Səlim Müslümov keçmiş komitə sədrinin qardaşının nazı ilə oynayır? - İDDİA

15-04-2016, 13:13           
Səlim Müslümov keçmiş komitə sədrinin qardaşının nazı ilə oynayır? - İDDİA
Məlum olduğu kimi bir müddət əvvəl Biləsuvar rayonunda fəaliyyət göstərən Əhalinin Sosial Müdafiə Mərkəzinin keçmiş direktoru Xalid Rüstəmov öz işində yol verdiyi ciddi qanun pozuntuları səbəbindən tutduğu vəzifədən azad olunmuş, onun yerinə isə, Nazim Məmmədov təyin edilmişdir. DİA.AZ bildirir ki, Nazim Məmmədov ötən il ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədovun qardaşıdır. Təbii ki, ölkədə gedən islahatların, rüşvət və korrupsiya hallarının aradan qaldırılması istiqamətində atılan qəti addımların fonunda, Biləsuvar sakinləri də ƏSMM rəhbərliyinin dəyişdirilməsinə böyük ümidlər bəsləmişdilər. Lakin, hətta aradan keçən bu qısa müddət belə, gözləntilərin özünü doğrultmayacağı qənaətinə gəlmək üçün bütün əsasları vermiş oldu.

Bu gün yerli mənbələrdən dia.az-a təqdim olunan açıqlamalarda bildirilir ki, Biləsuvar ƏSMM-nin direktorunun əvəzlənməsi qurumun işində heç bir müsbət dəyişikliyə səbəb olmayıb. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, ƏSMM-nin yeni rəhbərliyi tərəfindən tətbiq olunan üsullar nəticəsində bu gün də rayonun aztəminatlı vətəndaşları olduqca sıxıntılı durum yaşamaqdadırlar. İddialara görə, plastik kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması təcrübəsi eynilə mərkəzin keçmiş rəhbərliyi dövründə olduğu kimi, bu gün də Nazim Məmmədov tərəfindən geniş tətbiq edilir. Məhz bu yolla Biləsuvar ƏSMM-nin yeni direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir.

Bu şərtlərlə razılaşmayıb dövlət tərəfindən ayrılan yardımı tam həcmdə almaq hüququ uğrunda mübarizə aparanlar isə, o dərəcədə süründürməçiliklə üzləşirlər ki, bir çoxları nəhayətdə yardımdan imtina etmək barədə qərar verməli olurlar. Hətta məlumatlarda bu da bildirilir ki, Nazim Məmmədov direktor vəzifəsinə təyinat alandan dərhal sonra rəhbərlik etdiyi mərkəzdə rüşvət bazarını daha da genişləndirməyə başlayıb. Belə ki, yeni direktor daha çox rüşvət toplamaq üçün hətta mərkəzdə ünvanlı sosial yardıma aidiyyaatı olmayan digər şöbələrin işçilərini də vətəndaşlardan ünvanlı sosial yardım sənədlərini qəbul etmək və rüşvət toplamaq işinə cəlb edib. Əlbəttə, bütün bu məlumatlar ciddi araşdırmaların aparılmasını tələb edir.

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.