmur, nadir hallarda şans kimlərinsə üzünə gülür.

Qeyd etdiyimiz kimi, bu oyuna mübtəla olanların sayı günü-gündən artır. Təəssüf ki, cibindəki son qəpiyi lotereya oyununa verib, əvəzinə heç nə qazanmayan insanlar az deyil. Bu oyunla bağlı sərt tədbir görülə bilərmi?

“Azərlotereya” istəyirsə şəffaf fəaliyyət göstərsin və insanları aldatmasın, ani lotereyalar üzərindən o rəqəmlər götürülməli, tam identik bir lotereya kuponu buraxılmalıdır”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, lotereyaların iki növ olur – ani və tirajlı: “Poz qazan” ani lotereyadır. Ani lotereyada uduş həmin anda müəyyən olunur və vətəndaş uduşunu yerindəcə ala bilir. Azad İstehlakçılar Birliyi 18 il öncə lotereya bazarını ciddi tədqiq edib. Vaxtilə Azərbaycanda 23 lotereya şirkəti var idi. Kütləvi surətdə insanları aldadırdılar. Biz ani lotereyada insanları necə aldatdıqlarını müəyyən etdik. Ani lotereya kuponları bir-birindən fərqlənməməlidir, hamısı identik olmalıdır. Lakin bu lotereya kuponlarının arxasında bir rəqəm var, o rəqəmlə onlar fərqlənirlər. Həmin ani lotereyaların çapını sifariş edən fiziki və ya hüquqi şəxsə məlum olur ki, hansı nömrədə hansı rəqəmin üstü bağlanıb. Yəni uduşlu lotereya kuponları əvvəlcədən sifarişçiyə məlum olur, onları istəsə götürə, istəsə götürməyə bilər və s. Bu da istehlakçıların kütləvi surətdə aldanmasına gətirib çıxarır. AİB bununla bağlı tədiqat apardı və dövlət orqanları qarşısında məsələ qaldırdı. 23 şirkətin bağlanmasına nail olduq. Bundan sonra “Azərlotereya” ASC yarandı və hesab edildi ki, daha şəffaf bir iş görüləcək. Lakin “Azərlotereya” da həmin aldatma üsulunu etməyə başladı. Biz yenə də dövlət qarşısında məsələ qaldırdıq. “Azərlotreya”da ani lotereyalarda həmin rəqəmi götürdülər. Bu günlərdə mənə göstəriblər ki, “Azərlotereya”nın “Poz qazan” lotereyalarında kuponların arxasında rəqəmlər var, bir-birindən fərqlənirlər və öncədən məlumdur. Kuponların üzərindən o rəqəmlər mütləq götürülməlidir. Başqa bir aldatma üsulları varsa AİB onu da axtarıb tapacaq. Birmənalı şəkildə “Poz qazan” lotereyasında insanları aldadırlar. Üstəlik, mən dəfələrlə tirajlı lotereyanın oyun komissiyasına çağrılırdım. Gördüm ki, komissiyada oturan insanların orda heç bir hüquqi əsası yoxdur. Onlar uduş fondunu, nə qədər lotereya bileti satılıb, nə qədəri qalıb, bunu müəyyən etmirlər, heç bir əsasnamə yoxdur.

Bir sözlə, “Azərlotereya” istəyirsə ki, şəffaf fəaliyyət göstərsin və insanları aldatmasın, ani lotereyalar üzərindən o rəqəmlər götürülməli, tam identik bir lotereya kuponu buraxılmalıdır. Necə ki, bir müddət bunu etdilər. Həmçinin uduş komissiyasında oturan və televiziyaya çağırılan ictimai-siyasi, mətbuat xadimlərinə bir səlahiyyət verilsin ki, bu işləri görmək üçün hüquqları olsun”.
azinforum.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.