Gecə-gündüz tarifinə keçilmirsə: “Limit ləğvi edilsin” - ÇAĞIRIŞ

13-05-2022, 17:33           
Gecə-gündüz tarifinə keçilmirsə: “Limit ləğvi edilsin” - ÇAĞIRIŞ
Tarif (Qiymət) Şurasının “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli qərara dəyişikliyinə əsasən, ölkədə 2021-ci il 1 iyul tarixdən etibarən elektrik enerjisi üzrə yeni gecə və gündüz tarifləri müəyyən edilib.

Hazırda təbii qazla bağlı isə ölkədə tariflər olduğu kimi qalır, hətta limitin tətbiqi də qüvvədədir.

“Azəriqaz”ın da “Azərişıq” kimi gecə-gündüz tarifinə keçməsi əhalinin sosial vəziyyətinə təsir göstərəcək mühüm amillərdəndir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev isə bununla bağlı bildirib ki, “Azəriqaz” İstehsalat Birliyinin buna texniki imkanı yoxdur:

“Buna ilk növbədə sayğaclar imkan verməlidir. Biz ancaq bu gün hələlik illik limit ətrafında bu işləri həyata keçirə bilirik. Gecə-gündüz tarifinə keçmək üçün ilk növbədə sayğaclar “ağıllı” olmalıdır və onlardan kənardan onlayn məlumat götürülməlidir. Belə çıxır ki, biz hər gün sayğacların oxunuşunu həyata keçirməliyik? Bunun üçün səhər də, axşam da sayğaclar oxunmalıdır. Bu da mümkünsüz bir haldır. Hazırda buna keçid üçün texniki hazırlıq da yoxdur. Hələlik mövcud tariflə satışı həyata keçiririk”.

Qeyd edək ki, “Azəriqaz” rəhbərinin sözlərinə görə, artıq 50 minə yaxın sayğac sistemə salınıb və hazırda adi mexaniki tipli sayğacın üzərində “ağıllı” qurğu quraşdırılır. Onun kənardan oxunuşu və qazın verilişinin dayandırılması artıq təcrübəmizdə var. Biz 2021-ci ildə “pilot layihə” kimi bu işlərə başlamışdıq. Artıq bu sistem istismara verilib. Bu il isə biz bu sistemi daha da genişləndirmək istəyirik. SOCAR rəhbərliyi ilə ilkin razılaşma da var. Düşünürük ki, bu il 300 min abonentin sayğacı “ağıllı” smart qurğularla təmin ediləcək”. Beləliklə, hazırda “Azəriqaz” rəhbərliyi gecə-gündüz tarifinə keçməsini texniki imkanların olmaması ilə əlaqələndirsə də fakt odur ki, təbii qaz ölkəsi kimi tanınan Azərbaycanda, nəinki bu tarifə keçilmir, hətta limit də tətbiq edilir.

Maraqlıdır, ölkənin resursları vətəndaşların sosial vəziyyəti üçün hesablanmır? Teref.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, “Azəriqaz”ın gecə-gündüz sisteminə keçməsi ilə bağlı sayğacların ayrıca hesabat aparmağa texniki imkanı yoxdur:

“Bunun üçün yeni sayğaclaşma sisteminə keçmək lazım olacaq. Çünki nədənsə “Azəriqaz” elektron sayğaclardan köhnə sayğaclara keçmişdi. Bu da ciddi suallar doğurmuşdu ki, nəyə görə “smart kart” sistemindən imtina edib köhnə sayğaclara keçilib və bu isə texniki imkanları məhdudlaşdırır. Çünki mexaniki sayğaclarda tariflərin ayrı-ayrı hesablanması mümkün deyil. Ancaq bu, vətəndaşın günahı deyil. Bu elə “Azəriqaz”ın işi doğru planlaşdırmamasının nəticəsidir ki, belə bir vəziyyət yaranıb”.

Ekspertin fikrincə, ikinci məsələ ondan ibarətdir ki, tariflərlərdən əlavə heç olmasa limitlərlə bağlı qərar verilməlidir:

“Limitlərin ləğvi ölkədə çox aktual bir məsələdir. Azərbaycanda qaz hasilatının artdığı bir dövrdə limitlərin qoyulmasına, limiti keçdikdən sonra daha baha qaz satılmasına ehtiyac yoxdur. Ölkədə əhalinin sosial vəziyyətini, alıcılıq qabiliyyətini də nəzərə almaq lazımdır. Bu gün sosial vəziyyət yaxşı deyil, alıcılıq qabiliyyəti aşağı düşüb, ölkədə çox ciddi inflyasiya, qiymət artımı var. Ancaq tariflərlə bağlı məhdudiyyətlərin qoyulması, normaların müəyyənləşməsi əhalidə ciddi narazılığa səbəb olur. Ona görə də gecə-gündüz tariflərinə keçə bilmirlərsə, heç olmasa limitlərin ləğvi ilə bağlı məsələ qaldıra bilərlər”.

Ekspertin sözlərinə görə, Azərbaycanın iqtisadi baxımdan, resurs olaraq da imkanları var ki, qazın qiymətləri daha aşağı olsun:

“Ölkədə qazın, elektrik enerjisinin və benzinin qiyməti xarici ölkələrdən daha ucuz olmalıdır, ona görə ki, Azərbaycanın özünün belə resursları var. Xaricdən almırıq və xaricdəki qiymət dəyişikliyindən asılı deyilik. Ona görə də bu istiqamətdə qərarla insanların sosial rifahına ciddi müsbət təsir etmiş olarlar. Ancaq düşünmürəm ki, yaxın zamanlarda belə bir qərarın alınmasının şahidi ola biləcəyik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.