Borc içində olduğu bildirilən ADY xarici ölkələrə kömək edirmiş

14-05-2022, 00:04           
Borc içində olduğu bildirilən ADY xarici ölkələrə kömək edirmiş
Artıq iki ildən çoxdur ki, Bakı – Balakən sərnişin qatarı işləmir. Əvvəllər bunun pandemiya ilə bağlı olduğu bildirilirdi. Lakin şəhərlərarası avtobus reysləri işə salınandan sonra Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı açıqlama verdi ki, sərnişin qatarlarının işləməməsi pandemiya ilə əlaqəli deyil .
Sonralar ADY rəhbərlərinin çıxışından belə anlaşılırdı ki, ADY-nin xeyli borcu var, dəmir yol xətlərində problemlər var, yenilənmələr aparılmalıdır, nə zaman başa çatacağı ilə bağlı da heç bir ağlabatan açaqılamalar verilməyib.
Bəs görəsən səbəb nədir ?
Ötən gün Azərbaycan Dəmir Yolu QSC-nin departament rəhbəri Emil Əhmədov maraqlı bir açıqlama verib. O, son zamanlar Gürcüstan və Azərbaycan arasında yükdaşımalarda yaranan problemin Gürcüstan tərəfin mövcud dəmir yol infrastrukturunun zəif olması ilə izah edib.
Yəni hazırda Azərbaycandan Gürcüstana doğru TIR növbələri ilə yanaşı qatarların da tıxacının yaranmasını Gürcüstanın imkanlarının yetərli olmaması ilə izah edib.
Maraqlı məqam odur ki, Emil müəllim vəziyyətdən çıxış yolu üçün təcili olaraq Gürcüstana köməklik göstərdiklərini, çox sayda elektrovozlar və lokomativlər icarəyə verdiklərini bildirib.
Deməli, buradan belə qənaətə gəlmək olar ki, ADY investisiyanı qonşu ölkələrin infrastrukturuna yatırdığından daxili xətlərin bərpasına vəsait çatışmır.
Anlaşılmazdır. İki ildir ki, bu təbii inhisar subyekti sərnişin daşınmasını dayandırıb.
Xətlərin yenilənməsi üçün heç bir yenidənqurma işləri aparmır, bununla əlaqəli heç bir ağlabatan məlumat vermir. Xatırlayıram ki, bir müddət öncə Asiya İnkişaf Bankı da ADY-nın borc içərisində olması haqqında Hesabat paylaşmışdı.
Amma ADY yükdaşımalarda problemi olan Gürcüstana kömək əlini uzadır .
Bunu necə anlamaq olar ?
Belə çıxır ki, bir neçə uğurlu beynəlxalq layihəni gerçəkləşdirən, yükdaşımalarda aktivlik göstərən qurum sərnişindaşımanı ümumiyyətlə bir kənara atıb .
Düşünürəm ki, bütün bunlar doğru bir yanaşma deyil. Aidiyyatı qurumlar bu məsələyə diqqət yetirməlidir.
Bəlkə ADY-ni özəlləşdirməyə çıxarmaq doğru olardı ?
Bildiyim qədər Antiinhisar Dövlət Xidməti də Azərbaycan Dəmir Yollarına qarşı antiinhisar qanunvericiliyin pozulması ilə bağlı iş qaldırıb.
Ümid edirəm bu məsələ diqqətdə saxlanacaq.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.