“Azərpoçt” MMC haqqında yayılan ittihamlara cavab verib.
7-04-2022, 15:57

Teref.az saytında gedən "Azərpoçt istehlakçı hüquqlarını necə pozur? Mərkəzi poçt saat 20-yə qədər xidmət göstərir , yoxsa 19-a?" adlı vətəndaş şikayətinə “Azərpoçt” MMC-nin operativ cavabını təqdim edirik.
Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC haqqında yayılan əsassız ittihamlara cavab verib.
Qurumdan bildirildi ki, “Azərpoçt” MMC heç bir halda ölkədən göndərilən və ölkəyə daxil olan məktubları açmır və yoxlamır, qeyd olunan ittiham tamamilə əsassıdır.
“Poçt rabitəsi xidmətlərinin göstərilməsi” qaydalarına əsasən, “Azərpoçt” şöbələrində sadəcə ölkədən göndərilən bağlamalar göndəricinin iştirakı ilə birlikdə yoxlanılaraq, qablaşdırılır və göndərişə təqdim olunur. Eyni zamanda ölkəyə daxil olan poçt göndərişləri alıcının iştirakı və razılığı ilə “siyahı ilə” qeydi adı altında açılır, yoxlanılaraq alıcıya təhvil verilir; Alıcı “siyahı ilə” qeydi ilə daxil olan poçt göndərişinin açılmasından imtina etdikdə, göndərişin yalnız çəkisi yoxlanılmaqla, poçt göndərişi ona “Açılmadan imtina etdi” qeydi etməklə verilir. Sonuncu qaydanın məqsədi poçt göndərişlərinin qaydasında olub-olmamasını müəyyənləşdirməkdir.
“Azərpoçt”un iş rejiminə gəldikdə isə, pandemiyadan əvvəl qurumun şöbələri həftəiçi beş gün axşam saat 20:00-a qədər çalışırdı. Lakin pandemiya ilə bağlı olaraq, iş saatı 19:00-a qədər azaldılıb və bu barədə həm “Azərpoçt” MMC-nin rəsmi veb-səhifəsində, həm də şöbələrin giriş qapılarında məlumatlar yerləşdirilib.
Gecikən poçt göndərişləri ilə bağlı isə, deyə bilərik ki, bu gecikmələr birbaşa “Azərpoçt”dan deyil, həmçinin digər ölkənin poçt və gömrük işinin təşkilindən də birbaşa asılıdır.
Üç əsrlik tarixə malik “Azərpoçt” MMC 1500-ə qədər şöbəsilə bu gün ənənəvi poçt xidmətlərinin icrası ilə yanaşı, maliyyə,“Logistika” və “Retail” xidmətləri də göstərərək ölkə vətəndaşları üçün sadalananların əlçatanlığını təmin edir.
Afaq Ibrahimova
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, "Azərpoçt" MMC