4 nəfərlik ailənin dolanması üçün nə qədər pul lazımdır? -
31-03-2022, 12:47

Bu il Azərbaycanda orta aylıq əmək haqqının ötən illə müqayisədə 0,5% artaraq 811 manata çatması gözlənilir.
Bu barədə “Deloitte” şirkətinin hesabatında bildirilir.
"Bu ildən Azərbaycanda maaşların minimum həddi 250 manatdan 300 manata çatdırılıb. Bu islahatın gələcək illərdə orta maaşın artmasına səbəb olacağı gözlənilir. 2023-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı artımının 0,2%, 2024-2025-ci illərdə isə 0,8% artaraq müvafiq olaraq 992 manat, 1 058 manat və 1 143 manat olması ehtimal edilir", - deyə sənəddə qeyd olunub.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda orta aylıq nominal əmək haqqı 724 manat olub. Bu, 2020-ci ilə nisbətən 2,9% çoxdur. Bakı şəhəri üzrə bu ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.
Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 974,7 manat təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayının sonuna paytaxtda orta aylıq nominal əməkhaqqı 948,9 manat olub. Bu gün ölkə üzrə orta aylıq nominal əmək haqqı 700 manatdan yuxarı göstərilsə də, rəsmi olaraq çalışan vətəndaşların heç də hamısı bu maaşı ala bilmir. Həmin məbləği alsalar belə, həmin maaşdan sosial müavinət ödəyirlər ki, nəticədə 650 manat maaşla kifayətlənməli olurlar. Hazırda isə beynəlxalq təşkilatlar qarşıdakı dövrdə ərzağın daha da bahalaşacağı ilə bağlı xəbərdarlıq edirlər. Belə olan təqdirdə əmək haqqının 1000 manatdan yuxarı olması ailənin dolanışığını nə dərəcədə təmin edə biləcək?
Ümumiyyətlə, orta statistik bir ailənin normal yaşaması üçün ayda nə qədər vəsait lazımdır?
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, Azərbaycanda ilk növbədə əmək haqqının hesablanma qaydaları dəyişməlidir:
“Ölkəmizdə statistik məlumatlar hesablanarkən müxtəlif iş və peşə istiqamətləri üzrə orta aylıq əmək haqqı hesablanır. Sonra onlar toplanıb həmin istiqamətlərin sayına bölünür. Əvvəllər 10 istiqamət üzrə belə hesablamalar aparılırdı. Məsələn, neft, bank sektoru üzrə bir cür hesablanır. Sonradan büdcə təşkilatlarına keçilir, məsələn, müəllim, həkimlər üzrə hesablanır. Sonradan onun cəmi istiqamətlərin cəminə bölünür. Bu, doğru hesablama qaydası deyil. Çünki bank sektorunda maaşlar yüksəkdir, ancaq cəmi 8 min işçi çalışır. Yaxud neft sektorunda maaşlar çox yüksəkdir, cəmi 50 min insan çalışır. Ancaq müəllimlərin maaşları çox aşağıdır, orada 300 minə yaxın insan çalışır. Yəni burada insanların sayı və işlədikləri sahələr üzrə ayrı-ayrılıqda hesablamaların aparılması daha doğrudur. Bu, ümumi mənzərəni daha aydın görməyə imkan verər. Ona görə orta əmək haqqı ilə bağlı statistik məlumatlar sadəcə bir iqtisadi kateqoriya kimi bəzi hesablamaların aparılmasında önəmlidir. Ancaq bunun reallığı əks etdirdiyi demək deyil”.
Ekspertin fikrincə, burada ikinci məsələ isə odur ki, əmək haqqı 2024-2025-ci ilə qədər arta bilər: “Ancaq bunun səbəbləri haqqında müxtəlif versiyalar mövcuddur. Ola bilər ki, 1-2 ildən sonra Azərbaycanda manatın bir az dəyərdən düşməsi baş versin və ona uyğun olaraq da maaşlar indeksləşdirilsin. Bu, real alım gücü ilə bağlı məsələyə aydınlıq gətirmir. Burada maaşınn hansı səviyyədə olmasından çox, inflyasiyanın, real alım gücünün hansı səviyyədə olması önəm kəsb edir. Maaşları bu gün iki dəfə də artıra bilərlər. Əgər inflyasiya, qiymətlər iki dəfə artacaqsa, o maaşların artmasının nə xeyri var? Bu nöqteyi-nəzərdən inflyasiya da nəzərə alınmalıdır. Azərbaycanda 2020-ci ildən başlayaraq inflyasiya sürətlənib. İndi də qiymət artımı çox yüksəkdir. Ona görə də vətəndaşların maaşlarının alım gücü azalıb. Yəni manatın məzənnəsi yerində qalsa da, alıcılıq qabiliyyəti aşağı düşüb. Rəsmi rəqəmlərə görə belə, 1000 manat maaşla 4 nəfərdən ibarət bir ailənin dolanması mümkün deyil. Çünki istehlak zənbilini hesablasaq, 4 nəfərlik orta statistik ailədə 2 nəfər böyük, 2 uşaq götürsək, bu, 1000 manatdan çox edir. Yəni bizdə 4 nəfərlik ailənin orta statistik dolanışığı üçün 1600-1800 manata ehtiyac var”.